Ermənistan. Əlili yardımdan məhrum ediblər
Birinci qrup əlillik dərəcəsi olan Seryoja Tadevosyanı sosial xidmət işçiləri yoxsulluq müavinətindən məhrum ediblər. Erməni mətbuatı yazır ki, buna səbəb Tadevosyanın Rusiyada yaşayan övladlarını evindən qeydiyyatdan çıxarmaqdan imtina etməsi olub. İş orasındadır ki, qohumların qeydiyyatdan çıxarılması yardımın alınması üçün lazım olan balları azaldacaq.
Sosial yardım xidmətinin Gümridəki “Gümri-1” sahə şöbəsinin rəhbəri Artaşes Yeqoryan isə bu xəbəri təkzib edərək bildirir ki, Seryoja Tadevosyan 2016-cı ilin sentyabr ayından qeydiyyata gəlmədiyi üçün 18 min dram (40 dollardan az) həcmində yardımdan məhrum edilib.
Qüvvədə olan qaydaya əsasən, yardım alan vətəndaş ildə bir dəfə qeydiyyatda keçməlidir, əks halda o, sosial yardımdan yararlana bilməz. Yeqoryan qeyd edib ki, Tadevosyan gəlib müvafiq sənədləri təqdim etsə, yardım bərpa olunacaq.
Seryoja Tadevosyanın başına gələnlər hələ bir neçə ay əvvəl geniş müzakirə olunub, həmin vaxt “Facebook” istifadəçilərindən biri Gümridən olan taksi sürücüsünün şəklini yerləşdirərək, onun haqqında məlumat verib. Tadevosyanın ayaqları yoxdur, taksini də özünün icad etdiyi və öz əlləriylə düzəltdiyi qurğunun köməyiylə idarə edir. Dərmana pul qazanmaq başqa yolu yoxdur.