“Nikol Paşinyanın silahlanmaya nəzarətlə bağlı söylədiyi müzakirə predmeti deyil”. Azərbaycanlı ekspertlər Ermanistan baş nazirinin bəyanları haqda
Azərbaycanlı ekspertlər Paşinyanın bəyanları haqda
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin iki bəndinin hələ də razılaşdırılmadığını” bildirib.
Hökümət başçısı onu da deyib ki, Yerevan saziş layihəsi ilə bağlı Bakıdan cavab alıb.
“Bu, artıq sülh müqaviləsinə 12-ci düzəlişdir. Sənəd Azərbaycanın bizim əvvəlki təkliflərimizə münasibətini əks etdirir. Hazırda cavab təşəbbüslərini formalaşdırmaq üçün onun təhlilini aparırıq”, – deyə baş nazir qeyd edib.
Onun sözlərinə görə, tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib və Bakı hələ ki, Yerevanın kommunikasiyaların açılması təklifinə rəsmi cavab verməyib.
“Biz öz təkliflərimizi təqdim etmişik və Azərbaycandan müsbət cavab alacağımıza ümid edirik. Söhbət iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasından, o cümlədən Azərbaycanın qərb rayonlarından Ermənistanın suveren ərazisindən keçməklə Naxçıvana yüklərin tranzitindən gedir. Öz növbəsində, Ermənistan Yerasx-Meğri (Arazdəyən-Meğri-red.) marşrutu üzrə dəmir yolu əlaqəsi imkanı əldə edəcək”, – Paşinyan əlavə edib.
- Bakıda bir həftədə 20 nəfərdən çox insan tibbi spirtdən zəhərlənərək ölüb
- Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb
- Azərbaycanda Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunur. Sağ qalanların hekayələri
Ermənistanın baş nazirinin bu açıqlamaları Azərbaycanın ekspertlər çevrəsində müzakirələrə səbəb olub. İki siyasi icmalçının şərhini təqdim edirik.
“Tarixdə belə bir hal olmayıb ki, qalib ölkə məğlub ölkənin tələbini yerinə yetirsin”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu:

“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülh sazişinin iki bəndinin hələ də razılaşdırılmadığını bildirib. “Tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib” deyən Paşinyan Bakının Yerevanın kommunikasiyaların açılması təklifinə də müsbət cavab vermədiyini vurğulayıb. Paşinyan rəsmi Bakının Yerevanın silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi təklifini də cavabsız qoyduğunu bildirib.
Nikol Paşinyanın silahlanmaya nəzarətlə bağlı söylədiyi müzakirə predmeti deyil. Bu bənd sülh sazişinin mətnində yoxdur. Müharibədə məğlub olan ölkənin qalib ölkəyə “gəl silahlarımıza qarşılıqlı nəzarət edək” təklifinin irəli sürülməsi məntiqsizdir. Tarixdə də belə bir hal olmayıb ki, qalib ölkə məğlub ölkənin tələbini yerinə yetirsin. Bir də ki, Azərbaycanın silahlanması yalnız Ermənistanla əlaqəli deyil, bölgədə müxtəlif çağırışlara hazır olmalıyıq.
Paşinyanın “tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib” ifadəsinin ünvanı Bakı deyil, Yerevandır. Paşinyan Avropa İttifaqının və Fransanın istəyi ilə Ermənistanda müşahidəçilər yerləşdirməsəydi, bu məsələ Bakı ilə Yerevan arasında fikir ayrılığına səbəb olmazdı. İki ölkə arasında sülh danışıqları aparılırsa və sülh sazişi imzalanacaqsa gərginlik yaradan müşahidəçilər bölgəni tərk etməlidirlər. Bu rəsmi Bakının haqlı tələbidir. Onların sərhəd boyu hərəkət etmələri, Avropadan gələnlərin daima durbinlə Azərbaycana boylanmaları iki ölkə arasında əlavə gərginlik mənbəyinə çevrilib.
Kommunikasiyaların açılmasına gəldikdə Paşinyan iki variant təklif edib. Onun birinci təklifi budur ki, Ermənistan Azərbaycandan Naxçıvana keçidi İrandan keçən yol kimi eyni prinsiplə açmağa hazırdır. Bunu əvvəl də bir neçə də söyləyib. İkinci təklifi isə odur ki, Yerevan qarşılıqlı əsasda yolun işləmə rejimini sadələşdirməyə hazırdır. Bu da yeni təklif deyil. Göründüyü kimi, Paşinyan əvvəlkitək Zəngəzur dəhlizindən maneəsiz keçidin əleyhinədir”.
“Ermənistan öz məqsədlərini kənar geosiyasi mərkəzlərin diqqətinə çatdırmaq üçün manipulyasiyalardan istifadə edir”
Politoloq İlyas Hüseynov:

“Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin hazırlanması və onun imzalanması ilə bağlı həyata keçirilən bütün fəaliyyəti təkzib edən fikirlər səsləndirib. Belə ki, bu günə qədər bizə məlum idi ki, 17 maddəlik sülh müqaviləsinin 15 maddəsi razılaşdırılıb, digər iki maddə danışıqlar mövzusudur.
Onlardan biri Azərbaycan və Ermənistan sərhədində üçüncü dövlətin qüvvələrinin geri çəkilməsi məsələsidir. Bu da birbaşa olaraq Avropa İttifaqının mülki missiyasının Ermənistan ərazisində olması ilə bağlıdır. Digər məsələ isə Azərbaycan və Ermənistanın Beynəlxalq Məhkəmə meydançalarında bir-birinə qarşı iddialar qaldırmaması, vəsatətlər tələb etməməsi ilə bağlıdır.
Amma belə görünür ki, Nikol Paşinyan ictimai rəyi çaşdırmaq üçün beynəlxalq təşkilatlar və məhkəmələr kontekstində qarşılıqlı müraciətlərin qarşısının alınması məsələsinin əvəzinə Bakının Yerevanın kommunikasiyaların açılması ilə bağlı təklifini qəbul etməməsi məsələsini irəli sürür. Bu hesab edirəm ki, çox yanlışdır.
Digər tərəfdən, Azərbaycan kommunikasiya xətlərinin açılması məsələsini Ermənistanla birlikdə sülh müqaviləsindən kənara çıxarıb və əsas məqsəd sülh müqaviləsini imzalamaqdır.
Azərbaycanın digər tələbləri də vardır. Bu tələblər Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlıdır. Sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də kommunikasiya xətlərinin açılması ilə bağlı məsələlər paralel olaraq müzakirə olunur, müxtəlif görüşlər keçirilir. Amma bu məsələni hazırda qlobal bir problem kimi ortaya atmaq tamamilə yolverilməzdir və digər tərəfdən silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmlərinin yaradılması haqqında fikrin ortaya atılması da revanşist əhvaldan irəli gələn bir məsələdir. Çünki Ermənistan sürətlə silahlanır və hansısa bir formada kənar geosiyasi mərkəzlərin diqqətinə çatdırmaq üçün bu cür manipulyasiyalardan istifadə edir”.