Saleh Rüstəmovun işi Avropa Məhkəməsində
28 gündür həbsxanada aclıq edən müxalifətçi Saleh Rüstəmovun işi üzrə aralıq tədbirlərin görülməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökuməti ilə kommunikasiyaya keçib. Bu haqda vəkil Aqil Layıc “Facebook” səhifəsində məlumat verib.
- Gürcüstanda Saakaşvilinin xəstəxanaya köçürülməsi tələbilə daha on siyasətçi aclıq elan edib
- Azərbaycanda dörd siyasi məhbusa tam bəraət verilib
- Azərbaycanda bloklanan saytlar hüquqlarının bərpasını tələb edirlər
“Hazırda Penitensiar Xidmətin Müalicə Mərkəzində saxlanılan və aclıq aksiyasını davam etdirən Saleh Rüstəmov barədə Avropa Məhkəməsinə aralıq tədbirlərin görülməsi, yəni kliniki koma vəziyyətə düşmə ehtimalını nəzərə alaraq onun özəl və müasir xəstəxanalardan birinə köçülürməsi üçün müraciət etmişdik.
Bu gün (2 dekabr) Avropa İnsan Haqqları Məhkəməsi hökümətlə kommunikasiyaya keçib, Saleh bəyin səhhətinin son durumu, müalicə üçün texniki şərait və personal barədə sorğu ünvanlayıb.
Ümid edirəm, Saleh bəy aclığını dayandırar, əks halda, səhiyyənin vəziyyətini nəzərə alaraq, dərhal reanimasiya tədbirlərinin görülməsi üçün o, xüsusi ixtisaslaşmış və şəraitli xəstəxanalardan birinə köçürülməlidir”, – Aqil Layıc yazıb.
BQXK nümayəndələri Rüstəmovu ziyarət edib
Oğlu Sezgin Rüstəmovun bildirdiyinə görə, dekabrın 3-də Beynəlxalq Xırmızı Xac Komitəsinin nümayəndələri Saleh Rüstəmovu ziyarət edib və onlar məhbusun səhhətinin istənilən an pisləşə biləcəyini bildiriblər:
“Vəkil Bəhruz Bayramov atamla görüşüb. Vəkil səhhəti barədə soruşanda atam bu barədə danışmaq istəmədiyini bildirib. Bu gün Qırmızı Xaç nüməyəndələri də atamı ziyarət edərək analizlərinin nəticələri ilə tanış olublar, bildiriblər ki, atamın səhhəti istənilən an sürətlə kəskin şəkildə pisləşə bilər”, – o “Facebook”da yazıb.
Rüstəmova dəstək aksiyasına görə həbs olunanlar
Dekabrın 1-də Bakının mərkəzində keçirilən Saleh Rüstəmova dəstək aksiyasına polis sərt müdaxilə edib. Onlarla insan saxlanılıb və döyülüb. Keçmiş siyasi məhbus Tofiq Yaqubluya xüsusi amansızlıqla zorakılıq tətbiq edilib. AXCP üzvü 65 yaşlı Paşa Dadaşzadənin qolu sındırılıb.
Saxlanılanlardan 5 nəfər məhkəmə qarşısına çıxarılıb və 15 sutkadan 30 sutkaya qədər inzibati həbslə cəzalandırılıb. İnzibati həbsə məhkum edilənlər arasında aksiyada iştirak etməyən, mitinqdən saat yarım sonra şəhərin mərkəzinə gələn gənc fəal Rüstəm İsmayılbəyli də var.
Saleh Rüstəmov kimdir?
Saleh Rüstəmov 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə Azərbaycanın Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub. Birinci Qarabağ müharibəsində iştirak edib. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.
1997-ci ildən Rusiyada yaşayan və hazırda həmin ölkənin vətəndaşı olan Rüstəmov orada ticarət sahəsində fəaliyyət göstərib. Vaxtaşırı üzvü olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının ayrı-ayrı üzvlərinə dəstək məqsədilə pul yardımları göndərib.
2018-ci il mayın 8-də qohumunun dəfnində iştirak etmək üçün Azərbaycana gələn Rüstəmov həbs edilib və narkotik dövriyyəsində, qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib.
2019-cu ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.
2021-ci il noyabrın əvvəlində Azərbaycan parlamenti amnistiya haqda qanun layihəsini qəbul edib, akt birinci və ikinci Qarabağ müharibələrində iştirak edənlərə də şamil edilib. Amma Rüstəmov amnistiyadan yararlana bilməyib. Noyabrın 6-da o, etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. Həbsxana xəstəxanasının həkimləri fəalın səhhətinin ağır olduğunu bildiriblər. O özü isə quru aclığa keçmək niyyətini açıqlayıb.
Saleh Rüstəmov həbsdə qanunsuz saxlandığını bildirir, azadlığa buraxılmasını tələb edir.
Bir sıra QHT və hüquq müdafiəçiləri, bir sıra siyasi partiyalar, bir qrup Gədəbəy sakini, bir qrup birinci Qarabağ müharibəsi veteranı, gədəbəyli Milli Qəhrəman İlham Əliyevin ailəsi Saleh Rüstəmovun azad edilməsi ilə bağlı prezidentə müraciət ediblər.
Dekabrın 4-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının binası qarşısında Saleh Rüstəmova azadlıq tələbi ilə etiraz aksiyası keçiriləcək.