Bakıda bloqqer mühakimə olunur
17.00, 10.01.2017
Məhkəmə Mehman Hüseynova polisin əmrinə tabe olmadığına görə cərimə tətbiq edib.
Mehman Hüseynov tutulmağı barədə bunları danışır:
“Dostlarımdan ayrıldım, on metrə getməmiş, səkkiz nəfər şəxs üstümə cumaraq, başıma torba keçirdilər, parça ilə ağzımı bağladılar, gözümü bağladılar, nəfəs ala bilmirdim, elektroşokerlə ayağıma vurublar. Maşına saldılar, başımı aşağı əydilər.
Məni apardılar, amma bilmirəm hara. Bu vəziyyətdə nə nəfəs ala bilirdim, nə də hərəkət edə, üç saat məni başı aşağı torbalı vəziyyətdə saxladılar. Sonra məni apardılar Nəsimi rayon polis idarəsinin rəis müavinin yanına. O, mənim gözlərimi, ağzımı açdı, mən rəis müavinini tanıyandan sonra huşumu itirdim, yerə yıxıldım.
Mən yıxılandan sonra rəis müavini dedi ki, gətirin buna su vurun. Suyu vurublar, heç nə danışmırdılar, sadəcə təhqir edirdilər ki, niyə sən bu işlə məşğulsan, yəqin fəaliyyətimi nəzərdə tuturdular. Mən yarı huşsuz vəziyyətdə olanda kimsə mənim əlimi qaldırıb, adımdan harasa imza atdı. Özümü pis hiss elədiyimə görə, rəis müavini dedi ki, aparın bunu kameraya və təcili yardım çağırın. Mənə iki iynə vurdular – biri keyidici idi, biri də yuxu gətirən. Səhərə qədər yatdım, səhər də oyatdılar ki, məhkəməyə gedirik. Məndən heç bir ifadə almayıblar”.
Mehman deyir ki, məhkəmə başlayandan dörd saat əvvəl serjantlarla olub və normal söhbət ediblər. Məhkəmə iclası başlayanda onlar Mehmanın əleyhinə ifadə veriblər və bildiriblər ki, dünən Mehman onlarla dalaşıb. “Yaxşı ki, hakim belə öz insanlıq hissini itirməyib, özü də gülürdü onlara”, – bloqqer deyir. Nəticədə məhkəmə ona 200 manat məbləğində cərimə kəsib. Mehman da həmin cəriməni ödəməyəcəyini deyir.
10.01.2017
Yoxa çıxmış Mehman Hüseynovun bu gün səhər Nəsimi rayon məhkəməsinə aparıldığı məlum olub. Vəkil Elçin Sadıqovun bildirdiyinə görə, bloqqer polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılır. Məhkəmə prosesi gündüz saat 3-ə təyin edilib.
09.01.2017
Bakıda məşhur bloqqer Mehman Hüseynov itkin düşüb, o özünün “Facebook”dakı “Sancaq” səhifəsində hakimiyyəti kəskin tənqid etməklə tanınır. Axşam saat səkkizə qədər Mehman dostları ilə olub, sonra da həmkarı ilə görüşü olmalıydı, amma həmin görüşə gəlib çıxmayıb. Polis şöbələrində axtarış heç bir nəticə verməyib. Polis Hüseynovun itkin düşməsi haqqında ərizəni qəbul edib.
Bloqqerin dostu Ülvi Həsənli bildirir ki, beş nəfər mülki geyimli şəxsin Mehmanın ağzını tutub, maşına basdıqlarını görən şahidlər var.
Bu yaxınlarda Hüseynov yaydığı bir neçə video və fotoşəkildə Azərbaycan parlamenti deputatlarının villalarını göstərib. Bu videoda o, bloqqerin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başçısına məxsus olduğunu iddia etdiyi tikilməkdə olan villanı nümayiş etdirir.
- Buna qədər də bloqqerin polislə problemləri olub – 2012-ci ildə onu xuliqanlıqda ittiham ediblər, hətta cinayət işinə də başlanılıb.
- 2015-ci ildə bloqqer bildirib ki, hakimiyyəti tənqid etdiyinə görə ona şəxsiyyət vəsiqəsi vermək istəmirlər.
- 2013-cü ildə onu ölkədən çıxmaq istədiyi vaxt tutub, bir neçə saat ərzində dindiriblər.