Seçim hüququ olmadan – Azərbaycanda kişiləri məcburən evləndirəndə
İllüstrasiyalar: Leyla Ali
“Subay avaradır”
Artıq böyüyən övladları məcburən evləndirmək adəti hüquq müdafiəçilərinin mübarizə apardığı Azərbaycan “ənənələrindən” biridir. Adətən patriarxal cəmiyyətdə daha zəif olan qızların nigaha məcbur edilməsindən danışılır. Amma bəzən oğlanlar da qurbana çevrilir.
Öz istəyinə rəğmən evləndirilən kişiləri tapıb, onların hekayələrini öyrənmək o qədər də asan olmadı: onlar öz vəziyyətlərindən utanır, susur və ikili həyat sürməklərində təskinlik tapırlar.
• Azərbaycansayağı seks-turizm: ərəb yayı
• Tinder vs Toynder: niyə Azərbaycanda populyar mobil tanışlıq əlavələri geniş istifadə olunmur
• Bakının otelləri qonaqlardan nikah şəhadətnaməsi tələb edirlər – niyə?
Cəlil [ad respondentin xahişi ilə dəyişdirilib — red.] – belə bir tipik hekayənin qəhrəmanıdır.
“8 nəfərlik ailənin böyük oğlu idim, buna görə də əsgərlikdən sonra Rusiyanın şimalına, Uxtaya qazanc dalınca getdim. Sürücü işləyirdim, ailəmə pul göndərirdim, həm də yerli qızı sevdim, onunla ailə qurmağa hazırlaşırdım. 1982-ci ilin yayında evə getdim. Qayıtmağımın elə birinci günü valideynlərim evlənməkdən söz açdılar, dedilər ki, 25 yaşın var, subaylıq avaraçılıqdır”.
Növbəti gün qonşu kəndə qohumlarıma baş çəkməyə getdim. Məlum oldu ki, Reyva xalam artıq mənə qızgördü təşkil edib. Gələcək nişanlım kənd adəti ilə başında şal və uzun paltarda mən eyvanda oturarkən “təsadüfən” xalamın evinin qabağından keçdi. “Xoşuna gəldi?” – xalam xəbər aldı. Cavab verdim ki, “qızdı da”. Elə həmin andan söz yayıldı ki, qızdan xoşum gəlib.
Qıza elçi göndərdilər, məni də fakt qarşısında qoydular: evlənməsən, onu da biyabır edəcəksən, bizi də.
Valideynin sözü “agırdı”: əslində razılaşmamalıydım, amma bacarmadım.
Elçilikdən başlayaraq, toya qədər bütün proses heç bir həftə çəkmədi. Yaxınlardan heç kim məni dəstəkləmədi, hamı anamın sözünü tutdu. Toy günü dəhşətli səhvə yol vermişəm fikri ilə yuxudan oyandım. Məzuniyyətə gəldiyim paltarda da evləndim.
Sonra da həyat yoldaşım Solmazı Uxtaya apardım, sevgilim bütün baş verənlərdən xəbərsiziydi. Ona xəbər çatanda başqa şəhərə köçdü.
Solmaz rus dilini bilmirdi, buna görə də 10 il qızlarımızı böyüdərək, evdən bayıra çıxmadı. Onu harasa işə düzəltməyə çalışırdım, amma özü işləmək istəmirdi.
Sonra da Solmazı və qızları Bakıya apardım. Boşanmağımız 20 il çəkdi: axıra qədər boşanmaq istəmirdi. 2004-dən 2014-də qədər Bakıda olmadım, gələndə də cəmi bir neçə ay qaldım, anam özünü çox pis hiss edirdi.
Onunla daha çox danışmağa çalışırdım, bir dəfə də söhbət evliliyimdən düşdü. Ona dədim ki, yoldaşımdan iyrənirdim, məsələn, dırnaqlarından iyrənirdim, anam nə qədər bədbəxt olduğumu anladı.
Anam rəhmətə gedəndən sonra Solmaz nəhayət boşanmağa razılıq verdi. 57 yaşımda 30 il arzuladığım azadlığıma qovuşdum. Yenidən sevdiyim qadını tapdım, indi də onunla və onun mənim bədbəxt evliliyimdən evvəl dünyaya gətirdiyi oğlumuzla birlikdə yaşayırıq”.
Qaçırmırlar və zorlamırlar, amma əzir və manipulyasiya edirlər
Sosioloq Sənubər Heydərova deyir ki, bu cür nigahların təbii ki, heç bir statistikası aparılmır, amma öz praktikasında o bu cür hallarla tez-tez rastlaşır. Əvvəlcə kişilərə elə gəlir ki, nigah onların istəklərinə rəğmən bağlansa da, onlar azadlıqlarını itirməyəcəklər, çünki “kənarda” öz həyatları olacaq. Əslində isə bu cür ittifaqlar şəxsiyyətin məhvinə, uşaqların düzgün tərbiyə olunmamasına və zöhrəvi xəstəliklərə (çünki normal cinsi həyatdan məhrum kişi kənarda bunları axtarır) gətirib çıxarır, sosioloq izah edir.
“İndiki dövrdə bu cür nigahlar daha nadir bağlanır, amma ona görə yox ki, mentalitet dəyişib, ona görə ki, insanlar ölkəni tərk edir. Çoxları Avropada təhsil və özünü realizə üçün deyil, ailənin təzyiqi olmadan yaşamaq üçün gedir”, – Sənubər Heydərova deyir.
Psixoloq Azad İsazadənin ayırdığı iki geniş yayılmış ssenari var. Birinciyə görə, valideynlər özləri gəlini seçir, oğlanın da yox demək ixtiyarı yoxdur; ikinci ssenariyə görə, nigah evlilikdən əvvəl münasibətlərə görə bağlanır, bu zaman hər iki tərəfdən valideynlər ümumi qərara gəlir ki, toy olsun və mövzu qapansın. Hər iki halda əsas arqument – “sən kişisən, eləməlisən”dir.
Kişinin məcbur edilməsi gəlinin məcbur edilməsi kimi cinayət məsuliyyəti daşımır. Kişiləri qaçırmır və zorlamırlar, onlara psixoloji təzyiq göstərirlər, manipulyasiya edirlər.
“Bu cür hallarla biz toy vaxtı deyil, cütlük bir neçə il sonra ayrılanda üzləşirik”, – psixoloq danışır. Azad İsazadə deyir ki, iri şəhərlərdə, məsələn, Bakı və Gəncədə bu cür hallar daha az-az rast gəlinir, hər halda dilə-dişə düşmürlər.
Razılaşma ilə nigah problemi sosial şəbəkələrdə müzakirə olunanda, qurban kişilər çox nadir hallarda anlayış və daha az şəfqət görürlər.
Daha çox aşağıdakı şərhlər olur: “Bizim belə tanışlarımız var, qadın onun üçün inkubatordur. O, qadın üçün allahdır”, “Mama uşağıdır, başqasının artığına layiqdir”. “Adamın səhərdən axşama beynini yeyəndə o, canını qurtarmaq üçün evlənə bilər”. Onları adətən üçüncü şəxsin adından müzakirə edirlər, çünki az adam etiraf edə bilir ki, “məni məcburən evləndiriblər”.
“Adım Rüfətdir, 27 yaşım var. Bakıda anadan olmuşam, valideynlərim qarabağlıdır. Əvvəllər məni “botan” adlandırırdılar, çünki vaxtımın böyük hissəsini dərs və işə həsr edirdim, şəxsi həyat barədə isə düşünmürdüm. Həyatıma Leyla girəndə artıq belə demirdilər – onunla özümü daha əminli və açıq hiss edirdim. İki il görüşdük, evlənməyə hazırlaşırdıq.
Valideynlərimi Leyla ilə tanış edəndən sonra onlar birdən-birə mənə başqa nişanlı axtarmağa başladılar.
Sevgilim tərbiyəliydi, böyüklərə hörmət edirdi, bununla belə, valideynlərimin xoşuna gəlmədi. Valideynlərimi Leyla ilə tanış edəndən 5 ay sonra biz ayrılmalı olduq.
Qohumlarımın fikrincə, ideal gəlin varlı və yetkinlik yaşına çatmamış olmalıdır. Leyla bu tələblərə cavab vermirdi, Dilarə isə (onu bir neçə dəfə ailəmizin dostlarının evində görmüşəm) “ideal namizəd” idi – 17 yaş, varlı ata. Hücum hər tərəfdən başladı, anam isə baş katalizator idi. Mən boyun əydim.
Toy kostyumunu geyinəndən əvvəl mətbəxə getdim və araq içdim, bacardığım qədər. Bir nöqtəyə baxırdım, heç kiminlə danışmırdım; gəlin də qəmgin idi.
Bir il sonra qızımız dünyaya gəldi. Daha qarşıma məqsəd qoymuram, inkişaf etməkdə məna görmürəm – artıq iki ildir ki, taksi sürücüsüyəm. Anama gəlincə, o, həyatıma qarışmaqda davam edir, yoldaşımla gəzməyə çıxmağa məcbur edir, tez-tez qonaq gəlir. Leylayla əlaqə saxlayıram, amma görüşmürük – hər ikimiz başa düşürük ki, artıq heç nəyi dəyişmək mümkün deyil”.
Sərbəstlik nəzarəti zəiflədir
Sosioloq, gender tədqiqatçısı Humay Axundzadə:
“Bəylə gəlinin ailələri tərəfindən, onların istəkləri nəzərə alınmadan təşkil olunan evlilik patriarxal ailə quruluşu olan cəmiyyətlərdə geniş yayılmış praktikadır – və tək Azərbaycanda deyil”.
Qurbanın da həm qadın, həm də kişinin olması faktı bir daha onu xatırladır ki, patriarxat təkcə kişilərin qadınlar üzərində deyil, böyüklərin kiçiklər üzərində hakimiyyətidir.
Bəylə gəlin nə qədər avtonom və həmrəy olsalar, böyüklərin kiçiklər üzərində hakimiyyət və nəzarətinin realizəsi üçün daha az imkan qalır ki, bu da patriarxatın əsaslarını laxladır, buna görə də “sevgi üzərində qurulan nigahlar” həyata “ənənəvi” baxışları olan insanlara təhlükəli görünür.
Müasir Azərbaycanda ailələrin razılığı ilə bağlanan nigahlar problemləşdirilir, yəni problem kimi müzakirə olunur və pislənir.
Bununla belə, bəzi gender tədqiqatçıları tərəfindən təsvir olunan bir özəllik də var. İş orasındadır ki, həyatın müxtəlif sahələrində praktikaların modernləşdirilməsi müxtəlif templərlə həyata keçirilir. Bu da bəzən ziddiyyət və münaqişəyə gətirib çıxarır. Misal üçün, adətən valideynlər övladlarının xaricdə təhsil almasına sevinir. Amma orada evlənmək qadağandır.
Yəni təhsil məsələsində kifayət qədər müasir olan insanlar ailə və nigah məsələlərində mühafizəkar qala bilir.
Problemin kökü həyata ənənəvi və müasir baxışların toqquşmasında, insanın bir tərəfdən müstəqil və sərbəst şəxsiyyət, digər tərəfdən də ailə və nəslin davamçısı kimi qəbul edilməsində dayanır”.
Etnoloq, sənətşünas Səbinə Mövlamova:
“Problemin kökündə babalarımızın köhnəlmiş ənənələri dayanır. Hələ ötən əsrin əvvəllərində azərbaycanlının ailə statusuna görə məsuliyyəti onun qohumları daşıyırdı. Bir çox kəndlərdə qohum olmayan qızla oğlan arasında istənilən, hətta ən zərərsiz kontakta qadağa varıydı. Bundan başqa, ənənəvi qadın paltarının altından bədəni görmək mümkün deyildi.
Nəticədə gəlin seçimi qadının çiyninə düşdü: onlar namizədlərə toylarda göz qoyur, hamamlarda onların nəzərdən keçirirdi. Elçiliyə ancaq qadınlar gedirdi, gələcək toy haqqında xəbəri bəy ancaq postfaktum alırdı.
Nigaha məcbur edilmə ilə bağlı çoxəsrlik ənənə tezliklə yox olmayacaq: övladlara hələ də azadlıq vermirlər, onları öz maraqları naminə “sındırırlar”. Bu, sındırılan və seçim hüququnu itirən insanlar zorakı nigahların gələcək qurbanlarıdır”.