“Müharibə kabusu Cənubi Qafqazda dolaşır”. Bakıdan təhlil
Müharibə kabusu Cənubi Qafqazda
“2023-cü il beynəlxalq beyin mərkəzlərinin mümkün müharibələrlə bağlı hesablamaları ilə başladı. Siyahıda Azərbaycanla Ermənistan arasında mümkün hərbi toqquşma da var. Bununla belə, regionumuzda açıq hərbi toqquşma potensialının qaldığı və risklərin Azərbaycan və Ermənistandan az olmadığı bir neçə yer var. Müharibə kabusu Cənubi Qafqazda dolaşır”, – azərbaycanlı politoloq Fərhad Məmmədov deyir.
- Yoxsulluq
- “Qul bazarı”
- “Nəticə əldə edənə qədər” – azərbaycanlı ekspertlər Laçın dəhlizindəki etirazlar haqda
Təhlilçi Fərhad Məmmədovun fikrincə, Cənubi Qafqazda qarşıdurma xətlərini və müharibə ehtimalını belə ümumiləşdirmək olar:
• İran Azərbaycana qarşı
• İran Ermənistanla birlikdə Azərbaycana qarşı
• Rusiya Gürcüstana qarşı
• Rusiyaya qarşı Azərbaycan-Gürcüstan birliyi
• Rusiya və İrana qarşı Azərbaycan-Gürcüstan-Türkiyə birliyi
Əsas proses dəyişənləri
Azərbaycanlı politoloq Fərhad Məmmədov qeyd edir ki, Ukrayna müharibəsindəki qeyri-müəyyənlik Cənubi Qafqazda müharibəyə səbəb ola biləcək proseslərə təsir edən əsas dəyişəni yaradır:
“Eyni zamanda, Ukraynada həm tam qələbə (SSRİ 2.0 layihəsinin uğururunu inkişaf etdirmək), həm də məğlubiyyət halında (İranla birgə Avropa və Asiya arasındakı son quru yolları bağlanmaq) Rusiyanın aqressiyasının Cənubi Qafqaza yayılması riski yüksəkdir.
Həmçinin başa düşmək lazımdır ki, Rusiyada resursların zəifləməsi və məhdudlaşdırılması regional gücləri “miras” uğrunda mübarizədə aktivləşdirəcək. Mən Cənubi Qafqaz regionunda İranı nəzərdə tuturam”.
Qərbin təzyiqi
“Rusiyanın Cənubi Qafqazda mövcudluğu digər oyunçuların təzyiqi altındadır, xüsusilə Türkiyə və ABŞ-Aİ birliyinin.
Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanacağı təqdirdə baş verməli olan proseslər (Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə sərhədlərinin açılması, Aİ-nin maliyyə paketlərinin həyata keçirilməsi, ABŞ-ın Ermənistana cəlb olunması) Rusiyada optimizm yaratmır.
Moskva Ukraynada qələbə qazanacağı təqdirdə sülh müqaviləsinin yeni reallığını qəbul edə bilərdi, lakin indi bu, Rusiyanın maraqlarına uyğun deyil”, – Məmmədov bildirir.
“Bizdən sonra nə olur olsun”
Politoloq qeyd edib ki, əgər Bakı və Yerevan “indiki şəraitdə sülh müqaviləsi bağlaya bilsələr, o zaman Rusiya “bizdən sonra nə olur olsun” prinsipini işə salacaq.
“Moskva İrana hərbi aktivləşmə üçün icazə verəcək. Bəs İran hərbi macəraya atılmağa hazır olacaqmı?!
Qısaca qeyd etmək istərdim ki, Azərbaycanın müttəfiqi – Türkiyə, strateji tərəfdaşı Pakistan (nüvə silahına malik yeganə müsəlman ölkəsi) və Səudiyyə Ərəbistanı narahatlıq ifadələri ilə məhdudlaşmayacaqlar. Bütün bu ölkələr də İranın qonşularıdır!”.
Məmmədovun sözlərinə görə, İsraildə Benyamin Netanyahunun hakimiyyətə gəlməsi İranı da “dirçəldib”:
“Hazırda İrandakı daxili ziddiyyətlər gələcək eskalasiya üçün ən vacib şərtdir. Söhbət etirazların özündən yox, elitada bu etirazlara reaksiya ilə bağlı ziddiyyətlərdən gedir. İranda “müavin polis”in taleyi mövzusu bu ziddiyyətlərin göstəricisidir. Şərti olaraq qeyd edə bilərik ki, iki qrup var: SEPAH-ın (İran İnqilab keşikçiləri Ordusu) zəif təhsilli, lakin çox nüfuzlu rəhbərləri ilə təmsil olunan radikallar və hakimiyyətin rejimin yumşaldılması istiqamətində ən azı müəyyən addımlar atmasının tərəfdarı olan siyasətçilər, diplomatlar və regional qrupların nümayəndələri.
Totalitar rejimlər sistemli islahatlara gedə bilməz, xüsusən də ideoloji sahədə. İdeologiyada “yenidənqurma” həmişə sistemin məhvinə gətirib çıxarır”.
“Müharibə kabusu Cənubi Qafqazda dolaşır”
“Beləliklə, Cənubi Qafqazda mövcud təbii münaqişə potensialı ilə yanaşı, Ukrayna müharibəsindəki vəziyyətdən, Rusiyanın resurslarının məhdudlaşmasından və İranın proseslərə reaksiyasından irəli gələn müharibə potensialı da əlavə olunur.
Bütün bunlar Türkiyədə seçki mənzərəsindəki qeyri-müəyyənlik fonunda baş verir. Şübhəsiz ki, Rusiya və İran rəhbərliyinə Ərdoğanla çətindir, lakin münasibətlər artıq inkişaf edib. Bu əlaqələri “proqnozlaşdırıla bilən gözlənilməzlik” və ya “rəqabətli tərəfdaşlıq” kimi təsvir etmək olar. Ərdoğanın əvəzlənməsi Rusiya və İran üçün problemlər yaradacaq, buna cavab hərbi güc tətbiqini nəzərdə tutur, özü də çox qısa müddətdə.
Azərbaycanın indiki vəziyyətdə yeganə qabaqlayıcı addımı situasiya koalisiyalarının fəallaşması, silahlı qüvvələrin gücləndirilməsi və düşmənə maksimum ziyan vuran silahlar əldə etməsidir. Təcavüzün dəyəri mümkün qədər bahalaşdırılmalıdır.
Keyfiyyətcə yeni bir silahın nümayişinin çox faydalı olacağına təəccüblənmərəm. Paralel olaraq, Türkiyənin razılaşmaların təminatçısı kimi iştirakı ilə İranla situasiyanın normallaşması mümkündür”, – deyə Fərhad Məmmədov sözlərini yekunlaşdırıb.