Azərbaycan və Ermənistan sərhədində gərginliyin artması, Qarabağda atışmalar, Rusiya prezidentinin əvvəlcə Ermənistanın baş naziri, sonra isə Azərbaycan prezidenti ilə görüşləri – bütün bu son hadisələr ekspertləri baş verənlərin kökündə nələrin dayandığı və bunların kimə sərf etdiyi haqda mülahizələr yürütməyə vadar edir.
“Görünən odur ki, hələlik bölgəmizdə ən uğurlu oyun quran Rusiyadır. Doğrudur, orta-uzun zamanda mütləq uduzacaq, çünki qaba gücdən başqa təklif edə biləcəyi cəlbedici hekayəsi yoxdur, amma hələlik post-sovet məkanında tam söz sahibi və moderator Kremldir”, – müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli qeyd edib.
Siyasətçinin sözlərinə görə, Rusiya Qərblə də maraqlı oynayır: “Ermənistana pul xərcləmək istəmir, AB-nin və ABŞ-ın Ermənistana yaxın 5 ildə milyardlarla dollar ayırmasına göz yumur, Ermənistanın “hesabını” Qərb verir, özü pul xərcləmir, amma bütün təsir rıçaqlarını əlində saxlayır: Ordusu orda, Ermənistanın sərhədləri əlində, 70% iqtisadiyyatına nəzarət Kremldə – Qərbin Ermənistana ayırdığı vəsaitdən hələ Rusiya biznesi pul da qazanacaq”.
“Amma birdən rəsmi İrəvan çaşsa, tam anti-Moskva yoluna girsə, bu zaman Kremlin əlində başqa ciddi təsir mexanizmi var – Azərbaycan. Yəni, məsələn, Bakı Zəngəzur və ya Xankəndi məsələsini Ermənistan çaşan kimi qaldırır, Rusiya irəliləməyə mane olmur, bu zaman İrəvanda aləm bir-birinə dəyir, Köçəryan komandası ilə vəziyyəti ələ alır, Qərbin mayası da batır.
Köçəryan ona görə özü parlamentə getmədi, amma öz fraksiyasını parlamentə göndərdi ki, küçədə hərəkətliliyi özü təşkil edəndə, içəridə də fraksiyası işə düşsün”, – Cəfərli vurğulayıb.
“Azərbaycan ərazisinə də “sülhməramlı” adı altında nəzarəti əlində saxlayır. Sabah biz də Moskva maraqlarına zidd addım atmağa başlayan kimi, bütün təsir rıçaqlarını işə salacaq – sərhəddən pomidor buraxmayacaq, Rusiyada yaşayan azərbaycanlıları qovmağa başlayacaq, atəşkəs tez-tez pozulacaq, Hadruta və Şuşaya təhdidlər artacaq”, – siyasətçi fikirlərinə davam edib.
Onun sözlərinə görə, bu şəraitdə Ermənistanın üstünlüyü ondadır ki, daha qəliz siyasi sistem qura bilib, daha çevik davranma şansları var:
“Biz təcili nəticələr çıxartmalı, Ordumuzun 44 günə qazandığı möhtəşəm hərbi qələbənin nəticələrini qorumaq və artırmaq üçün daha qəliz, daha çoxsəsli idarəetmə sisteminə keçməliyik – hər şeyin bir nəfərdən asılı olduğu mexanizm indi çox təhlükəlidir”.