Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə uzadılıb. Sərhədlər bağlı qalır
Azərbaycanın quru sərhədləri
Azərbaycanda 2020-ci ilin mart ayında tətbiq edilən xüsusi karantin rejimi növbəti dəfə uzadılıb. Beləliklə, rəsmən bütün dünyada bitmiş koronavirus pandemiyası ilə əsaslandırılan xüsusi rejim 2 aprel 2024-cü ilə qədər uzadılıb. Bu o deməkdir ki, mart ayında Azərbaycanın quru sərhədlərinin bağlanması qərarının 4 ili tamam olacaq.
- Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edilib. Siyasətçilər bu qərarın səbəbləri haqda
- Yeni siyasi təşkilat – III Respublika Platforması təsis olunub
- İlk dəfə: Azərbaycan və Ermənistan hakimiyyətlərinin birgə bəyanatı
Siyasi icmalçı Hacı Namazov JAMnews üçün xüsusi karantin rejiminin uzadılmasının mümkün səbəblərini şərh edib.
“Artıq hamı başa düşür ki, davam edən karantin rejiminin səbəbi koronavirus pandemiyası deyil. Baxsanız, hələ 2020-ci ilin martında elan edilmiş bu rejimin bütün tələblərindən qüvvədə qalan təkcə ölkənin quru sərhədlərinin bağlanmasıdır.
Azərbaycan niyə quru sərhədlərini açmaqdan israrla imtina edir? Zaman keçdikcə, düşünürəm ki, bu da hamıya aydın oldu”, – Namazov qeyd edib.
Onun sözlərinə görə, cəmi bir il əvvəl Azərbaycan sərhədlərinin bağlı qalmasının səbələrinə dair ekspert rəyləri İran və Rusiyadan gələn mövcud risklər üzərində uzlaşırdı. Lakin zaman keçdikcə cənub qonşu ilə münasibətlər nizamlandı:
“Bu gün İranla sərhədlərin açıq olmasının hər hansı ciddi riskindən danışmaq mümkün deyil. Azərbaycanın Tehrandakı səfirliyi hələ fəaliyyətini bərpa etməsə də, münasibətlər normaldır.
Amma Rusiya sakinlərinin Azərbaycana axını riski hələ də aktualdır. Belə axının ölkə iqtisadiyyatına mümkün mənfi təsiri ilə bağlı nümunələri uzaqda axtarmağa ehtiyac yoxdur. Qısa müddət ərzində sözün əsl mənasında hər şeyin, xüsusən də daşınmaz əmlakın qiymətlərinin yüksəldiyi Gürcüstanda bunu görmək mümkündür.
Bu baxımdan Azərbaycan hakimiyyətinin belə bir addım atmasını müəyyən qədər başa düşmək olar.
İnsanlar bəzən Gürcüstanla sərhədin açılmasını tələb edirlər ki, qonşu ölkədə yaşayan azərbaycanlı ailələr Azərbaycandakı qohumları ilə gediş-gəlisi bərpa edə bilsinlər. Əlbəttə, bir ölkə üçün istisna etmək olar, lakin burada “amma”lar da var.
Azərbaycanın bütün quru sərhədlərini bağlayıb, səbəb kimi də infeksiyanın yayılma riskini göstərməsi bir məsələdir. Bir az qəribə səslənsə də, çünki hətta ÜST özü də COVID-19 pandemiyasının bitdiyini elan edib.
Qonşulardan biri ilə sərhədi açıb, başqaları ilə bağlı saxlamaq isə tamam başqa məsələdir. Burada artıq qeyri-siyasi motivlərlə bağlı olmayan səbəbi izah etmək lazımdır.
Bəli, Litva, Latviya, Estoniya, Finlandiya kimi ölkələr Rusiya ilə sərhədlərini bağlayıb, Ukrayna ilə müharibədən qaçan rusların axınından qorunurlar. Amma onlar bunu Qərbin Kremlə qarşı sanksiyaları çərçivəsində edirlər. Azərbaycan da Türkiyə və Gürcüstan kimi bu sanksiyalara qoşulmayıb. Odur ki, sərhədləri açsa, Rusiya ilə də açmalı olacaq.
Müstəqil iqtisadçıların fikrincə, indi Azərbaycanın iqtisadi vəziyyəti o qədər də əlverişli deyil. Xaricilərin axını isə ölkə vətəndaşlarının sosial vəziyyətini pisləşdirə bilər.
Hesab edirəm ki, məhz bu risklərə görə hökumət hələlik quru sərhədlərini açmaq istəmir. Amma bu, xüsusi karantin rejiminin növbəti dəfə uzadılmasının əsl səbəbini də izah etmir”.