Sülh fəalına 15 il həbs: "Bu, sadəcə Bəhruzun həbsi deyil, bir rejimin portretidir"
Bəhruz Səmədova 15 il həbs verildi
Azərbaycanlı siyasi tədqiqatçı, sülh fəalı və doktorant Bəhruz Səmədov 15 il azadlıqdan məhrum edildi. O, dövlətə xəyanətdə ittiham edilir, vəkilinin sözlərinə görə isə günahı sübuta yetirilməyib.
Qərar iyunun 23-ü Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilib. Dövlət ittihamçısı əvvəlki prosesdə Bəhruz üçün 16 il həbs cəzası tələb etmişdi. Məhkəmə qərarından əvvəl, Bəhruz Səmədov həbsinə etiraz olaraq ölüm aclığına başlamış, daha sonra intihara cəhd etmişdi.
“Meydan TV”-yə danışan nənəsi Zibeydə Osmanova bildirib ki, o, son anda dustaq yoldaşı tərəfindən xilas edilib.
Bəhruz Səmədov 1995-ci ildə Bakıda anadan olub. O, Karlov Universitetində siyasi elmlər üzrə doktorantura təhsili alır və son illərdə Azərbaycanın siyasi sistemi, avtoritar meylləri və Qarabağ münaqişəsi ilə bağlı sülh yönümlü mövqeyi ilə tanınıb. Onun məqalələri “OC Media”, “Eurasianet”, “OpenDemocracy”, IWPR və digər beynəlxalq platformalarda yayımlanıb.
2020-ci ildən etibarən Qarabağ müharibəsinə və onun nəticələrinə qarşı çıxan, sülh və birgəyaşayışı müdafiə edən mövqeyinə görə rəsmi media tərəfindən “xəyanətkar” və “ermənipərəst” kimi təqdim olunub.
- Azərbaycanda gənc politoloq dövlətə xəyanətdə ittiham olunur
- Sülh fəalı Paşinyana: “Mənimlə Ermənistan kəşfiyyat orqanları arasında əməkdaşlığın olmaması haqda bəyanat verin”
- Sülh məhbusu: “Yaşasın sülh! Yaşasın xalqların qardaşlığı!”
2024-cü ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ailəsinin verdiyi məlumata görə, saxlanılma zamanı evdə axtarış aparılıb, kompüteri və şəxsi sənədləri götürülüb. Həmin vaxtdan sonra ailəsi onunla iki gün müddətində əlaqə saxlaya bilməyib.
Səbail Rayon Məhkəməsi Bəhruz barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başladıb və 4 aylıq həbs-qətimkan tədbiri seçib. Bəhruz Səmədov özünü təqsirli bilməyib və bildirib ki, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunmasına baxmayaraq, bunu təsdiqləyən heç bir sübut təqdim edilməyib.
Fəal bildirib ki, o, müharibəyə qarşı çıxan, sülh çağırışı edən yazılarına görə cəzalandırılır. DTX-da saxlanma dövründə psixoloji və fiziki təzyiqlərə məruz qaldığını da qeyd edib.
“Əliyev rejimi təkcə azad düşüncəyə deyil, sülhə də düşməndir”
Bəhruz Səmədovun həbsi bir sıra yerli və beynəlxalq təşkilatlar tərəfindən pislənilib. Çexiya Xarici İşlər Nazirliyi onun işi ilə bağlı narahatlıq ifadə edib. Avropa İttifaqının Xarici Əlaqələr Nümayəndəliyinin sözçüsü Peter Stano Brüsselin bu hadisəni diqqətlə izlədiyini bildirib. “Freedom House” isə Azərbaycan hakimiyyətini Bəhruz Səmədova qarşı cinayət təqibinə son qoymağa çağırıb.

Feminist və sülh fəalı Sevinc Səmədzadə sosial şəbəkədə yaydığı paylaşımında Bəhruz barəsində belə yazır:
“Onun cinayəti casusluq deyil. Sabotaj deyil. O, müharibəyə yox dedi”.
Səmədzadəyə görə, Bəhruz sülhə inandığı üçün cəzalandırılıb.
“Bu, təkcə Bəhruzla bağlı deyil. Bu, bütün bir sistemlə bağlıdır. Əliyev rejimi təkcə azad düşüncəyə deyil, sülhə də düşməndir”, – deyə o bildirib.
Səmədzadə eyni zamanda Azərbaycan hökumətinin beynəlxalq siyasətdəki rolunu da tənqid edir. O, ölkənin İsrailə neft satmaqla Qəzzada baş verənlərə dolayı dəstək verdiyini, Rusiyaya logistik imkanlar yaratmaqla Ukraynaya qarşı müharibəyə dolayı töhfə verdiyini və daxildə sərhədləri bağlı saxlayaraq cəmiyyəti yoxsulluğa sürüklədiyini qeyd edir.
Sonda…
Bəhruz Səmədovun həbsi təkcə bir gənc alimin azadlığının əlindən alınması deyil, bu, yazanların, sorğulayanların, sülh istəyənlərin cəzalandırılmasıdır. Amma təcrübə göstərir ki, qorxunun ömrü uzun deyil və bu susqunluq mütləq qırılacaq.
Bəhruz Səmədova 15 il həbs verildi