Müharibə və mənim həyatım
Qarabağ münaqişəsində insanlar. Elen Muradyan Yerevanda yaşayır və hekayəsini “Trayektoriya”ya danışır.
Həyatımın ilk günlərindən müharibə məni müşayiət edir, çünki mən birinci Qarabağ müharibəsi zamanı – 1992-ci ildə anadan olmuşam. O vaxt müharibənin sonuna hələ iki il qalırdı, amma 30 il keçsə də heç bu gün də faktiki olaraq müharibə bitməyib.
Həmin müharibədən sonra artıq az-çox anladığım yaşlarda eşitdim ki, qonşuluqdakı oğlanlar – Armen və Yerem döyüşüblər və yaralanıblar.
Mənim üçün aydın deyildi ki, müharibə nədir. Müharibələr niyə olur? Artsax (Qarabağ) haqda da mən xüsusi olaraq nəsə bilmirdim. Amma illər ötdü, mən nəinki çox şey öyrəndim, hətta müharibəni öz canımda hiss etdim.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibənin ilk günlərindən əkiz qardaşlarımdan birini hərbi komissarlığa çağırdılar.
Bu məqama qədər biz ümid edirdik ki, 2016-cı ilin aprelindəki dördgünlük müharibədə olduğu kimi qardaşlarıma çağırış gəlməyəcək. Amma gəldi, onlardan birinə.
Biz də ona xeyir-dua verib yola saldıq, amma bu zaman içimizdəki dəhşəti zorla susdura bilirdik, çünki cəbhədən gələn xəbərlər heç ümidverici deyildi.
Amma o qayıtdı… iki saatdan sonra. Hərbi komissarlıqda deyiblər ki, tankçılar hələ lazım deyil. Lazım olanda çağıracaqlar.
Qardaşım üçün topladığımız ilk ehtiyac əşyaları yığılmış rükzak bütün müharibə boyu divanın üstündə qaldı. 44 gün biz hər telefon zənginə diksinirdik, dəstəyi yerə qoyub “Çağırırlar, getməliyəm” sözlərini eşitməkdən qorxurduq.
Elə olurdu ki, çarəsizlikdən özümüzü saxlaya bilmirdik: “Komissarlıqdan zəng vursalar buraxmarıq, bacarmarıq, dözə bilmərik”.
Onu elə də çağırmadılar. Qardaşım həyatda, bizim yanımızda qaldı. Amma digər bir çox qadınların qardaşları qayıtmadı.
- Qarabağ: yeni eskalasiya, yoxsa üçüncü müharibə? Bu, Ukraynadakı vəziyyətlə necə bağlıdır?
- “Bir-birimizə baxırıq” – ermənilər və azərbaycanlılar müharibədən sonra Qarabağda
- Azərbaycanlı zabit Qarabağda müharibə haqda danışır: ən əsası, ən çətini və ən qorxulusu
Qor da qayıtmadı, qonşumuz Narinenin qardaşı oğlu. O, sentyabrın 28-də döyüşə yollanmışdı, noyabrın 9-da isə yas mərasimi oldu.
Digər qonşumuzun oğluna çağırış gələndə isə o hərbi komissarlığa getmədi. Dedi ki, yığılıb, ayağı əzilib, yeriyə bilmir.
Bundan bir gün sonra onu küçədə gördüm. O, harasa gedirdi.
İlk ağlıma gələn “Qorxaq!” oldu. Sonra isə özümü onun yerinə qoymağa çalışdım: hər halda o evlidir, iki övladı var. Bəlkə də ayağı buna görə “ağrıyırmış”?
Bəlkə də hərbi komissarlığa getsəydi mənim qardaşım kimi onu da buraxardılar? Amma qaynar nöqtələrdən birinə göndərə də bilərdilə və o da Qor kimi həlak ola bilərdi.
Yaşadığımız çoxmənzilli binada hamı bir-birini tanıyır. Gələn il üçüncü qonşumuzun oğlunun hərbi xidmətə çağırış vaxtı çatır.
O hələ körpə idi, anası gizlətmirdi: “Ümid edirəm, oğlumun əsgərlik vaxtı çatana qədər Artsax məsələsi həll olunar”.
Hərbi xidmət vaxtına bir şey qalmayıb, məsələ isə nəinki həll edilməyib, daha da betər düyünə düşüb. Havada daima barıt qoxusu hiss olunur, toplar susmur.
Müharibə haqda danışanda və düşünəndə, biz bəzən azərbaycanlıları, orada da cavan uşaqların qayıdıb-qayıtmayacağını bilmədən müharibəyə getdiyini unuduruq.
Orada da qadınlar bizim kimi öz qardaşları və ərləri haqda düşünürlər, eyni çarəsizliyi hiss edirlər.
Azərbaycanlı oğlanlar da bizimkilər kimi hərbi xidmətə gedəndə qayıdacaqlarına söz verirlər. Və qayıtmırlar.
Müharibə – hətta keçmişdi qalan, hətta formal olaraq bitən – heç kimə rəhm etmir. Onun təsiri gələcək haqda düşüncələrin necə qorxutmasında, reallıqdan gizlənmək istəyində və bu reallığın necə əzab verməsində ifadə olunur.
Çoxları başlayır mühacirət haqda düşünməyə.
2020-ci ildə mənim oğlum dünyaya gəlib. Bu, əlbəttə ki, çox sevindirici hadisədir. Amma mən indi bir zamanlar qoşumuzun düşündüyü kimi düşünürəm: “Oğlumu əsgər aparana qədər kaş ki, Artsax problemi həll edilsin”. Amma həll ediləcəkmi?
Qarabağ münaqişəsində insanlar
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.