Gürcüstanlı məktəblilərin Krıma istirahətə getməsi bu ölkədə qalmaqala səbəb olub
146 saylı məktəbin 6 şagirdi Rusiya tərəfindən ilhaq olunan Krımda təşkil olunan kurslarda rus dilini öyrənməyə yollanıb. Onlar Artek şəhərində “Artek” beynəlxalq uşaq mərkəzinin beynəlxalq yığıncağında iştirak edəcəklər.
Gürcüstandan məktəblilərin Krıma səfəri barədə məlumatı avqustun 21-də “Sputnik Georgia” nəşri yayıb. Nəşrə müsahibəsində məktəblilər deyib ki, Artek haqqında rus dili müəllimindən eşidiblər və tədbirdə iştirak etmək üçün xüsusi kurs keçiblər. Məqalədə deyilir ki, müsabiqə Puşkin adına Dövlət Rus Dili İnstitutunda keçirilib. Məktəblilər müsabiqə çərçivəsində “Rusiya bizim üçün nə deməkdir və həyatımızda hansı rolu oynayır” mövzusunda video çarxlar və slaydlar hazırlayıblar.
146 saylı məktəbin administrasiyası və direktoru jurnalistlərlə görüşdən imtina edirlər. Halbuki Gürcüstanın Təhsil və Elm Nazirliyi artıq bununla bağlı bəyanat yayıb. Nazirliyin məlumatına görə, Gürcüstan tərəfi artıq Ukrayna tərəfə izahat verərək bildirib ki, məktəblilərin ilhaq olunan Krıma səfəri məktəb və ya konkret pedaqoqun düşünülməmiş tələsik qərarının nəticəsi olub.
“Məktəb administrasiyası və ya konkret bir pedaqoqun düşünülməmiş qərar qəbul etməsi təəssüf doğurur, bunun nəticəsində də həmin məktəbin şagirdləri Rusiya tərəfindən ilhaq olunan Krıma gediblər… Təhsil və Elm Nazirliyi səlahiyyətli orqanlarla birlikdə bu qərarın bir pedaqoqun qərarı və ya məqsədyönlü addım olması məsələsini araşdıracaq”, – nazirliyin bəyanatında deyilir.
Artek nədir?
Artek 7-27 avqust arası fəaliyyət göstərən rus dilinin öyrənilməsi üzrə gənclər düşərgəsidir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 20 pedaqoq və 170 şagird iştirak edir. Bu il Avstriya, Avstraliya, Ermənistan, Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Hindistan, İspaniya, Qazaxıstan, Çin, Qırğızıstan, Moldova, Monqolustan, Fələstin, Serbiya, Sloveniya, Türkiyə, Özbəkistan, Ukrayna, Fransa, Çexiya, İsveçrə iştirak edəcək.
Düşərgənin təşkilatçısı RF Hökuməti Yanında Rus Dili Şurasıdır.
Gürcüstan cəmiyyətindən reaksiya
Gürcüstandan məktəblilərin ilhaq olunan Krıma səfəri Gürcüstan cəmiyyətində, daha doğrusu sosial şəbəkələrdə əməlli-başlı rezonans yaratdı. Bəziləri layihədə iştirakı dəstəkləyir, digərləri bunu yanlış hesab edir və baş verənlərə görə məsuliyyəti pedaqoqlar və məktəblə birlikdə şagirdlərin valideynlərinin və Təhsil Nazirliyinin üstünə atırlar.
Sosial şəbəkə istifadəçilərindən biri yazır ki, “Artek” uşaqların beynəlxalq miqyasda istirahət etməsi üçün gözəl yerdir. Onun sözlərinə görə, “Artek”də keçirdikləri vaxt, aldıqları emosiyalar uşaqların yaddaşında gözəl bir xatirə kimi qalacaq. “Gənc nəslimiz mütləq rus dilini bilməlidir! Bu, böyük ədəbi dildir!”, – istifadəçi yazır.
Digər sosial şəbəkə istifadəçilərinin fikrincə, Ukraynanın işğal olunan ərazisində düşərgə təşkil etmək və orada Gürcüstandan pedaqoqların və şagirdlərin iştirakı satqınlıq və cinayətdir.