Bakı və Yerevan arasında danışıqlardakı vasitəçilik uğrunda Brüssel və Moskvanın mübarizəsi – şərhlər
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən son danışıqlardan sonra iki ölkənin sərhədlərin delimitasiyası üzrə birgə komissiyasının ilk iclası baş tutub. Görüş bilavasitə Ermənistan-Azərbaycan sərhədində keçirilib. Komissiyanın ikinci iclası artıq Moskvada təşkil olunacaq.
Kreml əmindir ki, onsuz iki Qafqaz ölkəsi arasında sərhədlərin müəyyən edilməsi mümkün deyil. Azərbaycanlı ekspertlər fərqli fikirdədirlər.
- İlham Əliyev: “Biz sərhədləri müəyyən ediriksə, DQ-nın hansı statusundan söhbət gedə bilər?”
- Azərbaycanın anklav kəndlərinin taleyi sərhədlərin delimitasiyası prosesində həll olacaq – Bakıdan şərh
- “Ermənistan və Dağlıq Qarabağ hərraca çıxarılıb”: Brüsseldə keçirilən Paşinyan-Əliyev danışıqlarına reaksiya
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdən dərhal sonra Avropa Şurası prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanata əsasən, münaqişədə olan iki Qafqaz ölkəsi liderlərinin növbəti görüşü cari ilin iyul-avqust aylarında yenidən Brüsseldə keçiriləcək.
Bu arada Ermənistan-Azərbaycan sərhədində heç bir vasitəçisiz sərhədlərin delimitasiyası üzrə komissiyanın ilk görüşü keçirilib. İkinci belə görüş Rusiya tərəfinin iştirakı ilə artıq Moskvada baş tutacaq.
Kreml Azərbaycan və Ermənistan arasında sərhədin müəyyən edilməsində öz vasitəçiliyində israrlıdır. Rusiya bunu arxivlərində sovet dövründən qalma hərbi xəritələrin olması ilə izah edir.
Rusiyalı ekspertin fikrincə, bu, Moskvanın əsas kozırıdır, bakılı həmkarları isə bununla razı deyillər.
Moskvadan şərh
Brüssel görüşləri “ATƏT-in Minsk Qrupu faktiki olaraq fəaliyyətsiz olduğu bir şəraitdə Aİ-nin vəziyyətə təsir formasıdır” – Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun baş elmi işçisi Aleksandr Krılov hesab edir:
“Rusiya bu məsələ üzrə özünün xüsusi nümayəndəsini təyin edib, Avropa isə belə çıxır ki, fəallıq göstərmək üçün öz yerini axtarır. Danışıqlar getdiyi zaman bu, əlbəttə, yaxşıdır. Amma çox da aydın deyil ki, praktiki olaraq bu, hansı nəticələrə gətirib çıxaracaq”.
Amma ekspert Ermənistan və Azərbaycan arasında sərhədin Rusiyanın köməyi olmadan müəyyən edilməsinin mümkünlüyü ilə bağlı şübhəsini ifadə edib.
“Rusiyanın bilavasitə iştirakı və yardımı olmadan sərhədlərin delimitasiyası və demarkasiyası üçün Aİ Azərbaycan və Ermənistana necə təsir edə bilər? Moskva olmadan bu proses başlaya və sona çata bilməz. Aİ-də nə sərhədlərin xəritəsi, nə də regionda dislokasiya olunmuş hərbi kontingenti var”, – o bildirib.
Krılovun fikrincə, Aİ və Rusiya arasında münasibətlərin kəskin pisləşməsi Qarabağ münaqişəsi üzrə Brüsselin mövqeyini dəyişməyib:
“Aİ-nin mövqeyi dəyişməz qalıb. Brüssel əvvəl olduğu kimi bildirir ki, münaqişənin həlli zamanı etnik ermənilərin hüquqları nəzərə alınmalıdır. Ukraynaya qarşı müharibə səbəbilə Rusiya ilə qarşıdurma yalnız onu dəyişib ki, indi həm Moskva, həm də Brüssel Bakı və Yerevan arasındakı danışıqlarda təkbaşına uğur qazanmağa çalışır”.
Bakıdan şərh
Fəlsəfə elmləri doktoru, professor Qabil Heseynli Moskvanın əlində olan xəritələrə böyük ümid bəsləməsilə bağlı təəccübünü ifadə edib:
“Ona elə gəlir ki, ondan başqa heç kəsdə xəritə yoxdur. Amma Azəbaycanda da bu xəritələr var.
Əslində, Rusiya topoqrafik xəritələrə diqqət yetirir və belə hesab edirlər ki, əsas hərbi xəritələrdir, o da yalnız Rusiya Müdafiə Nazirliyindədir. Lakin sovet dövründə həm siyasi, həm topoqrafik xəritələr buraxılıb. Burada SSRİ-yə daxil olan bütün respublikaların inzibati sərhədləri göstərilirdi.
İndi Rusiya hər şey əldən çıxdıqdan sonra xəritələrin əlində olduğunu söyləməklə üstünlük qazanmağa çalışır”.
Hüseynli qeyd edib ki, əslində Moskva sülh prosesinə əlavə impuls verməkdənsə, aldadıcı illüziyalar yaradır:
“Zənnimcə, Rusiyanın söylədiklərinə inanmaq lazım deyil. Moskva danışıqlarda imtiyazları ələ keçirmək cəhdləri göstərir. Amma bir daha təkrar edirəm ki, həmin xəritələrdən Ermənistanda da, Azərbaycanda da var. Rusiyanın bu yanaşmaları siyasi məqsədlər daşıyır”.
Politoloq əlavə edib ki, indi Avropa İttifaqı öz gücündə daha əmin görünür və yəqin ki, üçüncü qüvvələrə Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə müdaxilə etməyə imkan verməyəcək.
Kreml regionda stabilliyi pozmağa çalışacaq ki, Brüsseldəki növbəti Əliyev-Paşinyan görüşünə mane olsun – politoloq, “Atlas” analitik mərkəzinin rəhbəri Elxan Şahinoğlu əmindir:
“Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldəki növbəti görüşü topa tutun! Əmri alan Rusiya mediası Ermənistanın radikal müxalifət təmsilçilərinə və Paşinyana müxalif olan ekspertlərə istinad edərək Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkil etdiyi görüşü və əldə edilən razılaşmaları aşağılamağa çalışır.
Brüsseldə növbəti görüş avqustda olacaq. Bu tarixə qədər Moskva Ermənistandakı əlaltıları vasitəsilə prosesi pozmağa çalışacaq”.
Şahinoğlu deyir ki, “Kreml Paşinyana bircə gün də rahatlıq vermir”:
“Baş nazir Brüsseldən qayıdan kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyana zəng edib. Əslində, Lavrov Mirzoyandan Paşinyanın Brüssel görüşünün hesabatını istəyib, növbəti dəfə ”yolunuzu azmayın” mesajını çatdırıb”.