Gölün sahibi
Zöhrab Zülfüqarov Göyçay şəhərində, Azərbaycanın eyni adlı rayonunun inzibati mərkəzində anadan olub (Bakıdan üç saat yarımlıq məsafədə). İxtisasca mühəndis-elektrik olan Zöhrab həmişə təbiəti sevib və ona yaxın olmağa çalışıb. Göyçayda onun meyvə bağı və bostanı vardı. 1990-cı ildə isə o, Şəkili kəndində meyvə şirəsinin istehsalı ilə məşğul olmağa başlayır.
Xammal üçün yararlı olan meyvələrin axtarışı məqsədilə ətraf kəndləri gəzən Zöhrab süni gölün yaradılması üçün münasib yer tapır. O, tikinti şirkətinə müraciət edir, tezliklə yeni biznes layihə istismara hazır vəziyyətə gətirilir.
Əvvəlcə dövlətə icarə haqqı ödəmək lazımıydı, SSRİ dağılandan sonra isə Zülfüqarov özünün, öz sözləri ilə desək, istirahət zonasını özəlləşdirə bildi. Müstəqillik dövründə yerli məmurlar bu istirahət zonasını Zöhrab Zülfüqrovun əlindən almaq istəyiblər. Onun sözlərinə görə, bir neçə dəfə təklif və təhdid edilməsinə baxmayaraq o, bu ərazidən imtina etməyib.
Buradaca ev tikib, meyvə ağacları əkib, oranjereya düzəldib. Zöhrab qürurla deyir ki, onun becərdiyi pomidor, badımcan və bolqar bibəri “bazardakı kimi deyil, yerli sortdur. O, meyvə-tərəvəzi satmır, bu ailə və istirahət zonasının müştəriləri üçündür.
Müştərilər burada dadlı yeməklər yeyə, balıq tuta və ya sadəcə şəhər həyatından dincələ bilərlər. Burada feys-kontrol var: sahibkar ailəli, ciddi insanlara üstünlük verir, gözündə etibarlı görünməyən adamlara isə burada xidmət göstərilmir.
Bura doğmaları da gəlir – Zöhrabın iki oğlu, bir qızı, beş nəvəsi var. Böyük oğlu Dubayda biznes sahibidir, kiçiyi atasına kömək edir, qızı Bakıda yaşayır. Özü isə şəhərdə bir-iki gün də qala bilmir, sakitlik, dinclik, təmiz hava və sevdiyi işinə çox bağlıdır.