Gürcüstanın əks-kəşfiyyatı: Türkiyə və Gürcüstanda səfirliklərə qarşı terror aktlarının qarşısı alınıb
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) məlumatına görə, Tbilisidə Keşiş Qabriel küçəsində keçirilən xüsusi əməliyyat nəticəsində məhv edilən və saxlanılan şəxslər Türkiyə və Gürcüstanın diplomatik missiyalarına hücum hazırlayırmış.
Hüquq-mühafizə orqanlarının əməkdaşları məhv edilmiş və saxlanılmış terrorçuların sözügedən xüsusi əməliyyat zamanı Gürcüstanın güc strukturlarına qarşı istifadə etdikləri texniki avadanlıqlarının detallı tədqiqatından sonra bu qənaətə gəliblər.
Kompüter və telefonlardan çıxarılmış məlumata əsasən terrorçular xəlvət yer təşkil ediblər, hüquq mühafizəçiləri orada silah, radiostansiya, binokl, xəritə və digər əşyalar aşkarlayıblar.
Bu haqda bu gün DTX-da keçirilən fövqəladə brifinqdə məlumat verilib.
Brifinqdən öncə isə Pankisi dərəsində uzun saatlar sürən anti-terror əməliyyatı keçirilib. Əməliyyat bu gün səhər saat 4-də başlayıb və faktiki olaraq Tbilisidə Keşiş Qabriel küçəsində keçirilən əməliyyatın davamı olub. Pankisidəki əməliyyat nəticəsində 5 nəfər yaxalanıb, onlardan biri ağır yaralıdır. Xüsusi təyinatlılardan ibarət 50 döyüşçünün iştirak etdiyi əməliyyat dərənin iki kəndində – Duisi və Omaloda keçirilib.
Saxlanılanların adları da bəllidir: Zurab Qorkanaşvili, Ruslan Aldamov, Ramaz Marqoşvili, Badur Çopanaşvili və Temirlan Maçalikaşvili. Sonuncu alnından yaralanıbvə xəstəxanaya yerləşdirilib. Bütün saxlanılanlar Pankisi sakinləridir. DTX-nın məlumatına görə, onlara qarşı cinayət məcəlləsinin terrorun maliyyələşdirilməsini nəzərdə tutan 331-ci maddəsinin üçüncü hissəsi ilə cinayət işi açılıb.
Hüquq mühafizəçilərinin məlumatına görə, Pankisi dərəsində saxlanılan şəxslər Tbilisidəki əməliyyat zamanı məhv edilən Çatayev və silahdaşları ilə əlaqədə olub. Məhz birincilər ikincilərin Gürcüstan sərhədini qanunsuz keçməyinə, Tbilisidə kirayə ev tapmağına, silah əldə etməyinə kömək edib.
Xatırladaq ki, 21-22 noyabrda Tbilisidə Keşiş Qabriel küçəsində keçirilən xüsusi əməliyyat nəticəsində üç nəfər məhv edilib, bir nəfər həbs olunub. Daha sonra DTX nümayəndələri təsdiq eləyiblər ki, həlak olanlardan biri – Ahmed Çatayev İstanbul aeroportunda terror aktı törətməkdə ittiham olunan şəxsdir.
DTX-da keçirilən bugünkü brifinqdə o da bildirilib ki, Tbilisidə əməliyyat zamanı həlak olan digər şəxslərin kimliyi müəyyən edilir. Həmin gün Çatayevlə birlikdə Rusiya vətəndaşları İbrahim Adaşev və Aslanbek Soltaxadov da olub. Adaşev 2010-2012-ci illərdə saxta pasportdan istifadə edərək Gürcüstana gəlib. Saxlanılmış şəxsin adı da açıqlanıb – Şoaif Borziyev terrorda ittiham olunaraq interpol vasitəsilə axtarışa verilib.
- Pankisi dərəsi Tbilisinin 150, Çeçenistanın 30 kilometrliyində yerləşir. 2014-cü il əhalinin siyahıya alınmasına əsasən dərədə 5700 nəfər kistin (etnik çeçen) yaşayır. Onlar 19-cu əsrdə Pankisiyə Çeçenistandan köçüb. Gürcüstanın milli azlıqlarından məhz Pankisi kistinləri Gürcüstan cəmiyyətinə ən inteqrasiya olunmuş hesab edilir – praktiki olaraq hər kəs öz doğma çeçen dili ilə yanaşı gürcü dilini də yaxşı bilir.
- 2000-ci illərdə Çeçenistan müharibəsi zamanı minlərlə Çeçenistan qaçqını Pankisi dərəsində sığınacaq tapıb. Onlardan başqa Rusiyanın federal qüvvələrindən gizlənən çeçen silahlıları da dərəyə sığınıb. Məhz o zaman Pankisi dərəsi haqda “təhlükəli zona” kimi danışılmağa başlanıb və ərazinin “terrorçular yuvası” reputasiyası formalaşıb, artıq uzun illərdir ki, dərə bu reputasiyadan qurtula bilmir.
- Suriyada münaqişə başlayandan, “İslam Dövləti” ortaya çıxandan sonra Pankisi yenidən dünya ictimaiyyətinin diqqət mərkəzinə gəlib. Müxtəlif məlumatlara görə, son illər ərzində “İslam Dövləti” sıralarında Pankisi dərəsindən çoxu gənclərdən ibarət olan 40-50 nəfər döyüşüb. Onlardan dördü nüfuzlu səhra komandirlərinə çevrilib, “İslam Dövlətinin” liderlərindən biri olan Ömər əl Şişani də onlardan biridir.