Yerevan yarmarkalarının onlarla ticarətçisi bu gün Ermənistan Milli Məclisinin qarşısında etiraz aksiyası keçirib. Nümayişçilər xırda və orta biznes sahiblərinə qarşı təzyiqi dayandırmağı tələb edib, Dövlət Gəlirləri Komitəsinin onlara inzibati təzyiq göstərməsindən şikayətləniblər.
“Tələb edirik ki, bizə ədalətli münasibət göstərsinlər, bu təzyiqlərə nəhayət son qoyulsun. Dövlət Gəlirləri Komitəsi rəhbərinin sərt və kobud ifadələri insanları qorxudub. Bəziləri vergi nümayəndələri haqda eşidəndə lap payız yarpağı kimi əsir”, – ticarətçilərdən biri deyib.
Ticarətçilər Dövlət Gəlirləri Komitəsinin tətbiq etdiyi yeni qaydalardan narazıdırlar. Onlar qarşısında hər bir malı sənədləşdirmək tələbi qoyulub. Sənədlərin olmaması cərimələrlə nəticələnəcək.
Ticarətçilər bildirirlər ki, yeni yanaşma nəticəsində onlar əvvəlkindən daha çox vergi ödəməli olacaqlar. Üstəlik yeni nizamlamalar əlavə bürokratik maneələrə gətirib çıxaracaq. Yekunda onlar öz müəssisələrini bağlamalı olacaq, çünki hər bir malın sənədləşdirilməsi üçün onlarda olmayan qədər vəsait tələb olunur.
“Biz bu prosesə qarşı çıxa bilmərik. Bundan başqa, bizə qarşı kobudluq edirlər və biz bu cür davranışa artıq dözə bilmirik. Biz cani deyilik. Əgər onlar istəyirlərsə ki, biz hər mal üçün kəsmədiyimiz çekə görə 175 min dram [təxminən 370 dollar] cərimə ödəyək, bu başqa məsələ”, – “Həmrəylik” ictimai təşkilatının rəhbəri Armen Nersisyan bildirib.
Etiraz aksiyası iştirakçıları Dövlət Gəlirləri Komitəsinin öz əməkdaşlarına qarşı kampaniya başlatmaqla bağlı çağırış ediblər.
“Qoy, Komitə əməkdaşları bu cür təqibə məruz qalsınlar. Onlar hansı yolla belə varlana biliblər? Hamısı necə milyonçu olub? Komitə işçilərinin təmtəraqlı evləri, maşınları… Qoy, onların hamısını vergi sahəsinə qaytarsınlar. Niyə bunu eləmirlər?” – ticarətçilərdən biri sual edir.
Dövlət Gəlirləri Komitəsi etirazçıların fikirləri ilə qətiyyən razı deyil.
“Qanunla təsbit edilmiş qaydaya əsasən hamı vergi ödəməlidir. Vergidən yayınma baxımından, əgər adamlar belə aksiyalara çıxırlarsa, siz özünüz bizim tərəfimizdə durmalısız, daha onları dəstəkləməməlisiz. Onlara başa salmaq lazımdır ki, mitinq, aksiya keçirməklə vergi ödəməmək, vergidən qaçmaq olmaz. Bu istisna edilir”, – Dövlət Gəlirləri Komitəsinin başçısı Vardan Harutunyan jurnalistlərə bildirib.
Bu, ticarətçilərin artıq ikinci aksiyasıdır. Öz problemlərinə diqqət çəkmək üçün onlar bu gün imza toplayıb və məktub yazıblar, sonra da bu iki sənədi Milli Məclisdə təmsil olunan dörd partiyaya göndəriblər.