Tinder vs Toynder: niyə Azərbaycanda populyar mobil tanışlıq əlavələri geniş istifadə olunmur
– Bağışla, zənginə cavab verə bilmədim. Qızla danışırdım, bu yaxınlarda tanış olmuşuq, – Hüseyn guya söz gəlişi lovğalanır.
– Təbrik edirəm. Harada tanış olmusuz?
– Tinderdə.
– Haradaaa?!
Bakıda belə bir fikir formalaşıb ki, romantik tanışlıqlar işdəməktəbdə, “Facebook”da, qonaqda, diş həkiminin növbəsində, Qaqarin körpüsündə tıxacda, xülasə hər yerdə baş verə bilər, Tinderdən başqa.
Bu proqramın prototipi gey və lesbiyanlar üçün nəzərdə tutulan “Grindr” olub. Amma sonradan heteroseksuallar bu ayrı-seçkiliyə son qoymaq qərarına gəliblər.
Qərbdə Tinder çox populyardır. Ondan həm macəra həvəskarları, həm də böyük və saf sevgi arzusunda olan ciddi insanlar istifadə edir.
Amma bu, Qərbdə belədir.
Tinderdən Azərbaycanda da istifadə etməyin mümkünlüyü barədə çoxları sadəcə xəbərsizdir. Biləndə də bu varianta çox skeptik yanaşırlar. Əksəriyyət hesab edir ki, Tinderin Azərbaycan seqmenti hər iki cinsə aid qeyri-ciddi insanların olduğu qaranlıq tin kimi bir yerdir.
Bu münasibət haradan yaranıb? Ola bilsin, bu onunla izah olunur ki, Azərbaycanda tanış olmaq istəyini açıq-aşkar biruzə vermək adət deyil. Xüsusən də bunu internetdə açıq şəkildə bildirmək. Hesab olunur ki, bununla ancaq arvadbaz kişilər və yelbeyin qadınlar məşğul olur. Və deməli, hətta ştamplarla düşünməkdən uzaq olan insanlar belə inanmır ki, Tinderdə “normal” insana rast gəlmək mümkün olsun.
Tinder həqiqətənmi bu qədər dəhşətlidir? Bunu anlamaq üçün istintaq eksperimenti aparmalı olduq. Bir də bu məqsədlə fotosundan istifadə etdiyim o, tanımadığım türk qızı məni bağışlasın. Zevsın özü şahiddir ki, hər şey elm naminədir.
İstintaq eksperimenti
Tinderin danılmaz bir üstünlüyü var – sizə şəxsi mesajları ancaq özünüzün bəyəndiyiniz insanlar yaza bilər və əksinə.
Digər tərəfdən isə sistem istifadədə o qədər də rahat deyil.
Əlavəni telefona yükləyəndən və qeydiyyatdan keçəndən sonra axtarış parametrlərini verirsiz (cins, yaş və mümkün məsafə), buna müvafiq olaraq da proqram nəzəri cəhətdən sizi maraqlandıra biləcək insanların bır yığın fotosunu göstərir. Bəzi fotolarla yanaşı qısa məlumat da verilir. Onları “vərəqləyirsiz”, xoşunuza gələnə “like” qoyursuz. Həmin adam da fotoları nəzərdən keçirərkən, sizə “like” qoysa, göydə mələklər oxuyacaq və sizin üçün çatın qapıları açılacaq. İndi siz artıq yazışa, bir-birinizi daha yaxından tanıya, görüş təyin edə bilərsiz və s.
Prinsipcə, beş dəqiqə yazışmaq kifayət edir ki, “namizədin” adekvatlıq səviyyəsi və sizə uyğunluq dərəcəsi haqqında ilkin nəticələr çıxarasız. Halbuki bir az daha qətiyyətli olsaz, bir neçə saniyə belə kifayət edə bilər. Eyni zamanda müxtəlif maraqlı linqvistik sualların üzərində baş sındıra da bilərsiz. Misal üçün, niyə bu qədər adam “necəsən” sözünü sual işarəsi qoymadan yazır?
“Azərbaycan” Tinderində olan kişilərin az qala yarısı xaricilərdir – tələbələr, ekspatlar və taleyin və ya rəhbərliyin hökmü ilə Azərbaycana atılmış və belə görünür ki, burada tənhalıqdan əziyyət çəkənlərdir. Tinderdən istifadə etmək adətini də deyəsən onlar özləriylə gətiriblər.
İkinci yarısı yerli kontingentdir. Əksər anketlər açığı onları görməzlikdən gəlmək istəyi yaradır. Yeri gəlmişkən, necə düşünürsüz, xanımları cəlb etmək üçün uşaqlı (çox güman ki, özlərinin olan) fotoları yerləşdirən kişilər bunu nə məqsədlə edir? Necə yaxşı ata olduqlarını nümayiş etdirirlər yoxsa maaşların yarısının alimentə getdiyi barədə xəbərdarlıq edirlər? Onların fonunda avtomobilini qucaqlayıb, şəkil çəkdirənlər dahi strateq kimi görünürlər.
Ədalət xətrinə demək lazımdır ki, kifayət qədər normal personajlara da rast gəlmək olur. Nəzakətli, ağıllı, anlaqlı, qəşəng. Düzü, məhz onların varlığı eksperimentin dayandırılmasında böyük rol oynadı.
Gücüm ancaq bir sutkaya çatdı. Bundan sonra da akkauntu və barmaqlarımın izlərini silərək buradan qaçdım. Həmişə olduğu kimi, ən yersiz vaxtda günahsız insanların başını tovlamağa imkan verməyən vicdanım öz səsini ucaltdı. Bu, birinci səbəbiydi. İkincisi də, belə çox sayda sifətlər məndə aqofobiya və mizantropiya tutmasının yaranmasına gətirib çıxardı. Fotodakı türk qızı da qınaq dolu nəzərlərlə mənə baxır və qorxulu yuxularıma girəcəyiylə hədələyirdi.
Şahid ifadələri
Hüseynlə həmin söhbətdən sonra iki həftə keçdi. Bu vaxt ərzində o, həmin o, sirli xanımla görüşmək, ondan xoşlanmaq və hətta münasibətləri kəsməyə də vaxt tapdı. Çünki qız həddən artıq sirli çıxdı, uzun müddətə aradan çıxmaq kimi bir adəti varıydı ki, bu da Hüseyndə belə bir şübhələrin yaranmasına gətirib çıxardı ki, o, qızın həyatında tək deyil. Bununla belə, o, Tinderə hələ də perspektivli və etibarlı sevgili tapmaq üsulu kimi baxır:
“Ancaq bir-birindən xoşlanan insanların yazışa bilməsi artıq bunun yaxşı tərəfidir. Həm də misal üçün, “Facebook”da qızla tanış olmaq cəhdi göstərəndə qızın bununla heç də maraqlanmadığı məlum ola bilər. Tinderdə isə məhz tanış olmaq istəyənlər qeydiyyatdan keçir”.
Amma belə görünür ki, Hüseyn Tinderdə bəxti gətirən yeganə adamdır. Sorğu etdiyim bütün yerdə qalan kişilər özərinin Tinder təcrübələri barədə vergi xidmətinə müraciət etməsi kimi xatırlayırlar:
Anar, 30 yaş: “Sözün düzü, publika orada o qədər də xoş deyil. Yəqin ona görə ki, Azərbaycanda cinclərin qarşılıqlı anlaşması mədəniyyəti çox pis inkişaf edib. Bu da internet tanışlıqlarına öz mənfi təsirini göstərir”.
Orxan , 25 yaş: “Məgər qəşəng qız özünə internetdə oğlan axtarar? Bakıda Tinderdə ancaq eybəcər və ağılsız qızlar oturur”.
Murad, 32 yaş: “Başa düşmürəm, yerli qızlar niyə Tinderdə qeydiyyatdan keçir, əgər sonradan ümumiyyətlə ünsiyyət qurmaq istəmirlərsə”.
Çingiz, 43 yaş: “Tinderin Bakı seqmentində normal qızlar demək olar ki, yoxdur. Yarısı orada özlərini satmaq üçün qeydiyyatdan keçir, ikinci yarısı da əmindir ki, bura ərə getmək yeridir”.
Qadınlar da Tinderdən xüsusi pozitiv emosiyalar almayıblar:
Samirə, 31yaş: “Bacımı orada qeydiyyatdan keçmək üçün dilə tutdum və həmin andaca peşiman oldum. Ona elə ilk sətirlərdən hamı seks təklif edirdi”.
Günel, 27 yaş: “Bir dəfə rəfiqəmlə qeydiyyatdan keçdik, beş dəqiqə əyləndik, sonra da əylənəsi bir şey olmadığını anladıq, çünki bir dənə də olsun nurlu sima yoxuydu”.
Lalə, 29 yaş: “Bu proqramdan istifadə etməyə cəhd göstərdim, amma uğursuz alındı. Məncə, tamamiylə mənasız bir şeydir”.
Aysel, 26 yaş: “Avropada yaşayanda Tinderdən çox da uğurla istifadə edirdim, Bakıda isə girməyə risk etmərəm, qorxuram”.
Mədinə, 30 yaş: “Ümumilikdə internetdə tanışlıqlara normal yanaşıram. Amma yenə də şəxsən mənim üçün bu bir az qeyri-təbiidir və ümidinin üzülməsindən xəbər verir”.
Qapalı dairə
Bununla belə, sorğu etdiklərimin əksəriyyəti etiraf edir ki, virtual tanışlıqlar üçün platformalara ehtiyac duyurlar. Amma hazırda mövcud olanlardan heç biri Azərbaycan torpağına uyğunlaşa bilmir. “Facebook”dan başqa, hansı ki konkret olaraq bu məqsədlər üçün nəzərdə tutulmasa da onları uğurla yerinə yetirir. Bəlkə elə nəzərdə tutulmadığı üçün yerinə yetirir.
Ümumiyyətlə məqsədyönlü internet tanışlıqların Azərbaycanda bəxti hələ dial-up dövründən düz gətirmir. Hər şey də Mamba saytından başladı, bu sayt yarandığı ilk günlərdə pis-yaxşı təyinatı üzrə istifadə olunsa da, bir müddət sonra seksual bazara çevrildi. Deyəsən, Tinder onun yolu ilə getsin.
Qadınlar qeyri-adekvat insanlarla üzləşmək və ayağı sürüşkən qadınlarla səhv salınmaq qorxusundan ondan qaçır.
Kişilər də həmin o qeyri-adekvat kişilərlə səhv salınmaqdan və ayağı sürüşkən qadınlarla üzləşməkdən qorxur. Belə bir qapalı dairə yaranır.
Onu da nəzərə almaq lazımdır ki, Bakıda belə deyək, “mühafizəkar” gənclərlə “müasir” gənclər arasında uçurum var. Birincilər internetdə ciddi münasibətlər axtarmağı ağılının ucundan belə keçirməyəcək. Bundan ötrü, misal üçün, qohumların toyları var. Respondentlərimizdən birinin zarafat etdiyi kimi: “Tinderin Azərbaycan variantı Toynerdir”.
Happy end
37 yaşlı İradə sevgilisindən ayrılandan sonra üç il kişilərdən uzaq gəzib və heç bir münasibət qurmayıb. Ta rəfiqəsi az qala məcburən onu Tinderdə qeydiyyatdan keçirənə qədər.
“Əvvəlcə böyük şübhələrim varıydı. Həm də hamı deyirdi ki, Tinder bir gecəlik seks üçündür. Amma həmin rəfiqəm də məni əmin etdi ki, ədəbsiz təkliflə harda desən üzləşmək olar, özü də hər şey özünü necə təqdim etməyindən asılıdır. Mən də risk etdim. Düzdür, azərbaycanlıları heç nəzərdən keçirmirdim. Ancaq xariciləri “like” edirdim. Və iki çox gözəl kişiyə rast gəldim – biri türk, biri də kolumbiyalıydı. Ziyalı, cazibədar, savadlı, ciddi münasibətlərə can atan. Onlardan birini seçmək çətiniydi. Bilmirəm, bəlkə bəxtim gətirdi və bu, yeganə belə haldır. Amma hər halda mənə elə gəlir ki, internet tanışlıqları heç də başqa tanışlıqlardan pis deyil. Səfehlik də deyil. Səfehlik sevgini tapmaq imkanından özünü məhrum etməkdir”.