“Telegraph” britaniyalılara Gürcüstana getməyi məsləhət görür
foto: Nikoloz Urushadze
Britaniyanın “Telegraph”ı, mətbu orqanının fikrincə maraqlı turizm istiqaməti olan Gürcüstana həsr olunmuş material dərc edib. Məqalə siyahı şəklində tərtib olunub. “Telegraph”ın fikrincə, əksər britaniyalılara tanış olmayan cəmi 10 bənd gətirilir.
“Asiya ilə Avropanın kəsişməsində yerləşən bu cəsur ölkə o qədər çox şey təklif edir ki: qarlı dağlardan qumlu sahillərə, təpəli üzümlüklərdən UNESCO-nun siyahısına daxil edilən şəhərlər və monastırlara qədər. Bu gün o, bir vaxtlar mövcud olan Rusiya İmperiyasından müstəqilliyinin 90-cı ilini qeyd edir. Bu tarixi qeyd etmək üçün bu Avrasiya gözəli haqqında bilmədiyiniz bir neçə faktı sadalayırıq”, – “Telegraph”ın materialında deyilir.
Əslində bura Gürcüstan deyil
Gürcülər öz vətənlərini Sakartvelo adlandırırlar, “Telegraph” yazır. “Georgia adının haradan yarandığı o qədər də aydın deyil, amma nəzəriyyələrdən birinə görə, orta əsrlərdə bu adı ölkənin Müqəddəs Georgiyə sədaqətinə görə xristian səlibləri verib”.
Onlar Müqəddəs Georgini sevirlər
“Bəli! Bundan Tbilisinin mərkəzində onun əjdahanı öldürdüyü yerdə təsvir olunduğu nəhəng qızıl heykəli xəbər verir”.
Bu, Avropada ən yüksəkdə yerləşən ölkələrdən biridir
“Telegraph” oxucularına Alp dağlarını unudub, qış tətilini özünün möhkəm qarı, səliqəli trasları və aşağı qiymətləri ilə məşhur olan Qafqaz dağlarının yamaclarında keçirməyi təklif edir. “Yüksək dağlıq Gürcüstan özünün gözəl mənzərələri, müalicəvi havası və dağ-xizək kurortları ilə qürurlana bilər”.
Aşağı qiymətlərdən söhbət düşmüşkən…
Populyar “Numbeo” tədqiqat portalının versiyasına görə, Gürcüstan ən aşağı qiymətləri olan beş ölkədən biridir, “Telegraph” yazır. Nəşrin fikrincə, bu məlumat funtun zəifləməsi səbəbindən özünü çox şeydən məhrum etməli olan britaniyalılar üçün xüsusiylə faydalıdır.
“Co əmi” hələ də Gürcüstandadır
“Co əmi” deyəndə “Telegraph” Stalini nəzərdə tutur. Sovet diktatoru İosif Stalinin vətəni olan Gürcüstanda bu gün də onun az sayda pərəstişkarları var, Britaniya nəşri yazır.
“Onun Sovet İttifaqında hakimiyyəti repressiyalar, aclıq və əmək düşərgələriylə yadda qalıb, amma “Reuters”in ötən ilə aid hesabatına əsasən, Stalinin vətənində xüsusən də yaşlılar arasında kifayət qədər pərəstişkarı var. Burada da qeyd etməyə dəyər ki, bir çox gürcülər onu olduğu kimi, zülmkar qismində görür. Bununla belə, siz yerli bazarlarda Co əmini təsvir edən şəkillər və digər atributları asanlıqla tapa bilərsiz”.
Orada Avropanın ən qədim şəhərlərindən biri yerləşir
“Gürcüstanın qərbində yerləşən Kutaisi şəhəri eramızdan əvvəl ikinci minillikdən başlayaraq, Cənubi Qafqazın qədim regionu olan Kolxida çarlığının paytaxtı olub. Bu unudulmuş şəhər dəfələrlə gürcü kralları, rus və osmanlı hakimləri arasında münaqişələrin mərkəzinə çevrilib, Sovet İttifaqı illərində isə sənaye mərkəzi olub”, – “Telegraph” yazır. İlk gürcü paytaxtı haqqında daha ətraflı məlumat almaq üçün nəşr Gürcüstanın tarixi və mədəniyyəti ilə bağlı olan 16 min eksponatın saxlandığı Kutaisi dövlət tarixi muzeyinə baş çəkməyi məsləhət görür.
Gürcüstana gedib çatmaq asan deyil
“Telegraph” hesab edir ki, Gürcüstana Avropa ölkələrindən az sayda birbaşa aviareyslərin olmaması səbəbindən indiyə qədər ora ancaq ən cəsarətli səyahətçilər gedir. Bununla belə, ora gəlib çıxandan sonra “bu yerin məhz sənə aid olduğunu” hiss etməyə başlayırsan.
Tbilisi istirahət üçün ideal yerdir
“Əlbəttə bu, çətindir, amma siz nəhayət Gürcüstanın paytaxtına gedib çıxandan sonra modern üslubunda arxitekturası olan şəhər, səs-küylü barları və dadlı yerli yeməklərin verildiyi dəbli restoranlar görəcəksiz”, – “Telegraph” yazır.
Əfsanəvi gürcü qonaqpərvərliyi
Nəşr gürcü qonaqpərvərliyini maraqlı zarafatlarla səs-küylü şənlik kimi təsvir edir. “Bəzən də bu, qoyun buynuzundan çaxırın içilməsini nəzərdə tutur”, – “Telegraph” yazır.
Futurstik memarlıq çoxluq təşkil edir
Qədim şarma baxmayaraq, yeniliklər də ona yad deyil. Əslində, o, futuristik memarlığın tərəfdarıdır. Nəşr yazır ki, bundan Kutaisidə yerləşən Gürcüstan parlamentinin binası xəbər verir.