70 il o tərəfə baxmaq belə olmazdı - Qars müqaviləsinin Gürcüstan və Türkiyə arasında bölüşdürdüyü kəndlərin faciəsi
13 oktyabr 2021-ci ildə Qars şəhərinin valiliyində Sovet İttifaqı və Türkiyə arasında yeni sərhədin müəyyən edilməsi haqda sənədin imzalanmasının 100 ili tamam olacaq.
Bu müqaviləyə əsasən, Türkiyə Sovet İttifaqına ən böyük Batumi şəhəri də daxil olmaqla Açarın bir hissəsini verir, əvəzində də Sovet İttifaqından Qars, Artvin və Ardağanı alır.
Bu, Gürcüstanın işğalından sonra, Qızıl ordunun hələ orada olduğu vaxt baş verib, – Gürcüstanın demokratik hökuməti sürgün olunub, ölkənin özündə isə işğalçı rejim bərqərar olurdu.
Qars müqaviləsi bağlanandan sonra Maçaxela dərəsi iki yerə bölündü – dərənin 6 yaşayış məntəqəsi (rayon mərkəzi Borçxa şəhəridir) olan yuxarı hissəsi Türkiyənin tərkibinə keçdi, dərənin aşağı hissəsi isə Gürcüstanın tərkibində qaldı.
Sovet dövründə bu yer sosialist və kapitalist dünyalarının kəsişdiyi nöqtəyə çevrildi və tam qanunauyğun olaraq sərt nəzarət altındaydı. Sərhədçilər və xüsusi buraxılışı olan yerli əhalidən başqa bura demək olar ki, heç kim gələ bilmirdi. Sərhəd ailələri ayırdı, qardaşları, bacıları, valideynləri, övladları, qohumları həmişəlik ayırdı.
Jurnalist Natiya Tavdqiridze Maçaxela dərəsinin gürcü və türk kəndlərində olub və çox sayda maraqlı hekayə eşidib. Məqalə 2017-ci ildə ilk dəfə dərc olunub, biz onu təkrar dərc edirik.
Kvemo (Aşağı) Maçaxela – Gürcüstan
Kvemo Maçaxela dərəsi dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşir və Xelvaçauri rayonuna daxildir. Onun tərkibində ondan çox kənd, həmin kəndlərdə isə 722 ev təsərrüfatı var. Burada demək olar ki, bütün ailələr arıçılıq və heyvandarlıqla məşğul olmaqla birtəhər dolanırlar.
David Kaxidze 78 yaş:
“Bu evin hardasa 150 yaşı var. Burada dörd nəsil böyüyüb. Onu hələ mənim babam tikib. Tikinti materialı isə anamın cehizi olub. Divardakı şəkil mənim anamındır. Ailə qurana qədər o qonşu kənddə yaşayırdı. İmkanlı ailədən olub. Tikinti üçün lazım olanları qonşu kənddən göndəriblər”.
“Rus-türk müharibəsi ailəmə böyük əzablar gətirib. Yüz il əvvəl Maçaxela dərəsi çox böyük idi. Jandarmlar və sərhədlər ünsiyyət üçün maneə yaratmırdı. Rusiya-Türkiyə müharibəsindən sonra isə sərhədi bağladılar. Müharibə bitəndən sonra Rusiya ordusu Açaristkalidə, türk ordusu isə Borçxada dayanmışdı. Onların arasındakı ərazi azad idi, onu sonrada böldülər. Bütün bunlar Qars müqaviləsindən sonra oldu.
Sərhəd çəkiləndə anamdan burada qalacağını və ya qohumlarının yanına qayıdacağını soruşdular. Neyləməliydi? O tərəfdə valideynləri, qardaşları, bacıları. Amma o beş uşağını qoyub necə gedə bilərdi? Sonra sərhədi tam bağladılar. Anam öz yaxın qohumların görmədən vəfat etdi.
Maçaxelanın Türkiyə hissəsində gürcü ənənələri indiyə kimi unudulmayıb. Evləri də Gürcüstan tərəfdəki kimi tikirlər. Gürcüstan tərəfdə olduğu kimi də əhali balçılıq və heyvandarlıqla dolanır.
Qocaldıqca məni anamın doğma diyarı özünə çəkir. Evimin eyvanından oradakı dağlar görünür. Qohumlarımı gec-gec görürəm. Düzdür, ora getmək olar, amma gərək Sarpi gömrüyünü keçəsən, daha sonra da nəqliyyatı dəyişərək, bir neçə saat yol gedəsən. Əziyyətlidir, az pul da getmir. Amma sərhədimiz açıq olsaydı, buradan yarım saatlıq yol var”.
Onlar bizə daha tez-tez gəlirlər – qışda onların kəndləri Türkiyənin qalan hissəsindən təcrid olunur, ona görə də ağır xəstələri bizim xəstəxanalara gətirirlər. Onlara qısa yoldan istifadə hüququ veriblər, bizə isə yox. Bəlkə də Türkiyə hakimiyyəti bizimkindən yaxşıdır, ona görə”.
Fadimə Kirkitadze, 102 yaş:
“Məni, məndən xəbər almadan tez ərə veriblər. O vaxtların qaydaları beləydi. Yoldaşımla böyük əziyyətlə də olsa ev tikdik, uşaqları böyütdük, ayağa qaldırdıq. İnstitutda oxumamışam, müharibə gedirdi, amma uşaqlarım və nəvələrimin hamısı ali təhsillidir. Bütün qohumlarım sərhəd bağlananda o tayda qaldı.
Əvvəlcə həmkəndlilər bir nəfərlik dar cığırla bir-birinin qonaq gedirdi. Kəndlər bir-birinə o qədər yaxınıydı ki, ketsini (gil qab) köz üzərinə qoyub, qonaq gedib gələ bilirdilər, yemək isə hələ qızmağa imkan tapmırdı”.
“1936-cı ildə kəndə jandarmlar (çox güman ki, polis) gəldi və sərhədi tamamilə bağladılar. O tərəfə baxmağı belə qadağan etdilər. Ruslar da, türklər də buna ciddi nəzarət edirdi.
Bununla belə, bir-birindən xəbər tutmaq – kimdə şər, kimdə xeyir iş olduğunu bilmək üçün bir-birlərinə gizlicə məktub yazırdılar. Ən çox fəallığı da qadınlar göstərib. Əcdadların yaratdığı gizli yazı ilə yazırdılar. Bu, gürcü yazısının nadir növlərindəndir. Məktubu oxuyan kimi də yandırırdılar, bu səbəbdən bu günə heç nə qalmayıb.
Mənim Xertvisidə, Artvində çoxlu qohumlarım var. Məcburən ayrılanda çox göz yaşı tökdük. Yadımdadır, məktubların birində şer yazdım: “Uç, qara qaranquş, Samsuna tərəf uç, dərd çəkən qardaşımdan məktub gətir”.
Tarixçi, etnoloq Roin Malakmadze:
“Ağsaqqallar deyir ki, 1980-ci illərə qədər o tərəfə edilən bir jest belə yolverilməz idi. Yetmiş il dəmir pərdə arxasında yaşamışıq – həm Türkiyə, həm də sovet tərəfindən. 1988-ci ildə Zemo (Yuxarı) Maçaxeladan bizə xəstə yaşlı qadın gətirdilər.
O il çox qar yağmışdı və onlar onu Türkiyənin hansısa böyük şəhərində xəstəxanaya çatdıra bilmədilər, ona görə də bizim yoldan istifadə etdilər. Bu, bizim kəndin həyatında çox yaddaqalan hadisə oldu”.
“Sonra biz tərəfdən ora 100 yaşlı qadın keçdi. O, Borçxada doğulmuş, ərə getmiş və 70 il qohumlarını görməmişdi. Beləcə yavaş-yavaş münasibətlər istiləşdi”.
Zemo (Yuxarı) Macaxela – Türkiyə
Sarpidəki nəzarət buraxılış məntəqəsində böyük növbə var. Onu keçəndən sonra Zemo Maçaxela kəndinə çatmaq üçün daha dörd saat vaxt lazımdır.
Kəndin ortasında məscid var. Girişdə üç dildə türk, ingilis və gürcü dilində yazı var. Yazılıb ki, məscidi yüz il əvvəl lazlardan (lazlar əsasən Türkiyədə yaşayan gürcü etnosudur) olan usta tikib.
Zemo Maçaxela gürcü tərəfini xatırladır – eyni evlər, eyni çəpərlər.
Zemo Maçaxela dəniz səviyyəsindən 400-1200 metr yüksəklikdə yerləşir və Artvin vilayətinin Borçxa rayonuna aiddir.
Tərkibində 6 kənd var. Burada əsasən gürcülər yaşayır. Qışı sərtdir, güclü qar yağanda kəndlər dünyada tədric olunmuş vəziyyətdə olur. Ona görə qışda bu yerlər demək olar ki, boşalır. Yerli əhali iş axtarışı ilə Türkiyənin müxtəlif şəhərlərinə dağılıb, amma yayda hamısı doğma diyarda toplaşırlar.
Sərt coğrafi vəziyyət müəyyən mənada Zemo Maçaxelanı Türkiyənin qalan hissəsindən tədric edib, bu səbəbdən də Türkiyənin gürcülər yaşayan başqa ərazilərinə nisbətən gürcü dili burada daha yaxşı saxlanılıb. Yerli əhali tək gürcü dilini deyil, həm də ənənələri, həyat tərzini, folkloru və s-ni də qoruyub saxlaya bilib. Gənclər, hətta uşaqlar da gürcü dilini bilir.
Mövlud Ozaidin bütün il boyu kəndi tərk etmədən yaşayan yeganə adamdır. Ağ bığlı və ağ saçlı, bəstəboy yaşlı kişi bizi öz evinə dəvət edir.
Həyətdə çörək bişirmək üçün sobada alov qalayan xanımı: “Qonaqları salamlayıram”, – deyir.
Evin girişində ev yiyələri ayaqqabılarımızı çıxarmağı xahiş edir. Ev sahibi bizi ənənəvi çaya qonaq edir
Mövlud Ozaidin (Tevtidze) 75 yaş:
“Uşaqlarım İstanbulda yaşayır, mənsə əcdadlarımın qəbirlərini qoyub gedə bilmərəm. Anam Abaşidze soyundandır, Tsxemlana kəndindən. Sərhədi bağlayanda anam artıq atama nişanlıydı. Sərhədçilər anamı bura buraxmadı. Atam onu, öz nişanlısını qaçırmalı oldu.
Ailə qurandan sonra anam bir dəfə də olsun valideynlərini görməyib. 1987-ci ildə vəfat edib, o günə qədərdə hər gün doğmalarını göz yaşı ilə xatırlayardı. Bir ili çatmadı – 1988-ci ildə Sarpi ilə sərhədi açdılar. O günü görmədi getdi.
Dörd xalam Batumidə yaşayırdı. Onların övladlarını görməyə tez-tez gedirəm. Kvemo Maçaxeladakı qohumlarımı görmək üçün ilk dəfə 1996-cı ildə ora getmişəm. Çox yaxşı qarşıladılar. Bir ay onlarda qaldım”.
Arzum budur ki, sərhəd tamamilə açılsın, mənim övladlarım və nəvələrim asanlıqla qohumlarını ziyarət edə bilsinlər, onlar da bizi. Sıx ünsiyyət olmazsa dilimizi itirə bilərik. Axı gürcü dilində ancaq evdə danışırıq. O da ancaq yaşlı nəsil danışır. Övladlarım gürcü dilini başa düşür, amma pis danışırlar, axı buradakı məktəblərdə gürcü dili dərsi yoxdur
İbrahim Kaia (Vasadze) 24 yaş:
“Məktəbə hər gün bu yolla gedirdim. Efrate məscidi olan yerdə uşaqlığımda yarı dağılmış kilsə varıydı. Orada uşaqlarla gizlənqaç oynamağımız yaxşı yadımdadır. Atam danışırdı ki, vaxtilə çox gözəl kilsə olub, onun babası və nənəsi burada gizlicə şam yandırırlarmış.
Daha sonra kilsə daşlarından məscid tikildi və indi oraya cümə günləri müsəlmanlar toplaşır. Mən dostlarımla Batumidə nadir hallarda oluram. Böyüklər daha tez-tez gedir. Axı biz köklərimizin qorunmasına yaramadıq. Halbuki uşaqlıqdan köklərimi bilirəm, gürcü dilini başa düşürəm, amma danışmıram”.
Etnoloq Tamila Lomtatidze:
“Maçaxela dərəsində bu günə qədər arxaik gürcü ənənələri, həyat tərzi elementləri və bəzi bayramları qoruyub saxlayıblar. Burada öz tarixi vətənində belə qalmayan mərasimlər qorunub saxlanılıb – Xidirelezi, Axotoba, Marioba, Şuamtoba.
Bu, adi haldır – yad yerlərdə, xristian ənənələriylə yaşamağın qadağan edildiyi bir ortamda öz özügürlüyünü saxlamaq üçün bu xalqın özünü qoruma mexanizmi işə düşüb və onlar arxaik ənənələrini və qaydalarını yada saldı”.
Otar Qoqolaşvili tarixçi:
“1990-cı illərdə, Gürcüstan yenicə müstəqilliyini bərpa etdiyi zaman ölkə hakimiyyəti bir çox köhnə sazişləri ləğv etdi və bu sənədləri tarix arxivinə təhvil verdi, Qars müqaviləsinə isə dəymədilər – Türkiyə etiraz etdi.
1992-ci il iyulun 30-da Gürcüstanın o vaxtki rəhbəri Eduard Şevarnadze və Türkiyənin baş naziri Süleyman Dəmirəl Qars sazişi əsasında yeni saziş hazırladılar və faktiki olaraq Qars müqaviləsini müddətsiz uzatdılar”.
Zaza Şaşikadze, tarixçi, Türkiyə tarixi üzrə mütəxəssis:
“Qars sazişi 100 il müddətinə imzalanıb və bu sənədin müddəti dörd il sonra 2021-ci ildə başa çatır. Bununla bağlı olaraq siyasi spekulyasiyalar artıb, baxmayaraq ki, müddətin başa çatması saziş imzalanmamışdan əvvəlki vəziyyətə qayıtmaq demək deyil. Birincisi, beynəlxalq hüquq nöqteyi-nəzərindən bu sənədin heç bir gücü yoxdur, çünki 1921-ci ildə Qars sazişini imzalayan ölkələr bu gün mövcud deyil.
İkincisi isə Gürcüstan və Türkiyə arasında 1992-ci il iyulun 30-a aid saziş mövcuddur, orada bildirilir ki, tərəflər Qars sazişində göstərilmiş sərhədləri tanıyır. Bax bu saziş Qars sazişinə nisbətən daha yüksək hüquqi səviyyədədir”.