Natiq Məmmədov özünü Azərbaycanın Berlindəki səfirliyinin qapısına zəncirlədi - Tofiq Yaqubluya görə (VİDEO)
Almaniyada Tofiq Yaqubluya dəstək aksiyası
Almaniyada yaşayan azərbaycanlı ictimai fəal Natiq Məmmədov Berlindəki Azərbaycan səfirliyi önündə Tofiq Yaqubluya dəstək məqsədi ilə etiraz aksiyası keçirib. Məmmədov özünü səfirliyin darvazasına zəncirləyib.
Natiq Məmmədov Almaniyanın Aşağı Saksoniya Sol Gənclik Təşkilatının əyalət üzrə İdarə Heyəti üzvüdür. 20 ildən çoxdur ki, Almaniyada yaşayır.
Özünü səfirliyin qapısına zəncirləyən fəal deyir ki, özünü bağladığı zəncir Azərbaycandakı siyasi məhbusları simvolizə edir.
“Mənası odur ki, orada məhbusların qolları, əlləri bağlıdır, azadlıqdan məhrum olunublar”.
“Həm azərbaycan vətəndaşı kimi, həm də bir beynəlmiləlçi olaraq Tofiq Yaqublunun mübarizəsinin yanında olmağı özümə borc bilirəm. Bilirəm, bu aksiyadan sonra Azərbaycana bir də gedə bilməyəcəm. Amma Tofiq Yaqublu ölümü gözə alıb. Bizim etdiklərimiz bunun yanında nədir ki?”
Natiq Məmmədov deyir ki, Azərbaycan hökuməti Tofiq Yaqublunun aclıq aksiyasına məhəl qoymur.
“Belə getsə, Tofiq Yaqublu həbsdən ölü çıxacaq, diri deyil. Ona görə də azadlıq tələb edirəm! Tofiq Yaqubluya azadlıq! Tofiq Yaqublu həbsdən çıxmalıdır, digər 350-dən çox siyasi məhbusla birgə. Yaşasın azadlıq!”
Etiraz polisin müdaxiləsi olmadan başa çatıb. İş saatı olmadığı üçün səfirlik əməkdaşları da ərazidə olmayıblar.
Tofiq Yaqublu haqda
Tofiq Yaqublu Müsavat Partiyası və Milli Şuranın aparıcı fiqurlarından biridir. 1992-1993-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyətində rəhbər vəzifəsində çalışıb. 1998, 2013, 2020 və 2023-cü illərdə siyasi motivli ittihamlarla cinayət məsuliyyətinə cəlb edilib. 2011, 2019 və 2022-ci illərdə isə inzibati qaydada həbs olunub. Beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.
Tofiq Yaqublu birinci dəfə 1998-ci il prezident seçkilərindən əvvəl, 12 sentyabr 1998-ci ildə Fəvvavələr meydanında baş tutan müxalifətin mitinqində həbs edilib. İstintaq müddətində həbsdə saxlanılıb, sonda Nizami Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alıb. Yaqublu bu ittihamın saxta olduğunu, siyasi sifarişlə həbs olunduğunu bildirmişdi.
Daha sonra o, 2013-cü ilin fevralında İsmayıllı rayonunda baş vermiş etirazlar əsas göstərilərək Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri əsas göstərilərək həbs edilib. Yaqublu Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən həbsi sərt tənqid edilib.
Həbsdə olduğu müddətdə qızı Nərgiz Yaqublu vəfat edib.
2016-cı ilin martından əfv sərəncamı ilə azadlığa buraxılıb.
2020-ci ilin martından isə siyasətçi Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi əsas göstərilərək həbs edilib. Hüquq müdafiəçilərinin əsassız və qurama adlandırdığı cinayət işinin istintaqının sonunda Tofiq Yaqublu Nizami Rayon Məhkəməsinin qərarı ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 2-dən etibarən ölüm aclığına başlayan Yaqublu qərarın elan edilməsindən 16 gün sonra, sentyabrın 18-də ev dustaqlığına buraxılıb.
Hazırda Tofiq Yaqublu 2025-ci ilin aprelin 1-dən etibarən başlatdığı aclıq aksiyasını davam etdirir. O, bu aksiyanı ölüm aclığı kimi elan edib.
Almaniyada Tofiq Yaqubluya dəstək aksiyası