“Nəticə əldə edənə qədər” – azərbaycanlı ekspertlər Laçın dəhlizindəki etirazlar haqda
Nəticə əldə edilənə qədər
Azərbaycanlı fəalların Laçın yolunda etiraz aksiyasının 26-cı günü başa çatır. Aksiya nə vaxt bitəcək, hələ heç kim bilmir. Azərbaycan hökumətinin nümayəndəsi nəticə əldə olunana qədər etirazların davam edəcəyi barədə fikir bildirib. Politoloq Elxan Şahinoğlu hesab edir ki, azərbaycanlı mütəxəssislərin Qarabağ mədənlərində monitorinq aparmasına şərait yaradıla bilər. “Ancaq tək monitorinqlə məsələ bitrməyəcək”, – deyə o əlavə edib.
- “Qul bazarı”
- Azərbaycanda minimum əməkhaqqı və pensiyalar artıb – ekspertlər narazıdır
- Azərbaycan və Ermənistan arasında yeni müharibə? Bakıdan “Foreign Policy” proqnozları haqda təhlil
“Nəticə əldə olunana qədər”
“Nəticə əldə olunana qədər Laçın-Xankəndi yolunda aksiyalar davam edəcək”, – yanvarın 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
“İşğaldan azad olunmuş ərazilərdə yataqlarımızın qanunsuz istismarı və ekologiyanın pozulması istiqamətində hər hansısa bir irəliləyiş yoxdur. Bunun üçün ictimai fəallar tərəfindən aksiya keçirilir. Aksiyaçıların tələbləri çox normaldır. Onlar sözügedən ərazidə monitorinqlərə razılıq verilməsini tələb edirlər. Düşünürəm ki, nəticə əldə olunana qədər aksiyalar davam edəcək”, – deyə o qeyd edib.
Üç həll yolu
Laçın yolundakı etiraz aksiyası birinci ayına yaxınlaşır – “Atlas” Analitik Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu xatırladır.
“Ermənistan hakimiyyəti, erməni separatçıları və dünyadakı erməni lobbisi var gücləriylə müxtəlif dövlət və beynəlxalq təşkilatların yoldakı aksiyaya görə Azərbaycana təzyiq etməsinə çalışsalar da, “yol bağlıdır”, “xəstələrimiz dərmansız qalıb”, “Qarabağ erməniləri acdırlar” kimi dezinformasiyalar yaysalar da, nəticə hasil etmədilər. Fransanın siyasi dairələrinin Azərbaycan əleyhinə çalışmaları da nəticə vermədi”, – politoloq bildirib.
Onun sözlərinə görə, aksiyanın əsas hədəfi Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidəki qızıl və mis yataqlarında monitorinqə imkan yaradılmasıdır.
“Buna nail olunmayıb. Belə olan halda “aksiya hələ nə qədər davam edəcək” sualı aktuallaşıb. Bu sualın bir neçə cavab variantı var:
- Qarabağdakı erməni separatçıları məcburiyyət qarşısında qızıl və mis yataqlarında azərbaycanlı məmurların monitorinqinə imkan yaradırlar. Bu halda azərbaycanlı məmurlar yataqlarda monitorinq aparır və yoldakı etiraz dayandırılır. Ancaq monitorinqlə məsələ bitməyəcək, dövlətin yataqları və əldə edilən gəlirin nəzarət altına alması mövzusu aktuallaşacaq.
- Qarabağdakı erməni separatçıları azərbaycanlı məmurların monitorinqinə icazə vermirlər və etiraz qeyri-müəyyən müddətə qədər davam edir.
- Azərbaycanın məqsədi yalnız yataqların monitorinqi deyil. Digər məqsəd Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməkdir. Bir müddətdən sonra ekoloqların etirazına fasilə verilsə belə fəalların əvəzinə yolun həmin hissəsində Azərbaycan hərbçiləri post qururlar və Qarabağa daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamağa başlayırlar. Bu 2020-ci ilin 9 noyabr bəyanatına zidd deyil, yol bağlanmır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzarətə götürülür.
“Aksiya pərdəarxası razılaşma ilə başa çatacaq”
Siyasi icmalçı Hacı Namazov isə Laçın yolunda aksiyanın bitməsi ilə bağlı fərqli fikirdədir. Onun sözlərinə görə, hər şey “maraqlı tərəflərin pərdəarxası razılaşması” ilə bitəcək:
“Etirazla bağlı vəziyyətə bir az kənardan baxsanız, həll olunmaz görünür. Gəlin düşünək.
Azərbaycanlı fəallar hansısa nəticə əldə etmədən oranı tərk etməyəcəklər. Bu, artıq ölkə hökumətində də açıq şəkildə bəyan edilib. Rəsmi Bakının Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlərə maksimalist yanaşması ilə aksiyanın bu cür dayandırılmasını təsəvvür etmək mümkün deyil.
Qarabağ erməniləri, yəni Ruben Vardanyanın rəhbərlik etdiyi qeyri-qanuni hökumətin bəyanatlarına baxsaq, onlar da Azərbaycanın monitorinqinə imkan verə bilməz. Burada hər şey sadədir – əgər Azərbaycanın yataqları öz nəzarətinə götürməsinə icazə verilsə, o zaman Xankəndidə Azərbaycan bayrağının dalğalanmasına bir addım qalır. Amma bu yataqlar daha işləmir, səbəbi də çox sadədir çıxarılan filizi daşımağa yer yoxdur. Yəni indi Vardanyanın itirəcəyi heç nə yoxdur.
Yəni burada vəziyyət ümidsizdir. Amma qəpiyin digər üzü də var. Bu isə Azərbaycanın Laçın yolunda etiraz aksiyasına başlamaqla güdə biləcəyi məqsədlərdir. Burada Yerevan oyuna girə bilər.
Paşinyan və hökuməti Laçın və Zəngəzur dəhlizləri üçün eyni şərtlərə razılaşarsa, məsələ öz-özünə həllini tapacaq. Bu mənim təxminimdir, amma məncə həqiqətdən uzaq deyil. Cəsarətlə deyə bilərəm ki, bu mövzu ilə bağlı pərdəarxası danışıqlar uzun müddətdir ki, gedir. Laçın yolunda etiraz isə Ermənistana təzyiq göstərmək üçün sadəcə əlavə vasitədir”.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube