“Abzas Media” əməkdaşlarının həbs müddəti uzadılıb
“Abzas Media işi” – həbs müddətləri uzadılıb
İyunun 12-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov və baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) həbs müddəti daha 3 ay uzadılıb.
Sevinc Vaqifqızının vəkili Elçin Sadıqov bildirib ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının həbs müddətlərinin uzadılması ilə bağlı təqdimatına baxılıb və təmin edilib.
Ülvi Həsənlinin vəkili Fəxrəddin Mehdiyev isə jurnalistlərə açıqlamasında bildirib ki, Xətai rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti verəcək.
- Azərbaycanda qohum evlilikləri qadağan ediləcək
- Əksər Azərbaycan kəndlərində çaylaqlardan “küllük” kimi istifadə olunur
- “Toplum TV işi” ilə bağlı istintaq aktivləşib
Sevinc Vaqifqızı məhkəmədə bildirib ki, o, təcridxanada digər saxlanılan qadınların təhqirə və zorakılığa məruz qalmaları ilə bağlı halları ictimailəşdirdiyi üçün ailəsilə telefon danışıqlarına qadağa qoyulub.
Baş redaktor Azərbaycanın insan haqları üzrə müvəkkilinin (ombudsman) təcridxanaya gəlməsini tələb edib.
İyunun 7-də Sevinc Vaqifqızı ailəsilə telefon danışığı zamanı bildirib ki, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan bir neçə qadın əsassız olaraq cərimə kamerasına salınıb və təhdid olunub. O, özü də bu müəssisədə saxlanılır.
Vaqifqızı telefonla ailəsinə bu məlumatı verən zaman danışıq kəsilib.
“Bakı İstintaq Təcridxanasında 2 nəfər məhbus qadın qanunsuz olaraq karsa salınıb. Onlardan biri 3 saat qandallı şəkildə karsda saxlanılıb. Bunları edən isə rəis müavinləri Ceyhun Hacıyev və Əhəd Abdiyevdir.
Qadınları işgəncə ilə təhdid edirlər ki, sakit durmasanız sizi saçlarınızdan tutub sürüyərik. Təcridxanadakı Mahir adlı nəzarətçi də qadınları zorakılıqla hədələyir”, – deyə o bildirib və sözlərini bitirməmiş telefon əlaqəsi kəsilib.
Bundan əvvəl “Abzas Media işi” üzrə həbs olunan Nərgiz Absalamovanın həbs müddəti 3-cü dəfə, Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti isə 2-ci dəfə uzadılıb.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti jurnalistləri dərhal azad etməyə çağırıblar.