Azərbaycan DİN Britaniya səfirliyini “səhvini etiraf etməyə” çağırıb
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi mayın 14-də Bakıda keçirilən dinc aksiyada polisin törətdiyi zorakılıq faktlarını kəskin pisləyib. Diplomatik qurumun bəyanatına Azərbaycanın Daxili İşlər Nazirliyi qınaqla cavab verib və səfirliyi “yaydığı bəyanatı təkzib etməyə və səhvini etiraf etməyə” çağırıb.
- HRW Azərbaycan hakimiyyətindən azad sözə qarşı zorakılığı dayandırmağı tələb edib
- Azərbaycanlı bloqerə 28 sutka həbs, “Sərhədsiz Reportyorlar” ona azadlıq tələb edir
- Jurnalist fəaliyyətinə görə ölümlə hədələnib
2022-ci il mayın 14-də Bakının mərkəzində hakimiyyətin müstəqil jurnalistlərə, siyasi və ictimai fəallara qarşı zorakılıq hallarına qarşı etiraz aksiyası keçirilib.
Hələ aksiya başlamamışdan əvvəl polis 30 nəfərə yaxın etirazçını saxlayıb, bəzi hallarda zor tətbiq edib. Yürüş başa çatdıqdan sonra saxlanılanlar sərbəst buraxılıb.
Səfirliyin bəyanatı
Elə həmin gün Böyük Britaniyanın Bakıdakı səfirliyi bəyanatla çıxış edib və aksiya iştirakçılarına qarşı zorakılığı pisləyib.
“Dinc etiraz hüququ və müstəqil media azad cəmiyyətin sütunlarıdır. May ayının 14-də dinc etiraz aksiyasının dağıdılması, Bəxtiyar Hacıyev və Aytən Məmmədova kimi bloqer və jurnalistlərin son zamanlar məruz qaldığı zorakılıq hadisələri bu hüquqların müdafiəsini sual altına qoyur. Bütün zorakılıq iddiaları hərtərəfli şəkildə araşdırılmalıdır”, diplomatik qurumun bəyanatında deyilir.
Jurnalist Nurlan Librenin saxlanılması. 14 may 2022
Daxili İşlər Nazirliyinin cavabı
Bu gün Azərbaycanın Daxili İşlər Nazirliyi Britaniyanın diplomatik korpusuna cavab bəyanatı yayıb.
“Artıq xəbər verildiyi kimi, 2022-ci il mayın 14-də bir qrup şəxs Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirib.
Bu aksiyanın Azərbaycanın “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununa zidd keçirilməsinə baxmayaraq, polis əməkdaşları tərəfindən aksiyaya müdaxilə edilməyib, əksinə, iştirakçıların təhlükəsizliyi təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb.
Bununla belə, elə həmin gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin polisin aksiyaya ciddi müdaxilə etməsi və çoxlu sayda saxlanılan şəxsin olması barədə yanlış məlumat yayması qəbuledilməzdir və Azərbaycanın daxili işlərinə əsassız müdaxilədir.
Bu aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının qənaətbəxş qiymətləndirildiyi halda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiyaya yanlış qiymət verməsi və ittihamedici iddialarla çıxış etməsi başadüşülən deyil. Bu bəyanatı öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl yetirmək cəhdi kimi qiymətləndiririk.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyini yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırırıq.
Ümid edirik ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında əməkdaşlığın və səmimi dialoqun inkişafına xidmət edəcək tərzdə fəaliyyət göstərəcək, süni siyasi əngəllər yaratmaq cəhdindən çəkiləcək”, – Azərbaycan DİN-in bəyanatında deyilir.
Şərhlər
Mayın 14-də aksiya başlamamış zorakılıqla saxlanılan jurnalist Nurlan Libre ironiya ilə yazır:
“Daxili İşlər Naziriyi bəyanat yayıb ki, “Böyük Britaniya səfirliyi… səhv edir, biz aksiyada zorakılıq törətməmişik, ya bəyanatınızı təkzib edin, ya da ki, səfiri “bandotdelə” aparıb üzr videosunu çəkdirəcəyik”.
Həmin gün saxlanılan digər şəxs – aktivist Rüstəm İsmayılbəyli:
“Daxili İşlər Nazirliyi özünü Xarici İşlər Nazirliyi kimi aparır”.
Hüquq müdafiəçisi Rüfət Səfərov:
“Daxili İşlər Nazirliyi Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin 14 mayda keçirilən yürüşlə bağlı adekvat və haqlı bəyanatına qeyri-adekvat, haqsız və bir qədər də əsəbi reaksiya verib”.