Avropa Məhkəməsi jurnalist Xədicə İsmayılovanın Azərbaycan hökumətinə qarşı artıq ikinci iddiasını təmin edib
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) azərbaycanlı jurnalist Xədicə İsmayılovanın şəxsi həyata müdaxilə ilə bağlı şikayətini təmin edib. Məsələ ondadır ki, 2012-ci ildə İsmayılovanın intim həyatı ilə bağlı video internetdə yayılmışdı, prokurorluq isə bunun günahkarını üzə çıxarmamış, əvəzində jurnalist haqda şəxsi informasiyanı dərc etmişdi. Məhkəmə belə qənaətə gəlib ki, İsmayılovaya 15000 avro həcmində kompensasiya və məhkəmə xərclərinə görə 1750 avro ödənilməlidir. Bu, artıq İsmayılovanın AİHM tərəfindən təmin edilən ikinci iddiasıdır.
• Avropa Məhkəməsi Azərbaycanın 11 vətəndaşının haqlarının pozulduğuna qərar verib
Video, araşdırma, şikayət
2012-ci ildə Xədicə İsmayılova anonim təhdid məktubu alıb. Məktubda ona öz araşdırmalarını bitirməzsə, intim həyatını əks etdirən videonun yayılacağı ilə bağlı xəbərdarlıq edilib. Jurnalist araşdırmasını dayandırmayıb və video həqiqətən də internetdə yayılıb. Bundan başqa həmin ərəfədə hökumətyönlü qəzetlərdə də İsmayılovanı “qeyri-peşəkarlıqda”, “hakimiyyətə qarşı qərəzli münasibətdə” və “əxlaqsız davranışda” ittiham edən bir neçə məqalə dərc olunub.
İsmayılova öz mənzilində gizli kameralar və çəkilən materialların ötürülməsinə xidmət edən ikinci telefon xətti aşkarlayıb. Faktla bağlı istintaq başlasa da, günahkarlar ortaya çıxmayıb. İsmayılova istintaqın səmərəsizliyi ilə bağlı şikayət edib, prokurorluq isə hesabat dərc edərək, İsmayıılovanın yaxın çevrəsi də daxil olmaqla şahidlərin dindirilməsi ilə bağlı məlumat verib. Jurnalist hesab edib ki, bu hesabatda onun şəxsi həyatı ilə bağlı məlumatlar açıqlanıb (dostlarının, həmkarlarının və ailə üzvlərinin tam adları və peşələri, o cümlədən də onun şəxsi ünvanı və videoda görüntülənən şəxsin kimliyi). Yerli məhkəmələr İsmayılovanın şikayətini təmin etməyib, o da şikayətini AİHM-ə yönləndirib.
Hazırda Avropa Məhkəməsi İsmayılovaya münasibətdə Avropa İnsan Haqları Konvensiyasının 8-ci (şəxsi həyatın və ailə həyatının, yaşayış yerinin, şəxsi yazışmanın toxunulmazlığı hüququ) və 10-cu (ifadə azadlığı) pozulduğuna dair qərar çıxarıb.
Düzdür, o, hələ də ona düşən kompensasiyanı ala bilmir, çünki Vergilər Nazirliyinin tələbi ilə jurnalistin bank hesabına həbs qoyulub. Səbəb vergi borcu ilə bağlıdır. Bununla belə dövlətə “borclu olan” o özü deyil, onun həbsinə qədər çalışdığı Azadlıq Radiosunun Azərbaycan bürosudur.
Amma İsmayılovanın vəkili Fariz Namazlı bildirir ki, vergi borcu və hesabın bloklanması istənilən halda bu cür kompensasiyaların ödənməsinə və əldə edilməsinə mane ola bilməz.
Hazırda AİHM-də Xədicə İsmayılovanın bir neçə başqa şikayətinə də baxılır.