“Dua edək ki, kəndlər məhv olmasın. Amma investisiyasız xeyri olmayacaq” – Azərbaycan, Gürcüstan və Ermənistandan üç hekayə
Qafqaz kəndlərində həyat haqda, foto və video
Qafqaz kəndlərinin həyatından az adam xəbərdardır. Bu arada kəndlər dövlət dəstəyinin minimal olduğu və özəl sərmayənin demək olar ki, olmadığı bir şəraitdə sağ qalmağa çalışırlar. Ağır iş çox az mexanikləşdirilib. Torpaq və mal-qara ilə işləmək üçün yeni biliklər və səmərəli üsullar gətirə bilən gənclər isə ümidsizlikdən kütləvi şəkildə kəndləri tərk edib, şəhərlərdə, hətta regiondan kənarda təhsil və iş axtarışına çıxırlar.
Azərbaycan, Gürcüstan və Ermənistanda kəndlilər və fermerlər öz hekayələrini JAMnews-a danışıblar.
Azərbaycan: Uşaqların məktəbdə soyuqdan donduğu “Hollivud”
Məlhəm kəndinin hekayəsi. Müəlliflər: Sevgi İsmayılbəyli, Güləndam Hədisova
↓
1980-ci illərin sonlarında burada Azərbaycan kinosunun məşhur komediyalarından biri – “Bəyin oğurlanması” bu kənddə çəkilib. Elə həmin illərdən kəndi “Azərbaycanın Hollivudu” adlandırıblar.
“Bura uşaqların məktəbdə donduğu “Hollivud”dur. Hər yana müraciət etmişik. Yağış, qar yağanda yolların nə günə düşdüyünü görəsiz. Dövlət, bələdiyyə, yol idarəsi – heç kim bizi eşitmir”, – Məlhəm kəndinin yeganə tibb bacısı Əfilə Bağırova çarəsizcə deyir.
Bakıdan Şamaxı şəhərinə qədər 120 kilometrlik yolu çox rahat gəlirik. Üz tutduğumuz Məlhəm kəndinə doğru cəmi 8 kilometr məsafə qalır. Buradan o yana isə yol, demək olar ki, yoxdur. Kəndə gəldiyimiz gün bəxtimizdən yağıntı yox idi. Kənd sakinlərinin dediyinə görə, tozlu-torpaqlı, kələ-kötür qrunt yolu yağış, qar yağanda, ümumiyyətlə, keçilməz olur.
- Qışda getmək mümkün olmayan Azərbaycan kəndindən 13 foto
- İnəklər, müharibə və inanc: Azərbaycan kəndindən Krişna Şüuru davamçısı fermerin hekayəsi
- Həyatında hər şey alınan kəndli qız
Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri sayılır. Coğrafi mövqeyinə görə kənd dağ ətəyində yerləşir. Gözəl təbiəti var.
Amma kəndin təməli daha aşağıda, dərədə – IX-XII əsrə aid edilən “Gülüstan” qalasının ətrafında qoyulub. Hazırda qala ətrafında qədim evlərin qalıqlarına rast gəlmək mümkündür. Məlhəm ərazisində e.ə. I minilliyin sonundan başlayaraq, orta əsrlərə qədər aid edilən müxtəlif tipli arxeoloji tapıntılar var.
Şamaxı Azərbaycanın məşhur seysmik zonası olduğu üçün tez-tez baş verən zəlzələ və sürüşmələr nəticəsində kənd sakinləri dağın ətəklərinə doğru köçüb, yeni evlər tikməli olublar. Hazırda Məlhəmdəki evlər ən uzağı 100-150 il əvvəl tikilənlərdir.
Hazırda bu proses davam edir. Kənd camaatından eşitdik ki, yeni evlər dağın ətəyindən üzü yuxarı tikilir və sanki kənd, belə demək mümkünsə, dağa dırmanır.
Məlhəmlilər kəndin tarixi abidələrinin məhv olduğunu, günümüzə gəlib çatmadığını təəssüflə qeyd edirlər. Məhv olmuş abidələrdən biri də kəndin qədim məscididir. İndi onun yerində sadəcə daşlar qalıb.
Kənd uzun müddət məscidsiz qalıb, 1999-cu ildə kənd sakinlərinin təşəbbüsü ilə yeni məscid, yanında da kiçik mədrəsə inşa edilib. Mədrəsədə quran dərsləri keçilir.
- İnam, kolxoz və xama: rus molokanları əcdadlarının ənənələrini Azərbaycanda necə qoruyub saxlayır
- Gölün sahibi
- Ağacda bitən kartof, mandarin və başqa meyvələr: Azərbaycanın cənubundan 25 foto
Kəndin əsas problemləri – yol və məktəb
43 yaşlı Məlahət Mürsəlova bu kəndə gəlin gəlib, artıq 24 ildir ki, burada yaşayır. Kənd məktəbində ibtidai sinif müəllimi işləyir:
“Yolumuz bərbad vəziyyətdədir. Bu şəraitdə məktəbə gedib gəlmək çətin olur. Qışı var, yağışı, palçığı var. Məktəbdə uşaq sayı azdır. Dərslər bir növbədə keçilir. Uşaqlar xəstələnməsə, dərsdən qalmırlar. Lakin yollara görə çox əziyyət çəkirlər”, – müəllimə deyir.
10 yaşlı məktəb şagirdi Xəyal deyir ki, qış aylarında sinifləri çox soyuq olur, dərsdə gödəkçə ilə otururlar: “Bir-iki sinifdə elektrik isidici var, bizdə yoxdur. Donuruq”.
Məktəbdə istilik sistemi yoxdur. “Təmir gedir, amma tam təmin olunmur. Mən məktəbi 2008-ci ildə bitirmişəm, o vaxt isinmək üçün məktəbə odun daşıyırdıq.
İndi çox adam uşaqlarını rayona aparır təhsil üçün. Ali məktəbə qəbul səviyyəsi aşağıdır. İmkanı olan ailələrin uşaqları əlavə kursa, hazırlığa gedir qəbul olur, digərləri yox”, – yerli sakin Xanalı Orucov deyir.
Kənddə uşaq bağçası da yoxdur. Xanalı deyir ki, qardaşı uşaqlarını hər gün uşaq bağçasına Şamaxıya aparır.
Adının çəkilməsini istəməyən yaşlı kənd sakini isə məktəblə bağlı bunları danışdı:
“Mən 1956-cı ildə bu məktəbdə oxumuşam. O dövrdə 800 nəfər uşaq idik. İndi təxminən 130 uşaq oxuyur. O vaxt 8 illik idi, indi tam təhsil var. Təhsil də zəifdir. Kitabxana var, işlədən yoxdur. Kitabları da valideynlər şəhərə düşüb alırlar. Kim əgər əlavə hazırlığa, müəllim yanına gedirsə, onlar universitetə qəbul olur”.
Ancaq yaşlılar qalıb
SSRİ dağılandan sonra artıq 30 ildir ki, yaranan iqtisadi çətinliklərlə əlaqədar xeyli sayda kənd sakini əsasən Rusiya olmaqla, müxtəlif yerlərə miqrasiya ediblər. Hazırda kənd əhalisi təxminən 1347 nəfərdir. Əsasən yaşlılardır. Gənclər üçün iş imkanı yoxdur deyə əksəriyyəti şəhərə köçür.
Kənd sakinləri əkinçilik, taxılçılıq, maldarlıq və fəhləlik hesabına dolanır. Əkin yeri az olduğu üçün kənd təsərrüfatı əsasən maldarlıqdan ibarətdir. Yetişdirdikləri məhsulları, saxladıqları heyvanları ya illik dolanışıq üçün istifadə edirlər, ya da satırlar.
Məlhəm eyni zamanda turistik zona olan Pirqulu yolunun üzərində yerləşir. Elə bu səbəbdən də kəndin özü də getdikcə turistik zonaya daxil edilir. Hazırda Bakıdan və başqa yerlərdən gəlib Məlhəmdə torpaq sahəsi alanlar burada yeni evlər inşa edirlər və bunların tikintisində yerli əhali iştirak edir. Amma bu, onların həyatlarına və təsərrüfatlarının inkişafına təsir etmir.
Həkimsiz tibb məntəqəsi
“Xəstələnən olanda insanların maddi vəziyyəti icazə vermir ki, rayona, şəhərə xəstəxanaya getsinlər”, – kəndin tibb bacısı Əfilə Bağırova deyir.
Tibb bacısı onu da əlavə edir ki, kənddə insanların ümumi yaşayış səviyyəsi çox aşağıdır.
“Mən 346 manat maaş alıram. Yoldaşım da təqaüd alır. Biz iki nəfərik, bizi qane edir. Elə ailə var ki, 5 nəfərdir, 3-ü məktəbli. Dövlətdən bir qəpik məvacib almırlar, uşaq pulu da verilmir. İş də yoxdur. Kimin ailəsində təqaüd alan varsa, o bir az normal yaşayır. Kimin imkanı varsa, 2-3 heyvan saxlayır.
Onunla da nə qədər dolanmaq olar?! Nə qədər kişilər, qadınlar var ki, zavod-fabrik, üzüm sahəsi olsa, işləyə bilərlər, amma boş-boş oturublar”.
Kəndin tibb məntəqəsi kənddəki inzibatı binalardan birinin bir otağından ibarətdir. İçində də bircə tibb bacısı var.
“Kiməsə nəsə olanda ilk tibbi yardım üçün mənə müraciət edir. Mama-ginekoloq yeri boşdur, həkim yoxdur. Əvvəl var idi, indi təqaüdə çıxıb. İlk yardım üçün avadanlıq, dərmanlar var. Bütün kənd məni tanıyır, nömrəmi də bilir. Gecə neçədə nə olsa, mənə zəng edirlər, vaxtdan asılı olmayaraq, bacardığım qədər yardım edirəm. Öz gücüm çatmayan nəsə olanda Şamaxıdan “103” gəlir”, – Əlifə deyir.
Yerli əhalinin dili unudulur
Məlhəm kəndinin əhalisi əsasən etnik tatlardan ibarətdir. İran dil qrupuna daxil olan yerli tat dilində danışanlar getdikcə azalır.
Bu barədə bizə kənddəki gənclərdən biri danışdı.
“Əlbəttə, yaşlılar tat dilində danışırlar. Gənclər isə kənardan qızlarla evlənirlər. Kəndə gələn gəlinlər tat dili bilmədikləri üçün doğulan övladlarına da bu dili öyrətmirlər. Məktəbdə tat dili tədris edilmir. Beləcə yeni nəsillər arasında tat dili unudulur. Qorxuram ki, 30-40 il sonra kənddə tat dilində danışan ümumiyyətlə qalmayacaq”.
Gürcüstan: “Kənddə heç kim qalmayacaq və əcdadlarımız bizləri bağışlamayacaqlar”
“20 yaşımda Kaspidən kəndə köçmüşəm, çünki vurulmuşdum. Ailəmlə bağlı bəxtim gətirib. Amma qadınların çoxu, əksinə, uşaqlarını kənddə qoyub işləmək üçün xaricə getməyə məcbur qalırlar ki, ailələrini dolandıra bilsinlər”, – Anna Melua.
“Gənclər evlənib həyat yoldaşlarını bura gətirsinlər və burada biznes qursunlar? Bu gün bu artıq mümkün deyil. Heç olmasa gürcü kəndinin məhv olmaqdan xilası ümidinə badə qaldıraq”, – Malxaz Cananaşvili.
Xovle kəndinin hekayəsi. Müəlliflər: Nino Narimanişvili və Nino Memanişvili
↓
- Gürcü şərabı: uğurun arxasında nə dayanır?
- Svaneti necə dəyişirdi?
- Onlar yüz ildən çoxdur ki, Gürcüstanda yaşayır və heç kim onlar haqqında heç nə bilmir
Ermənistan: “Qadınlar küçədə çimə bilər, kənddə bircə kişi də qalmayıb”
“Kişilər yazda adətən Rusiyaya inşaatda işləməyə gedirlər. Payızda qayıdırlar. Çünki Ermənistan kəndlərində kişilər üçün maaşlar çox azdır. Onlar qayıdana qədər uşaqlar və təsərrüfat qadınların üzərində qalır. Onlar hələ balaca biznes də qurmağa çalışırlar. Onlar üçün istənilən qazanc qənimətdir, ailəyə dəstək üçün.
Kişilər və qadınlar Avropada bu qədər işləsəydilər, üç dəfə artıq pul qazanardılar”, – Lusine Məlikyan, Taperakan kəndi.
“Bizdə zarafat edirlər ki, qonşu Nor Kyank kəndində qadınlar küçədə çimə bilərlər, utanası heç kim yoxdur, orada ümumiyyətlə kişi qalmayıb. Biz bir kiloqram üzümə 30 sent (dram ekvivalentində) xərcləyirik. Alverçilərə isə 27 sentə təhvil veririk. Kim burda bu şərtlər altında qalıb işləyər?”, – Hakop Manukyan.
Taperakan kəndinin hekayəsi. Müəlliflər: Sona Martirosyan, Arman Karacyan
↓
- Vordan karmir nəsli kəsilmək təhlükəsi qarşısında
- Xor Virap: Məhbəs niyə və necə müqəddəs yerə çevrilib? Ermənistandan videobloq
- Fotosessiya: Köhnə Qoris – mağaralar şəhəri
Qafqaz kəndlərində həyat haqda, foto və video