Abxaziyda iki ayda 12 intihar
Abxaziya Parlamentinin deputatı Raul Lolua Facebook səhifəsində respublikada intihar səviyyəsinə dair narahatlıq doğuran statistika dərc edib:
Son iki ay ərzində (2018-ci ilin may-iyun aylaarında) – 12 intihar və 4 intihar cəhdi baş verib.
Facebook-dakı paylaşımını Lolua bu sözlərlə təqdim edib: “Bu haqda Abxaziya televiziyasında məlumat verməyəcəklər”.
“Parlament deputatına çox sayda müxtəlif məlumatlar daxil olur. Mən də ən önəmli faktlar, hadisələr və durumlarla bağlı öz seçicilərimi məlumatlandırmağı özümə borc bilirəm, həm də sadəcə informasiya mübadiləsi xətrinə yox. İnsanların fikri və dövlətimizdə baş verənlərə onların münasibəti mənim üçün maraqlıdır”, – deputat yazıb.
İnsidentlər Qaqra, Qudaut, Qulrıpş, Oçamçır və Qal rayonlarında, o cümlədən də Suxumda baş verib.
Rəsmi kriminal xəbərlərdə bu informasiya yoxdur. Amma Abxaziya Prokurorluğunun nümayəndəsi Daur Amiçba jurnalistlərə bildirib ki, bu əməliyyat xəbərləri qapalı informasiya deyil. O bildirib ki, ümumilikdə faciələr təsdiqlənib, amma Loluanın öz paylaşımında misal gətirdiyi üç insident rəsmi xəbər lentində yer almayıb.
Amiçba onu da deyib ki, bu statistikanı intiharlar dalğası hesab etmək üçün heç bir əsas yoxdur.
Abxaziyada sosial şəbəkələrdə bununla bağlı qızğın müzakirə gedir və əsasən insanlar göstərilmiş rəqəmin “dəhşətli” olduğu qənaətindədir. Bir neçə xarakterik şərh:
“Respublika əhalisinin sayını nəzərə alsaq, bu, öldürücü statistikadır”.
“Yoxsulluq, çarəsizlik, işsizlik, mənəvi və ruhi böhran. Səbəb çoxdur, amma bu kim üçün isə maraqlıdırmı? Özünütəcrid içində yaşayırıq, hərə öz qılıfında. O qədər oynamışıq ki, artıq özümüz də Yaradan və insanlar qarşısında seçilmiş olduğumuza inanırıq”.
“Bu dəhşətdir. Amma əsl dəhşət ondadır ki, biz burada bunu oxuyacağıq və bununla da hər şey bitəcək. Çıxış yolunu necə tapaq? Bu insanlara psixoloq daha çox da psixiatr yardımı lazım idi. Hamıya məlumdur ki, bizdə bu halları üzə çıxarmamağa, müalicə etməməyə üstünlük verirlər, axı bu utancvericidir, camaat nə deyər?!”
Sosial şəbəkələrdə onu da yazırlar ki, 2018-ci il iyunun 27-də Qulrıpş şəhərində dörd uşaq atası olan abxaz repatriant özünü öldürüb. Hadisənin təfərrüatları hələlik məlum deyil.