ABŞ Qubad İbadoğlununn həbsini diqqətlə izləyir
Qubad İbadoğlunun işi
ABŞ müxalif siyasətçi, iqtisadçı alim Qubad İbadoğlunun Azərbaycanda həbsini diqqətlə izlədiyini bildirib. İbadoğlunun qardaşı bildirib ki, prokurorluq siyasətçini müdafiəsiz qoymaq üçün vəkilindən Vəkillər Kollegiyasına şikayət etmək niyyətindədir. Vətəndaş cəmiyyəti nümayəndələri Qubad İbadoğlunun Hüquqlarını Müdafiə Komitəsi yaradıblar.
- Müstəqil jurnalistlər Milli Mətbuat Günündə Avropa Şurasına müraciət ediblər
- Ədliyyə Nazirliyi əsas müxalifət partiyalarını yenidən qeydiyyatdan keçirməkdən imtina edib
- İranla sərhəddə: “Nəzarət var, amma alver də gedir”
“Azərbaycanı vətəndaşlarının hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”
“Biz Qubad İbadoğlunun həbsini yaxından izləyirik. Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır”, – Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində deyib.
“Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”, – Turan agentliyi Millerdən sitat gətirib.
ABŞ-ın Azərbaycandakı səfirliyi də müxalif siyasətçi Qubad İbadoğlunun həbsi ilə bağlı vəziyyəti diqqətlə izlədiklərini bildirib və analoji bəyanat yayıb.
İyulun 24-də Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Bakıda yaşamadığı mənzilindən 40 min dollarlıq saxta əskinasların tapıldığı bildirildikdən sonra saxta pul hazırlamaqda ittiham edilərək haqqında 4 aylıq ilkin həbs qətimkan tədbiri seçilib.
Azərbaycan hökuməti eyni zamanda onu ABŞ-da yaşayan vaiz Fətullah Gülənin rəhbərlik etdiyi Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ ilə əlaqədə ittiham edib.
“Prokurorluq onun vəkilindən şikayət etmək niyyətindədir”
İbadoğlunun qardaşı Qalib Bayramov bildirib ki, prokurorluq siyasətçinin vəkili Zibeydə Sadıqovadan Vəkillər Kollegiyasına şikayət verməyi planlaşdırır.
“Guya Zibeydə xanım istintaq sirrini yayıb. Ona görə də vəkillərin sayını artırmaq qərarına gəldik”, – deyə Bayramov bildirib.
O, həmçinin qeyd edib ki, Bakı İstintaq Təcridxanasında İbadoğlu üçün sovqatı qəbul etməyiblər, onun adının “sistemdə olmadığını” bildiriblər.
Vətəndaş cəmiyyəti nümayəndələri Qubad İbadoğlunun hüquqlarını müdafiə komitəsi yaradıblar. Təsis iclasında Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı bildirib ki, həbslər davam edəcək və rejim “avtoritardan totalitara doğru” gedir.
“Qubad İbadoğlunun həbsi yalnız onun tənqidi fikirlərilə, partiya sədri olması və tələbələr üçün yaratdığı fondla bağlı deyil. Hökümət yeni repressiyalara hazırlaşır və fəalları, siyasətçiləri sıradan çıxarır. Cəmiyyət də, müxalifət də buna hazırlaşmalıdır”, – deyə Qasımlı deyib.
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformasının bəyanatı
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması Qubad İbadoğlunun həbsini qətiyyətlə pisləyib. Milli platforma onun dərhal sərbəst buraxılmasını tələb edir.
Qubad İbadoğlu 2012-2014-cü illərdə platformanın hazırkı üzvü və keçmiş milli koordinatorudur.
Platforma həmçinin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən Qubad İbadoğlu və xanımı İradə Bayramovaya qarşı güc tətbiqi və qeyri-insani rəftardan hiddətləndiyini bildirir. Onlar hökuməti bu işi tez və qərəzsiz araşdırmağa çağırırlar.
Milli platformaya görə, Qubad İbadoğlunun həbsi, hökumətin iqtisadi siyasətini tənqid etməsi və hazırda rəhbərlik etdiyi Demokratiya və Rifah Partiyasındakı iştirakı və keçmiş təşəbbüsləri də daxil olmaqla siyasi fəaliyyəti ilə əlaqəli görünür.
Platforma qeyd edir ki, Azərbaycanda siyasi vəziyyət 11 yanvar 2023-cü ildə Siyasi partiyalar haqqında yeni qanunun qüvvəyə minməsindən bəri pisləşib. Bu, siyasi partiyalara əhəmiyyətli məhdudiyyətlər və təzyiqlərlə nəticələndi və bir çoxunun fəaliyyətini dayandırdı.
Bu hadisələrin fonunda milli platforma Azərbaycan hökumətini siyasi fəalların ədalətsiz təqibinə son qoymağa və Qubad İbadoğlunu dərhal azad etməyə çağırır.
Nəhayət, platforma Avropa siyasi birliyini Azərbaycanda vətəndaş cəmiyyəti və Siyasi partiyalar üçün inklüziv siyasi mühitin inkişafına dəstək verməyə çağırır. Bu dəstək ölkədə demokratiya, ifadə azadlığı və İnsan Hüquqları prinsiplərinin qorunması üçün son dərəcə vacib hesab olunur.