Tbilisidə “Varketili” metro stansiyasının tavanının uçması nəticəsində 14 nəfər xəsarət alıb
Tbilisidə “Varketili” metro stansiyasının asma tavanının uçması nəticəsində 14 nəfər yaralanıb.
Hadisə haqda Xilasetmə Xidmətinə siqnal yerli vaxtla 10.40-da daxil olub.
Olay yerindən ilk kadrları şahidlər Facebook sosial şəbəkəsində yerləşdiriblər:
Yaralılar Tbilisinin dörd xəstəxanasına yerləşdirilib. Səhiyyə naziri David Serqeyenkonun sözlərinə görə, onların həyati təhlükəsi yoxdur. Xəsarət alan metro sərnişinlərindən dördünün müalicə aldığı İnqorovka Universitet xəstəxanasının həkimləri bildiriblər ki, pasiyentlərin vəziyyəti orta ağır kimi qiyməətləndirilir. Onlar döş qəfəsi, aşağı ətraflar və başlarından travma alıblar. Klinikadan bildirilib ki, onlardan ikisi ayağından əməliyyat olunub.
“Varketili” metro stansiyasında bərpa işləri 2017-ci ilin avqustunda, yəni beş ay əvvəl tamamlanıb. Təmiri elan olunmuş tenderdə qalib gələn və bu iş üçün büdcədən 347 min 852 lari alan “Kvarelmşeni” şirkəti aparıb. Sentyabrda stansiya istifadəyə verilib.
Tbilisi Nəqliyyat Şirkətinin baş direktoru Mamuka Kobaxidzenin bildirdiyinə görə, Tbilisi metropoliteninin az əvvəl bərpa işləri aparılan bütün stansiyalarında ekspertiza həyata keçiriləcək. Ekspert yoxlaması ilk növbədə “Teatr Axmeteli” stansiyasında aparılacaq, çünki bu stansiyanın da təmiri ilə “Kvarelmşeni” şirkəti məşğul olub.
“Teatr Axmeteli” stansiyasının yoxlanılması elə bu gün başlayacaq. “İşlərin necə aparıldığını incədən-incəyə yoxlayacağıq ki, yeni problemlərin qarşısını ala bilək”, – hadisə yerində – “Varketili” stansiyasında olan Tbilisi meri Kaxa Kaladze bildirib.
Kaladzenin sözlərinə görə, “baş vermiş faktla bağlı günahkarlar mütləq aşkara çıxarılacaq və cəzalarını çəkəcəklər”. “Müvafiq xidmətlər uçmuş tavana görə konkret kimin məsuliyyət daşıdığını ortaya çıxaracaqlar”, – mer vəzifəsini ötən ilin oktyabrından tutan Kaladze vurğulayıb.
Baş verən hadisəyə “Varketili” stansiyasında bərpa işləri aparıldığı zaman Tbilisi meri olmuş David Narmaniya da reaksiya verib. Narmaniyanın sözlərinə görə, təmir işləri nəzərdə tutulmmuş zamanda və bütün qaydalara əməl olunaraq həyata keçirilib. Obyektin təhvil verilməsi prosesinə gəlincə isə Narmaniya bildirib ki, “detallar haqda inşaat şirkətinin nümayəndələrindən soruşmaq lazımdır, çünki tender komissiyasının nəzarətilə və müvafiq olaraq obyektlə bağlı bütün məsələlərlə Tbilisi Nəqliyyat Şirkəti məşğul olub”.
Hadisə Facebook-da da fəal müzakirə olunur.
“Metronun uçması dövlət sifarişləri sisteminin səmərəsizliyini və islahata ehtiyac olduğunu sübut edən növbəti, ümid etmək istərdim ki, son hadisədir. Elektron formada tenderlər sadəcə fasaddır, arxasında real təsir imkanlarından məhrum zəif keyfiyyətə nəzarət sistemi gizlənir”.
“Dostumu bir an xilas edib sadəcə. Bu metro az əvvəl təmir olunub. Buna qədər isə 30 il ilkin vəziyyətində işləyib. “Rustaveli”nin və demək olar ki, stansiyaların yarısının artıq əlliyə yaxın yaşı var – heç birində də heç vaxt belə problem olmayıb. Heç nəyə nəzarət etməyi bacarmayan və inşaat işlərini sağa-sola naməlum şirkətlərə və inşaatçılara paylayan hakimiyyət utanmalıdır. Təhlükəsizlik nornalarına və insan həyatlarına belə məsuliyyətsizcə yanaşmaq yolverilməzdir”, – Facebook istifadəçiləri yazır.