“Müxalifətin mübarizəsi həlledici mərhələyə daxil olub”: Yerevanda etiraz aksiyaları
Yerevanda parlament müxalifəti itaətsizlik mitinqləri keçirir. Vaxtilə qeyri-mərkəzləşmiş mübarizə aparan “Hayastan” (Ermənistan) və “Şərəfim var” qrupları səylərini birləşdiriblər. Onların məqsədi Ermənistanın baş naziri Nikol Paşinyanın istefasıdır. Onlar baş nazirin “əraziləri təhvil vermək və sülh dilənmək kimi qüsurlu siyasət yürütdüyünə” inanır və bunun əvəzinə müdafiə qabiliyyətinin gücləndirilməsini təklif edirlər.
Ancaq indiki hakimiyyət dəyişəndən sonra müxalifətin “ölkəni xilas etmək” üçün hansı addımlar atacağı hələlik açıqlanmayıb.
Parlament müxalifətinin birgə mübarizəsinə səbəb baş nazir Nikol Paşinyanın “Dağlıq Qarabağın statusu ilə bağlı erməni tərəfinin barını aşağı salmaq” zərurəti ilə bağlı bəyanatı olub. Bundan sonra Nikol Paşinyan “Qarabağ ermənilərinin arxasınca” heç nə ilə razılaşmaq fikrində olmadığını və cəmiyyətin razılığı olmadan heç bir sənədə imza atmayacağını açıqladı. Tanınmamış respublikanın rəhbərliyi Ermənistanın baş nazirinin sözlərini təsdiqləsə də, müxalifətin Paşinyanın baş nazir postundan uzaqlaşdırılması hərəkatı davam edir.
Mayın 1-də müxalifət liderləri genişmiqyaslı birgə aksiyalara başladıqlarını elan etdilər və bazar ertəsi səhər tezdən paytaxtın bir çox mərkəzi küçələri artıq etiraz hərəkatının iştirakçıları tərəfindən bağlanıb. Polis iki yüzə yaxın etirazçının saxlanıldığını bildirir.
Müxalifətin hərəkətləri və niyyətləri ilə bağlı təfərrüatlar, həmçinin sosial şəbəkələrdəki şərhlər – Ermənistanda insanların ölkədə baş verən hadisələrlə bağlı fikirləri.
- Minsk Qrupu olmasa, Ermənistanı və Azərbaycanı sülhə kim aparacaq?
- Əliyev Ermənistanla sülh danışıqları haqda: “Biz beş prinsip əsasında danışıq aparmaq niyyətindəyik”
- Ukraynadakı müharibə və Ermənistandakı gərginlik fonunda Paşinyan-Putin danışıqları
Yerevanda etiraz aksiyaları
Mayın 2-də səhər saat 8:30-da müxalifət tərəfdarları paytaxtın mərkəzi küçələrini bağlamağa başlayıb. Yerevanın mərkəzində indi mənzərə 2018-ci ilin yazında, Nikol Paşinyanın başçılıq etdiyi “məxməri inqilab” dövründə olduğu kimidir. O, tərəfdarları ilə birlikdə Yerevan küçələrini zibil qutuları və skamyalarla bağlayaraq hakimiyyət dəyişikliyi uğrunda mübarizə aparıb. İndi hazırkı müxalifət məhz eyni üsullarla onun istefasını tələb edir.
Polis bildirir ki, saat 13:00-a olan məlumata görə, Yerevanda nəqliyyatın hərəkəti bərpa olunub, yollar açıqdır. Müxalifətçilər axşam mitinqə tərəfdarlarının, o cümlədən rayonlardan gəlməsi üçün küçələri açdıqlarını deyirlər.
Yalnız “Fransa” Meydanı hər tərəfdən mühasirədə qalır. Bazar mitinqindən sonra müxalifət burada çadırlar qurub, yağışa baxmayaraq, orada gecələyib.
Polis onlara paytaxtın tam mərkəzində möhkəmlənməyə icazə verdi, lakin bazar ertəsi səhər saatlarında aksiya iştirakçılarını saxlamağa başladılar, onlardan 189-u “polisin qanuni tələblərini yerinə yetirmədiklərinə görə” polis bölmələrinə aparıldı. Saxlanılan şəxslərə hüquqi yardım ombudsman aparatının çevik reaksiya qrupları tərəfindən həyata keçirilir.
Müxalifətin “mübarizənin həlledici mərhələsinin” başlanğıcını qoyan mitinq
“Xəbərdarlıq” adlandırılan aksiyalar zamanı müxalifətin “Hayastan” fraksiyası mayın 1-dəki mitinqlə “mübarizənin həlledici mərhələsi”nin başlayacağını bəyan edib. Bu bəyanat artıq mayın 1-də “Fransa” Meydanında müxalifət tərəfdarlarının izdihamlı mitinqində dəfələrlə səsləndirilib.
Çıxış edənlər, həmçinin mübarizənin Ermənistan və Dağlıq Qarabağ uğrunda başladığını, “Nikol Paşinyanın məntiqinin müxalifətin qətiyyətlə rədd etdiyi dilənçi siyasətindən ibarət olduğunu” bildiriblər.
Müxalifət liderləri “Ermənistan, oyan” şüarı ilə “xalqı xəbərdar edən kampaniyalar” həyata keçiriblər. Mitinqdəki çıxışında “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan “xalq artıq oyanıb” deyib:
“Hamımız bir yumruq, vahid yumruq olduq, heç kim ona qarşı dura bilməz, mübarizəmizi heç kim dayandıra bilməz”.
O, indiki hökuməti Ermənistan və Dağlıq Qarabağın xilası üçün getməyə çağırıb.
Müxalifətdən olan parlamentin vitse-spikeri İşxan Saqatelyan bunun “hakimiyyətin ələ keçirilməsi” olmadığını vurğulayıb:
“Türk təbəələrinin hökuməti ilə döyüşmək və devirmək, onları Artsax naminə, Ermənistan naminə, erməni xalqı naminə devirmək Ermənistanın ləyaqətli vətəndaşlarının konstitusion hüququdur”.
Küçələrin bağlanması ilə bağlı yaxın günlərdə yaranacaq narahatlığa görə vətəndaşlardan əvvəlcədən üzr istəyən müxalifətçi bunun uzun proses olmayacağına, baş nazirin istefasının “bir neçə günün məsələsi” olduğuna əmin edib:
“Bu günlərdə əziyyət çəkməli, çətinliklərə dözməli, yıxılmalı, ayağa qalxmalı, [polis] bölmələrinə girməliyik, lakin bu çox uzun olmayacaq. Onda Ermənistanda həmrəylik, ədalət, azadlıq, birlik hökm sürəcək”.
Aksiyalarda rayon sakinlərinin iştirakına ümid edən müxalifət mütəmadi olaraq xəbərdarlıq edirdi ki, xüsusən Sünik rayonundan hüquq-mühafizə orqanları onların gəlişinin qarşısını alıb. O cümlədən, avtomobillərin yoxlanılaraq axtarışa verildiyi bildirilib. Cavab olaraq polis “cinayət və hüquq pozuntularının qarşısını almaq və aşkar etmək üçün nəzarət həyata keçirildiyini” bildirib.
Daha sonra rəsmi məlumat yayılıb ki, mayın 1-də səhər saat 6:40-da ərazidə maşınlardan birində aparılan axtarış nəticəsində 2 ədəd pulemyot tapılıb.
Sosial şəbəkələrdə şərhlər
Sosial şəbəkə istifadəçilərinin müxalifət hərəkatı və ölkədəki vəziyyətlə bağlı fikirlərindən bir neçə nümunə:
“Azərbaycan prezidenti deyir ki, Sünik [Ermənistanın Azərbaycanla həmsərhəd olan cənub bölgəsi], Artsax, Sevan və hətta Yerevan onlarındır. Və bu hökumət hesab edir ki, sülh və dostluq üçün müsbət siqnallar var. Yalnız bu hakimiyyətin aradan götürülməsi Ermənistanı xilas edə bilər. Bunun üçün mübarizə aparmalıyıq”.
“Ermənistandakə Artsaxın müxalif müdafiəçiləri, Artsaxa gedin. Orada bir çox yerlərdən Artsax və Ermənistanın bayraqları götürülüb. Hamınız birlikdə, böyük dəstənizlə birlikdə gedin və orada mübarizə aparın”.
“Yaşasın müqavimət hərəkatı, respublikanın milli simasının bərpası”.
“Daxili düşmənlər, gedin sərhədə, əsl düşmən ordadır. Müharibə başlasa, siçan kimi dəlik axtaracaqsız. Ayıbdır, müharibə vaxtı harda idiz? Yerevanın baxımlı küçələri ilə gəzirdiz və vətənpərvərliyinizlə qürurlanırdız”.
“Bu qorxaqlar müharibə zamanı qoşunları geri çəkilməyə məcbur ediblər, sülh dövründə isə təxribatlarla məşğuldurlar”.
“İkinci-üçüncü sinif şagirdləri üçün tapşırıq. Vətənpərvərlər üçün 100 avtobus gətirilir və deyilir: “Biz hamımız Artsaxı xilas etmək üçün sərhədə gedirik”. Sual: bir dəqiqədən sonra meydanda nə qədər adam qalacaq?”