Hikmət Hacıyev: “Azərbaycan heç kəsi Qarabağdan getməyə məcbur etmir”
Hikmət Hacıyevin DW nəşrinə müsahibəsi
“Azərbaycan heç kəsi Qarabağdan getməyə məcbur etmir”, – deyə Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev bildirib. “Deutsche Welle” ilə söhbətində o, bunun sakinlərin “şəxsi və fərdi qərarı” olduğunu deyib.
- “Növbə məndədir?” – Azərbaycanda siyasi proseslərə çıxan vəkillər Kollegiyadan necə uzaqlaşdırılır?
- “Rusiya olan yerdə xəyanət və alçaqlıq var”. Gürcü ekspertlər Qarabağda baş verənləri dəyərləndirirlər
- “Bütün DQ sakinlərini Ermənistana təxliyyə etmək. Başqa çıxış yolu yoxdur”. Şərh
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev özünün X sosial şəbəkə hesabında Almaniyanın Deutsche Welle (DW) nəşrinə müsahibəsini paylaşıb.
O, “Azərbaycan tərəfindən Qarabağda mümkün etnik təmizləmə” ilə bağlı sualı cavablayarkən qeyd edib ki, “etnik təmizləmə” kimi ifadələr Azərbaycan xalqını təhqir edir”.
“Azərbaycan xalqının tarixində belə hal olmayıb. Azərbaycan fərdi seçim əsasında və mövcud şəraitə görə sərbəst şəkildə Ermənistan Respublikasına getmək qərarına gələn mülki əhalinin nümayəndələri üçün təhlükəsiz dəhlizlər təmin edir. Yenə deyirəm, bu, onların azad seçimidir. Azərbaycan onların sərbəst hərəkətini təmin edir. Eyni zamanda, Ermənistan Respublikasına getmək qərarına gələn yerli ermənilərlə təhlükəsiz və mütəşəkkil kommunikasiyalar aparılır – bu, onların şəxsi və fərdi qərarıdır”.
DW jurnalistinin “Onlar evlərindən zorla çıxarılmayıbmı?” kimi dəqiqləşdirici sualına Hacıyev belə cavab verib:
“Xeyr, onları məcbur etməyiblər. Çünki Azərbaycan Respublikası yerlərdə aparılan antiterror tədbirləri nəticəsində dinc yaşayış məntəqələrinə, iri şəhərlərə daxil olmayıb. Bu tədbirlər məhdudlaşdırılıb və Azərbaycanın hərbi qüvvələri və polisi əsasən bu prinsipləri rəhbər tutur. Biz erməni icmasının yerli nümayəndələri ilə də sıx əlaqə saxlayırıq və yerlərdə humanitar vəziyyəti yüngülləşdirməyə çalışırıq. Yerdə heç bir zorakılıq hərəkəti və ya insident qeydə alınmayıb.
Azərbaycan prezidentinin köməkçisi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun “beynəlxalq müşahidəçilər missiyası Qarabağa yalnız Azərbaycan tərəfinin razılığı ilə daxil ola bilər” bəyanatını şərh edib.
“Azərbaycanın gizlədəcəyi heç nə yoxdur, orada qadağan zonası yaratmaq niyyətində deyilik. Hazırda biz BMT-nin Azərbaycandakı müvafiq nümayəndəliklərindən olan həmkarlarımızla əlaqə saxlayırıq. BMT-nin Bakı ofisi bütün Azərbaycanda akkreditə olunub və bəzi nümayəndələrinin və ekspertlərinin də yerlərə çıxışı var.
Amma təbii ki, biz hər hansı beynəlxalq müşahidə missiyasına və sairə ehtiyac görmürük, çünki reallıqlar göz qabağındadır, Azərbaycanın gizlədəcəyi heç nə yoxdur.
Hələlik bəzi şeylər çox çətindir. Bu, olduqca başa düşüləndir, çünki hər bir belə vəziyyətdə müəyyən çətinliklər və çağırışlar var. Lakin eyni zamanda, Azərbaycan tərəfi mülki erməni əhali üçün yerlərdə bərabər hüquqlar təmin etmək əzmindədir və biz həm də icma nümayəndələri ilə yerlərdə onların hüquq və təhlükəsizliyini təmin edilməsinə dair inklüziv prosesin müzakirəsi üzrə iki intensiv raundun keçirildiyini görməkdən məmnunuq” .
Hacıyev son olaraq Vaşinqton və Moskvanın bir-birinə ünvanladığı bəyanatlarla bağlı sualı cavablandırıb. “Ölkənizin bu siyasi məsələdə alətə çevriləcəyindən qorxmursunuz ki?” – deyə DW jurnalisti soruşub.
“Artıq dediyim kimi, Azərbaycan həmişə regionumuzda istənilən geosiyasi rəqabətin əleyhinə olub. Region çox əziyyət çəkdi. Bu həm də avropalı tərəfdaşlarımıza bir mesajdır. Regiona geosiyasi rəqabət prizmasından baxmaq olmaz və hamı regionda sülhün əldə olunması üçün səy göstərməlidir. Düşünürəm ki, bu, mühüm tarixi məqam olacaq. Ermənistan və Azərbaycan sülh müqaviləsinə daha çox yaxınlaşa bilər”, – deyə o bildirib.