İnəklər, müharibə və inanc: Azərbaycan kəndindən Krişna Şüuru davamçısı fermerin hekayəsi
Azərbaycan kəndindən Krişna Şüuru davamçısı fermerin hekayəsi
Cəmşid Quliyev – keçmiş jurnalist, birinci Qarabağ müharibəsinin veteranı. Bu gün o, Bakıdan 350 kilometr məsafədə ucqar bir kənddə fermerliklə məşğuldur. Amma o, qeyri-adi fermerdir – onun təsərrüfatında inəklər ətliyə verilərək kəsilmək təhlükəsindən uzaqdır. Cəmşid vegetarian və Krişna Şüuru davamçısıdır, onun inancı heyvanları öldürməyə icazə vermir.
Cəmşidin tikintisinin başa çatmamış evi Goranboy rayonu Qaraçinar kəndinin ən kənarında yerləşir. İkinci Qarabağ müharibəsində artilleriya atəşləri nəticəsində evi qəzalı vəziyyətə düşüb.
Evin ətrafında hasarlanmamış böyük həyətyanı sahə hissələrə ayrılıb. Bura Cəmşidin təsərrüfatıdır. Həyətin bir hissəsi arıçılıq üçün ayrılıb. Hər cür tərəvəzin yetişdirildiyi sahə də var. Həyətin ən başında isə üç tövlədə onlarla inək saxlanılır.
- Siyasi böhran və Rusiya meyilli əhval. Gürcüstandakı vəziyyət ukraynalı jurnalistlərin gözü ilə
- Zərqavanın sirri: qəribə və xəlvət ənənəsi olan Azərbaycan kəndi
- Gürcü şərabı: uğurun arxasında nə dayanır?
Cəmşidin 55 yaşı var. Kəlbəcərdə doğulub, böyüyüb. İlk ali təhsilini Rusiyada alıb. Birinci Qarabağ müharibəsi (1992-1994) başlayanda vətənə qayıdıb.
“1986-cı ildə getdim Rusiyaya. Kurqan Dövlət Pedaqoji İnstitutunun tarix-ingilis dili fakültəsinə qəbul olmuşdum. İndi deyəndə qəribə səslənir, amma iki bölümün birləşdiyi fakültə idi. Mən beşinci kursda oxuyanda artıq müharibə başlamışdı. Diplom almadan vətənə qayıtdım”.
Azərbaycana qayıdandan sonra ilk olaraq doğma Kəlbəcərə gedir. Bu, onun Kəlbəcərə son səfəri olur. Daha sonra Goranboy könüllülər batalyonuna yazılır. Bir çox hərbi əməliyyatlarda iştirak edir. Gülüstan kəndi uğrunda gedən döyüşlərdə yaralanır.
Eyni zamanda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinə qəbul olunur və ikinci ali təhsilə başlayır.
Elə birinci kursdan Cəmşid Azərbaycan Xalq Cəbhəsinin ruporları olan “Müxalifət”, “Azadlıq” qəzetləri kimi 1990-cı illərin ən populyar nəşrlərində çalışır.
“İlk məqaləm “Müxalifət” qəzetində dərc olunmuşdu – “Ordu olmaq istəyirəm”. Məzmunu belə idi ki yaxşı oxuya bilməyən müğənni görəndə, istəyirsən onun əvəzinə oxuyasan, yaxşı işləyə bilməyən məmur görəndə, istəyirsən onun əvəzinə işləyəsən. Mən də ordu olmaq istəyirdim, çünki ordu işini yaxşı görə bilmirdi. Təqribən belə bir yazı idi…”
Ordunun o zamankı pərişan vəziyyəti, bir sıra önəmli uğurlardan sonra başlayan məğlubiyyət zolağı, ölkənin daxili siyasətində yaşanan xaos Cəmşidi çox sarsıtmışdı. Doğulub böyüdüyü Kəlbəcərin işğalı ilə barışmaq isə ona çox ağır gəlirdi.
“Bir daha Kəlbəcəri görə bilmədim. İndi doğma kəndimizə qayıdacağımız günü gözləyirəm səbirsizliklə”.
İkinci Qarabağ müharibəsi nəticəsində Kəlbəcər rayonu Azərbaycanın nəzarəti altına qayıtdıqdan sonra Cəmşid iki dəfə aidiyyatlı qurumlara müraciət edib və öz doğma kəndinə qayıdıb, ailəsi ilə birlikdə orada yaşamaq istədiyini bildirib.
İkinci Qarabağ müharibəsində Cəmşidin oğlu da iştirak edib və yaralanıb. Hələ də müalicəsi davam edir.
“Xəyallarımda həmişə jurnalistika ilə məşğulam”
Azərbaycanda medianın vəziyyəti pisləşdikcə, qəzetlər bir-bir sıradan çıxdıqca Cəmşid tədricən mətbuatdan uzaqlaşmalı olur. Təxminən on-on iki il əvvəl Goranboyun ucqar bir kəndinə yerləşib fermerliyə başlayır. Amma paytaxtdakı bir sıra media orqanları ilə əməkdaşlığını bir müddət davam etdirir.
“Qonorar çox az idi. Kənd yerində çətindi, informasiya üçün kilometrlərlə yol getməli olursan, öz maşının varsa, nə qədər benzin xərcləyirsən, maşının yoxdusa, taksiyə nə qədər pul verməlisən. Axırda görürdüm ki, aldığım qonorar heç yol xərcimi görmür. Məcbur oldum uzaqlaşım. Amma jurnalistika üçün çox darıxıram. Xəyallarımda həmişə jurnalistika ilə məşğulam”.
Tolstoyun hekayələri ilə başlayan vegetarianlıq yolu
Cəmşidi maraqlı edən əsas məsələ onun gəncliyindən bəri Krişna şüuruna, Veda fəlsəfəsinə sadiq olmasıdır.
Krişna hinduizmdəki Tanrı formalarından biridir. Krişnaizmdə o, Tanrının ali və orijinal forması kimi qəbul edilir.
Hinduistlərin müqəddəs mətnlərinə görə, eramızdan əvvəl dördüncü minilliyin sonunda Krişna Matura şəhərində anadan olandan sonra mənəvi dünyadan yer üzünə gəlmişdir.
Bakıda Krişna məbədi mövcud olsa da, Azərbaycanda bu dini fəlsəfəni seçənlərin sayı çox deyil. Əyalətlərdə isə Cəmşid kimilər barmaqla sayılacaq qədərdir, Goranboyun payına bircə Cəmşid və ailəsi düşüb. Buna görə də onlar istər-istəməz diqqət çəkirlər.
“Uşaqlıqdan kitabxanada böyümüşəm. Dayım Kəlbəcərdə bizim kəndin kitabxanaçısı idi, sonra bu kitabxananı böyük bacıma təhvil vermişdi. Amma kitabxananı mən işlədirdim. Adı onların idi. Bir az şişirtmək kimi çıxmasın, kitabxanadakı kitabları oxuyub bitirmişdim”.
Ən çox görkəmli rus yazıçısı Lev Tolstoyun hekayələrini bəyənirmiş. Onun əsərlərində vegetarianlığın təbliğ edilməsi diqqətini çəkib. Tolstoyun “Qurd” hekayəsi Cəmşidə xüsusi təsir edib.
“Orda bir uşaq həmişə dayəsindən cücə istəyir yeməyə. Gecə yatıb yuxuda görür ki, bir canavar bunu yemək istəyir. Yalvarır ki, məni yemə. Canavar deyir ki, bəs sən cücələri yeyəndə yaxşı olur? Sən də mənim cücəmsən, mən də səni yeyəcəm. Uşaq yuxudan oyanır və deyir ki, mən artıq cücə yeməyəcəm.
“Bunu misal olaraq dedim. Lev Tolstoy bu fəlsəfəni dərindən bilən, həyatında tətbiq edən bir insan olub. Sonradan onu araşdıranda buna əmin oldum. Onun məktublaşmaları var, Avropa vegetarianlar cəmiyyəti ilə, Hindistan vegetarianları ilə. “Bhaqavad Gita”dan sitatlar gətirir. Baxırsan ki, Veda fəlsəfəsinin təsiri ilə vegetarian olub. Çox gözəl dünyaya baxışı var”, – Cəmşid danışır.
Dediyinə görə, İran İslam İnqilabının lideri Xomeyninin də onun bu yola qədəm qoymasına təsiri olub.
Ailə basqısı
Cəmşid deyir ki, çox erkən yaşlarından vegetarian olmaq qərarı verib. Amma ailədə sıxışdırıldığı üçün müstəqil həyata başlayacağı anı gözləməli olub.
“Atam çox ciddi kişi idi, deyirdi, hələ ki bu ailənin üzvüsən, süfrəyə nə gəlir, mütləq onu yeməlisən. Ayrı respublika deyilsən. Əslində qismən başlamışdım vegetarianlığa. Məsələn, evdə bozbaş bişirdisə, mən onun ətindən yox, kartofundan, suyundan yeyirdim, amma bu, vegetarianlıq deyildi, əlbəttə”.
Digər ailə üzvlərinin və qohumlarının da onun bu yolu seçməsinə münasibəti birmənalı olmayıb.
“Ətrafdakıların münasibəti müxtəlif olub. Məsələn, doğma anam mənimlə bərabər vegetarian idi, mantra da oxuyurdu. Amma qardaşım müsəlmandı, özü də ciddi müsəlman, fanatlardan, mənimlə həmişə mübarizə aparır. Qohumlar, qonşular arxamca hər cür söhbətlər edirlər, amma fərqi nədir ki?”
Bununla belə doğmaları ilə münasibətlərini qoruya bilib.
“Bax, indi siz gələndə, həmin müsəlman qardaşım məni köməyə çağırmışdı, mən də məmnuniyyətlə getmişdim, ayaqyolunun qapısı qırılmışdı, onu düzəldirdim (Gülür). Məni qəbul edirlər, yolumu qəbul etməsələr də. İnsan kimi şəxsiyyət kimi qəbul edirlər, əlbəttə”, – Cəmşid deyir.
Evlənəndən sonra bəxti daha çox gətirib. Həyat yoldaşı da özü kimi Krişna Şüuru davamçısıdır. İki övladları (qız və oğlan) da onlar kimi vegetariandır. Qızı ailə qurub, Bakıda yaşayır. Bir qız nəvələri də var artıq.
Vegetarian müsəlman olmaq olmazdımı?
Cəmşiddən soruşuruq ki, vegetarian ola-ola müsəlman qala bilməzdimi, niyə dinini Krişna Şüuru ilə dəyişmək ehtiyacı duyub? Deyir ki, onun üçün dinlərin sərhədi yoxdur.
“Allah birdir. İstər islami baxışla, istər xristianların baxışı ilə, istər veda oriyentasiyalı dinlərin, şivaidlərin və sairə. Bəzən hesab edirlər ki, vedalar çoxlu Allahlardan danışır, əslində orda tərcümə xətaları var. Onların Allah kimi tərcümə etdikləri devaları, mən mələk kimi tərcümə edirəm. Məsələn, İşopanişadın birinci mantrasında deyilir ki, veda fəlsəfəsində mütləq həqiqət deyərkən uca Tanrı nəzərdə tutulur və mütləq həqiqət bir və yalnız birdir. O mükəmməl tam olduğuna görə özündən sonsuz sayda tamlar çıxardıqdan sonra belə tamlığını itirmir. Yəni Tanrı bizə çox hallarda görünə bilər, amma o birdir. Və bu baxımdan hansı dində olmağın mənim üçün heç bir fərqi yoxdur. Mən eyni zamanda bütün dinlərdəyəm. Sadəcə olaraq hansı fəlsəfə sənin həyati suallarını daha yaxşı cavablandırırsa, sən mənən ordasan”.
Mal kəsməyən maldar
Cəmşid bu ucqar kəndə köçəndən sonra kənd təsərrüfatı ilə məşğul olur. Arıçılıq, əkinçilik təsərrüfatının kiçik bir hissəsidir. Əsas məşğuliyyəti isə maldarlıqdır. “Ət yeməyən və heyvan kəsməyən birinin maldar olması nə dərəcədə asan işdir” deyə Cəmşiddən soruşuruq.
“Maldarlıqla məşğul olmaq üçün mütləq gəlir əldə etməlisən. Bunun üçün isə maldarlıqda iki yol var – südçülük və ətçilik. Biz çalışırıq ki, südçülüyə üstünlük verək”, – Cəmid danışır.
Cəmşidin hazırda iyirmidən çox inəyi var. 44 günlük müharibədən əvvəl otuzdan çox imiş. Amma on ikisi minaya düşüb tələf olub. Ümumiyyətlə isə Cəmşidin təsərrüfatında inəklər qocalıb öz əcəlləri ilə ölürlər.
“Amma bir də var, erkək mallar, onlar müəyyən yaşdan sonra böyük problemə çevrilir, xüsusilə də belə kiçik təsərrüfatlarda. Böyük ərazilərimiz yoxdur ki, onları buraxaq sərbəst yaşasınlar. Kəndin ərazisinə buraxsan, başqa problem yaranar. Meşəyə buraxacaqsan canavar yemək üçün, bu yolu da seçənlər var deyim ki, amma bu da insaflı yol deyil. Çünki sən onu himayə etməlisən. Buna görə biz çalışırıq başqa variantlarla, misal üçün erkək buzovu veririk qonşuya, dişi buzov alırıq əvəzinə. Bir can xilas edə biləsən bəlkə”.
Onun bu yanaşması kənd camaatı, digər fermerlər tərəfindən qəribə qarşılanır.
“Qınayırlar bəzən ki, mal saxlayırsan, onu satmayacaqsansa, ətliyə verməyəcəksənsə, daha neyləyirsən saxlayıb?! Yəni irad formasında. Arxamca başqa nə danışırlar, onu bilmirəm, ancaq yanımda dediklərini deyə bilərəm” (Gülür).
44 günlük müharibə və Tanrıya inam
Goranboyun Qaraçinar kəndi cəbhə xəttinin bilavasitə yaxınlığında yerləşirdi. 2020-ci ilin payızında yaşanan 44 günlük müharibə zamanı kənd artilleriya atəşinin altında qaldığı üçün sakinlərin əksəriyyəti daha təhlükəsiz yerlərə gedir.
Oğlu müharibədə olan Cəmşid həyat yoldaşı ilə birlikdə ilk gündən son günə qədər kənddən çıxmır. Əslində bunun da səbəbi inancı, fəlsəfi baxışları ilə bağlıdır.
“Əgər insan tanrıya inanırsa və onun böyük qüdrət sahibi olduğunu anlayırsa, öz təhlükəsizliyi ilə bağlı əlahiddə tədbirlər görməyinə ehtiyac yoxdur. Əgər ehtiyac duyursa, bu, onun Tanrıya etibar etmədiyini göstərir.
Bununla bağlı bir pritça da var. Alayarımçıq inamlı birisi uçurumdan yıxılır və koldan yapışaraq asılı qalır. Tanrını çağırır, yalvarıram, kömək elə, bilirəm səndən başqa heç kim mənə kömək edə bilməz. Tanrı bunun gözünün qarşısında peyda olur. Deyir, sən elə səmimi çağırdın ki məni, deyəsən, doğrudan da mənə inanırsan. Deyir, əlbəttə, inanıram. Onda əllərini burax. Nə danışırsan, yıxılaram aşağı, parça-parça olaram. Tanrı deyir, yox, sən mənə inanmırsan və yoxa çıxır.
İnam gözünü yumub, özünü tanrının ağuşuna atmaqdır, körpə öz anasına etibar etdiyi kimi”.
Müharibə günlərində Cəmşidin bu inancını təsdiqləyən hadisələr də olub.
“Bir ailə ölüm qorxusu ilə kənddən çıxmışdı, yolda qrad mərmisi düz maşınlarının üstünə düşmüşdü. Biz isə kənddə qaldıq və heç nə olmadı. Yəni Tanrı necə yazıbsa, elə də olacaq, qaçmaq mümkün deyil”.
“Mediaşəbəkə”nin dəstəyilə