“Yaxın aylarda küçələri tərk etməyəcəyik” - Ermənistandakı etiraz hərəkatının lideri
Arxiyepiskop Baqrat Qalstanyanın mətbuat konfransı
“Yaxın aylarda qətiyyən küçələri tərk etməyəcəyik. Küçə mübarizəsi davam edəcək”, – “Vətən uğrunda Tavuş” hərəkatına rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan mətbuat konfransında bildirib. Etirazlar aprel ayında Ermənistan–Azərbaycan sərhədinin delimitasiyasının dayandırılması tələbi ilə başlayıb. Amma may ayının əvvəlindən etiraz hərəkatının əsas tələbi Ermənistanın hazırkı baş nazirinin istefası olub. Hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan müxalifətdən baş nazirliyə namizəd elan edilib.
Onun sözlərinə görə, hərəkat “daha genişmiqyaslı olacaq, bütün Ermənistana yayılacaq və gündəmi diktə edəcək”. Jurnalistlər bu gündəmin nədən ibarət olduğunu soruşduqda arxiyepiskop belə cavab verib: “Azərbaycanla real danışıqlar, təzyiq altında gedən danışıqlar yox”. O hesab edir ki, “real danışıqlar” aparmaq üçün Ermənistan qanunlarına və beynəlxalq hüququn prinsiplərinə riayət etmək, habelə sazişlərin icrasına təminat verənləri cəlb etmək lazımdır.
Hərəkat lideri etirazçıların son vaxtlar haqqında danışmadıqları sərhədlərin delimitasiyası prosesinə də toxunub:
“Bizim delimitasiyanı niyə unutduğumuzu soruşurlar. Biz heç nəyi unutmamışıq, bütün suallar paketə daxildir. Və yalnız bir çıxış yolu var – hazırkı baş nazirin istefası”.
- Ermənistanla sərhəddə atəşkəs niyə pozulur? Bakıdan baxış
- “İnsanlar hər addımda izlənəcək” – Ermənistanda müşahidə kameralarının quraşdırılması haqqında
- Paşinyan: “Biz KTMT-dən çıxacağıq, başqa yol yoxdur”
Hərəkat hansı alternativi təklif edir?
“Biz real, sabit və davamlı sülhə nail olacağıq. Və bu şəxs [baş nazir Nikol Paşinyan] müharibəyə aparan, müharibənin uzun müddət davam etdirilməsinə gətirib çıxarandır”, – “Vətən uğrunda Tavuş” hərəkatının lideri bildirib.
O, əmin edib ki, müxalifət gələcək fəaliyyətlər üçün “nümunəvi gündəm” hazırlayıb. Bu gündəm “həqiqi Ermənistan-Azərbaycan danışıqlarına nail olmaq və danışıqlar masası arxasında aşağıdakı şərtləri diktə etməkdən” ibarətdir:
- Azərbaycan həbsxanalarında saxlanılan hərbi əsirlərin qaytarılması,
- Qarabağ ermənilərinin 2023-cü ilin sentyabr hərbi əməliyyatından sonra tərk etdikləri evlərinə qayıtmaq hüququnun həyata keçirilməsi,
- delimitasiya və demarkasiyanın yalnız sülh müqaviləsi bağlandıqdan sonra həyata keçirilməsi.
“Elə ola bilməz ki, sən öz ölkəni parça-parça verəsən, bütün məcburiyyətləri yerinə yetirəsən, diktə ilə hərəkət edəsən və kimsə səninlə sülh müqaviləsi imzalaya. Niyə onlar [azərbaycanlılar] müqavilə imzalasınlar, yeni tələblər irəli sürməsinlər? Paşinyan hökuməti isə məcburiyyət altında davamlı olaraq birtərəfli güzəştlərə gedir”, – Qalstanyan bildirib.
İmpiçment tələblər siyahısında qalır
Jurnalistlər arxiyepiskop Baqrat Qalstanyandan soruşublar ki, əgər parlamentdə impiçment proseduruna başlamaq üçün lazımi sayda tərəfdarları yoxdursa, hərəkat necə baş nazirin istefasını tələb etmək niyyətindədir? O, cavab verib ki, bütün mümkün variantlar nəzərdən keçirilir:
“Əsas odur ki, qanuni yolla məqsədə çataq. Taktikanın necə olacağına isə hərəkatın təşkilati və ya ideoloji komandası qərar verəcək”.
Etiraz lideri hərəkatın müxtəlif siyasətçilər, irili-xırdalı partiyalar tərəfindən dəstəkləndiyini vurğulayıb. Onun sözlərinə görə, onların hamısı baş nazirin istefası məsələsində “konsensusa” gəliblər.
Müxalifət deputatlarının mandatlarından imtina etmək imkanı var ki, bu da parlamentin buraxılmasına və yeni seçkilərə gətirib çıxaracaq. Bu yolla onlar indiki hökuməti devirmək kimi məqsədlərinə nail ola bilərlər. Və hakim komandanın nümayəndələri dəfələrlə müxalifət deputatlarına məqsədlərinə çatmaq üçün mandatlarından imtina etməyi tövsiyə ediblər. Lakin müxalifət bu yolla getməyə tələsmir.
Müxalifətin belə kəskin addım atıb-atmayacağı, ölkədə növbədənkənar parlament seçkilərinin olub-olmayacağı ilə bağlı suala arxiyepiskop cavab verib ki, bu, “siyasi qərarlardan, mümkün variantlardan” biridir.
“Hərəkatı keçmiş hakimiyyətlə əlaqələndirmək cəhdləri əbəsdir”
Arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, hərəkatın arxasında heç bir siyasi qüvvə yoxdur.
Ermənistanın keçmiş prezidentlərinin etirazları dəstəkləməsinə münasibət bildirərək, o, “birinci prezidentin ailəsi [Levon Ter-Petrosyan], ikinci prezidentin ətrafı [Robert Köçəryanın] və üçüncü prezidentin (Serj Sarkisyan) bütün tərəfdaşları ilə isti münasibətlər saxlayır”.
Eyni zamanda, o, ideoloji cəhətdən özünü həmişə müxalifət hesab etdiyinə inandırıb:
“Hər zaman bizim üçün qəbuledilməz olan səhvlər, çatışmazlıqlar və hətta uğursuzluqlar olub. Ona görə də bu vəziyyətdəyik”.
Eyni zamanda etiraz hərəkatının lideri bildirib ki, “əvvəlki üç onilliyin uğursuzluqları indi baş verən fəlakət deyil, düzəldilə bilərdi”.
Arxiyepiskopun sözlərinə görə, “hərəkata nə daxili, nə də xarici təsir yoxdur”. Beləliklə, o, Ermənistanda bir çoxları arasında hərəkata rusiyapərəst keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi, “Rusiyanın sifarişini” yerinə yetirdiyilə bağlı iddiaları təkzib etməyə çalışıb. Baqrat Qalstanyan “Vətən naminə Tavuş” hərəkatını milli azadlıq hərəkatı elan edib.