İlham Əliyev: “Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq”
Əliyev Qarabağ ermənilərilə danışıq haqda
Azərbaycan prezidenti ilk dəfə Qarabağın erməni əhalisi ilə danışmağa hazır olduğunu bildirib, amma müəyyən şərtlərlə. “Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”, – deyə o bildirib.
- Fransanın Azərbaycana qarşı şantaj siyasəti nəyə xidmət edir? Bakıdan təhlil
- ABŞ və Rusiya xüsusi xidmət orqanlarının rəhbərləri Ankarada nə haqda danışıblar? Türkiyədən icmal
- Azərbaycanlı, erməni və gürcünün Berlin görüşü və ya “Dolma gündəlikləri” filmi
Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şubel, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı üzvü olan bir sıra ölkələrin məsul şəxsləri ilə görüşdə qonaqları Ermənistanla danışıqlar prosesinin gedişi haqda məlumatlandırıb.
“Biz də sülh arzulayırdıq, lakin torpaqlarımızı geri istəyirdik”
İlham Əliyev Bakıya gəlməzdən əvvəl Yerevanda olduqları zaman Avropa strukturlarının nümayəndələrinin Ermənistan rəhbərliyindən sülh mesajı aldığına eyham vuraraq bildirib:
“Biz işğalın davam etdiyi bütün illər ərzində bu mesajları eşitmişik. Lakin onlar səmimi deyildi. Biz də sülh arzulayırdıq, lakin torpaqlarımızı geri istəyirdik. Onlar isə torpaqları geri qaytarmadan sülh istəyirdilər. Fərq bunda idi.
Beləliklə, biz münaqişəni güc yolu ilə, daha sonra isə siyasi vasitələrlə həll etməli olduq.
Mən bu gün onların sülh haqqında danışmasını bir növ manipulyasiya hesab edirəm. Çünki onlar həqiqətən sülh arzulayırdılarsa, bizim təklifimizə cavab verərdilər.
Müharibə başa çatdıqdan dərhal sonra sülh sazişi üzərində danışıqlara başlamağı təklif edən biz olmuşuq. Bu, dünya tarixində nadir hallardandır ki, ərazisi uzun illərdir işğal altında olan, ədaləti güc yolu ilə bərpa edən, düşməni məğlub edərək torpağından qovan ölkə sülh təklif etsin. Biz Ermənistan tərəfindən ərazilərimizin dağıdılması və viran qoyulması, azərbaycanlıların əzab-əziyyət çəkməsinə baxmayaraq, sülh təklif etdik”.
“Biz onların anlamında sülhün nə olduğunu anlamırıq”
Azərbaycan lideri qeyd edib ki, Ermənistana “məlum beş prinsipdən ibarət sülh və bir növ çərçivə” təklif edilib.
Həmçinin qeyd olunub ki, delimitasiya üzrə komissiya yaradılması təklifi də Azərbaycandan gəlib.
“Məhz biz münasibətlərin normallaşdırılması üçün əsasları müəyyən etməyə çalışdıq. Ermənistan bu prosesin ilkin mərhələsində çox tərəddüd edirdi. İndi isə onlar sülh haqqında danışırlar, lakin biz onların anlamında sülhün nə olduğunu anlamırıq.
Bununla belə, bizim mövqe çox aydındır. Bu, dəfələrlə ictimaiyyət qarşısında, o cümlədən mənim Avropa Komissiyasının rəhbərliyi və normallaşma prosesində iştirak etmiş, hazırda iştirak edən ölkələrin, yəni, Birləşmiş Ştatların və Rusiyanın liderləri ilə kontaktlarım zamanı qeyd olunub.
Bizim iki yolumuz olmalıdır: Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi və həmçinin hüquqlar və təhlükəsizlik baxımından Azərbaycanda, Qarabağda erməni azlığına aid məsələlər”, – deyə Əliyev əlavə edib.
“Əgər onlar sülh istəmirlərsə, onda bu onların seçimidir”
Azərbaycan prezidenti ABŞ dövlət katibi Entoni Blinkenlə söhbətinin təfərrüatlarını açıqlayıb:
“Elə dünən dövlət katibi Blinken ilə mənim telefon danışığım olub. Biz bu haqda bir daha danışdıq. Biz tam anlayırıq ki, iki yol olmalıdır və onlar bir-birinə qarışmalı deyil. Lakin Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir.
Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu, bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq.
Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır.
Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır”.
“Cənab Paşinyan bilməlidir ki, biz bunu eşidirik”
Söhbət zamanı Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın az əvvəl səsləndirdiyi bəyanatın bəzi məqamlarını da şərh edib:
“Əgər bu ölkə sülh istəyirsə, onda o, çox təhlükəli ritorikadan əl çəkməlidir. Bu yaxınlarda Ermənistan rəsmiləri Azərbaycanı İŞİD və “Əl-Qaidə” ilə müqayisə etmişdilər. Fikrimcə, bu, çox təhlükəli ritorikadır.
Birincisi, onların özləri İŞİD və “Əl-Qaidə” kimi hərəkət etmişdilər. Avropa İttifaqının səfirləri azad edilmiş ərazilərə baş çəkmişdilər. Ermənilər tarixi və dini irsə İŞİD və “Əl-Qaidə”nin eynilə etdiyi kimi yanaşmışdılar. Biz yox. Onlar. Onlar terror aktları törədiblər. Onlar soyqırımı törədiblər. Onlar bizim məscidləri uçurublar. Biz yox.
Lakin cənab Paşinyan bu sözləri istifadə edərkən bilməlidir ki, biz bunu eşidirik. O, bizim reaksiyamızın necə olacağı barədə düşünməlidir. Bir sözlə, məsələ asan deyil. Hesab edirəm, vacib odur ki, Ermənistan, əslində, istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu alınmayacaq”.
“Biz Qarabağda yaşayan ermənilərlə söhbətə hazırıq”
Nitqinin sonunda Əliyev ilk dəfə Qarabağın erməni əhalisi ilə danışmağın mümkün oldğunu bildirib, amma bəzi şərtlərlə:
Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib.
Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur.
Artıq söylədiyim kimi, Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni, Azərbaycanın bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum arasında konsensus olmalıdır”.