“Qisas-3” əməliyyatı qapıdadır”. Bakıdan şərhlər
Qarabağda antiterror əməliyyatı?
Bir neçə gün öncə Qarabağda tərəflər arasında atışma zamanı həlak olan iki erməni hərbçinin meyiti Ermənistana təhvil veriləndən sonra azərbaycanlı ekspertlər Azərbaycan tərəfindən “Qisas-3” əməliyyatının mümkünlüyü haqda danışırlar. Siyasi şərhçi Elçin Mirzəbəyli bildirir ki, “məhv edilən şəxslər arasında Ermənistan silahlı qüvvələrinə aid iki hərbçinin olması Qarabağda bu ölkəyə məxsus ordunun olduğunu istisina etmir”. Onun fikrincə, bu kimi proseslər “Qisas-3” əməliyyatını yaxınlaşdırır.
- Söyüdlü kəndinin blokadası on gündür davam edir
- Gürcüstanda tənqidi media təsisçisi Nika Qvaramiya Beynəlxalq Mətbuat Azadlığı Mükafatına layiq görülüb
- Azərbaycan 100 min nəfərə düşən məhbusların sayına görə Avropa Şurası ölkələri arasında ilk sıralardadır
İki erməni hərbçinin nəşi Ermənistana təhvil verilib
Bir neçə gün əvvəl Azərbaycanın Qarabağ bölgəsində hələk olan iki erməni hərbçisinin meyitini iyulun 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsi Laçın nəzarət-buraxılış məntəqəsindən keçməklə Ermənistana aparıb. Azərbaycan tərəfi həmin iki nəfərin Ermənistan vətəndaşı olduğunu və Ermənistan ordusunda xidmət etdiyini bəyan edib.
Erməni mənbələri isə iyunun 28-də Qarabağın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi hissəsində baş verən insident zamanı “dörd Qarabağ döyüşçüsü”nün həlak olduğunu bildiriblər.
“Azadlıq Radiosu”nun erməni xidməti – Azatutyun separatçı rejimin “ombudsmanı” kimi təqdim etdiyi Geğam Stepanyana istinadən bildirib ki, “ölənlərdən biri – 20 yaşlı Samvel Torosyan Xankəndi sakinidir, amma valideynləri onun Yerevandakı “Yerablur” hərbi qəbirstanlığında dəfn olunmasını istəyirlər. Digər həlak olmuş hərbçi – 20 yaşlı Yervand Tadevosyanın keçmiş Laçın sakinidir, lakin 44 günlük müharibədən sonra Ermənistanda yaşayıb”.
“Proseslər “Qisas 3” əməliyyatını yaxınlaşdırır”
Siyasi icmalçı Elçin Mirzəbəyli hesab edir ki, “Ermənistan tərəfinin Qarabağda hərbçilərinin olmaması ilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirmir”.
“Qarabağda “Qisas-2” əməliyyatı zamanı məhv edilən qanunsuz birləşmələrin 5 üzvündən ikisinin Ermənistan vətəndaşı olması bunu bir daha təsdiq edir. Son hadisələr sülh danışıqlarında özünü məsum göstərməyə çalışan Ermənistanın nə qədər ikiüzlü siyasət apardığını növbəti dəfə göstərdi. Ermənistan tərəfindən törədilən təxribatlar üçtərəfli bəyanatın kobud şəkildə pozulması ilə yanaşı, sülhmərmalıların öz öhdəliklərinə laqeyd yanaşmasının sübutudur”, – o deyib.
Elçin Mirzəbəyli bildirib ki, Qarabağdakı qanunsuz silahlı birləşmələr özünü Ermənistan tərəfindən ayrılan vəsait hesabına saxlayır:
“Azərbaycan öz ərazilərində işğalçı statusu daşıyan qüvvələrin qalmasını qəbul etməyəcək. Əgər yeni təxribatlar baş verərsə, daha sərt addımlar atılacaq. Proseslər “Qisas 3” əməliyyatını yaxınlaşdırır”.
“Erməni silahlılarının Azərbaycan ərazisində qalmasına Rusiya şərait yaradır”
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, erməni silahlılarının Azərbaycan ərazisində qalmasına Rusiya şərait yaradır:
“Rusiya kontingentinin erməni silahlılarına kuryerlik etməsi üçtərəfli bəyənatın şərtlərinə tamamilə ziddir. 2 il yarım bundan əvvəl ərazidən çıxarılmalı olan erməni silahlılarının burada qalmasına zəmanəti də Rusiya kontingenti verir. Bu fəaliyyətlər, erməni silahlılarının bu günə qədər Azərbaycan ərazilərində qalması bizim üçün qəbuledilməzdir”.
Verdiyevin sözlərinə görə, Azərbaycan bu fəaliyyətlərin qarşısını almaq üçün daha sərt addımlar atacaq:
“Ermənistanın başına gələn fəlakətlərdən sonra bu cür təxribatlara əl atması Azərbaycanı daha sərt addımlar atmağa vadar edə bilər. “Qisas” əməliyyatının növbəti mərhələsinin keçiriləcəyi istisna deyil. Bu isə həmişə olduğu kimi Ermənistan üçün yaxşı nəticə vəd etmir”.
“3 yol var – inteqrasiya, köçmək, antiterror əməliyyatı”
Hərbi ekpsert Elxan Şıxəliyev söyləyib ki, ermənilər şərti sərhəddə təxribatlar törətməklə, xüsusilə “Laçın” sərhəd-keçid məntəqəsində əsgərimizi yaralamaqla eskalasiyanı başladıblar.
“Xarici işlər nazirlərinin Vaşinqtondakı görüşündə bildirildi ki, tərəflər sülh sazişinin bəzi müddəaları üzrə razılığa gələ bilməyiblər. Bu o deməkdir ki, siyasilər razılaşa bilmir, yəni Ermənistan Azərbaycanın təklifləri ilə razılaşmır.
Belə məqamda şərti sərhəddə müəyyən insidentlərin olması anlaşılan idi. Çünki sərhədlər hələ tam dəqiqləşməyib, demarkasiya və delimitasiya işləri aparılmayıb.
Prezident İlham Əliyevin Laçındakı çıxışında Qarabağda yaşayan ermənilər üçün yol xəritəsi elan edilmişdi. Həmin çıxışda Azərbaycanın ermənilərlə bağlı istəkləri dilə gətirilmişdi.
Lakin separatçılar bizim təklifimizi qəbul etmədilər, reinteqrasiyanı qəbul etmədiklərini və döyüşəcəklərini dedilər. Onlar belə addım atmaqla Azərbaycana antiterror əməliyyatının keçirilməsi variantını saxlayırlar”,- ekspert bildirib.
Şıxəliyev vurğulayıb ki, ölkəmizin indiyə qədər yeni əməliyyatlara başlamamasının səbəbi separatçı rejimin müsbət mesaj verəcəyini gözləməsidir.
“Separatçılar Azərbaycan tərəfindən təsis edilmiş sərhəd-keçid məntəqəsinin bağlanması üçün təxribatlar törədir. Bunun digər bir məqsədi isə proseslərin dalana dirənməsidir. Azərbaycan da qeyri-qanuni silahlı dəstələrin aradan qaldırılması üçün antiterror əməliyyatlarına başlamalıdır. Ali Baş Komandan da çıxışlarında bununla bağlı mesajlar verib. Eyni zamanda müdafiə naziri mətbuata açıqlamasında bildirdi ki, separatçılar, Ermənistan və onların dəstəkçiləri antiterror əməliyyatının yaxın zamanda keçirilməsi üçün bizi təhrik edirlər.
Bütün bu proseslər bir daha göstərir ki, antiterror əməliyyatının keçirilməsinin vaxtı yetişib.
Orada Rusiya sülhməramlıları var, onlar erməniləri məcbur etməlidirlər. Ümumiyyətlə, ermənilərin üç variantı var. Birincisi inteqrasiyaya razılaşmalı, ikincisi Qarabağdan getməlidirlər, üçüncüsü isə əməliyyatlar keçirilməlidir. Bunların hər biri Azərbaycana sərf edir. Ona görə də, siyasi proseslərin gedişatı antiterror əməliyyatının keçirilməsinin qapıda olduğunu göstərir”, – hərbi ekspert əlavə edib.