Superaktivlik və ilk pozuntular: Ermənistanda seçkiqabağı kampaniya başlayıb
Ermənistanda iyunun 20-ə təyin edilmiş növbədənkənar parlament seçkilərinin seçkiqabağı kampaniyası rəsmən başlayıb. Qeyri-rəsmi təbliğat kampaniyası artıq çoxdan davam edir. Ermənistanın bütün böyük şəhərlərində müxtəlif siyasi qüvvələrin reklam lövhələri asılıb, onların liderləri isə ölkəni gəzir və seçicilərlə görüşürlər, bu və ya digər sahədə opponentlərini günahlandırırlar.
Bu seçkilərin unikallığı ondadır ki, ölkənin bütün keçmiş prezidentləri və hazırkı baş nazir əvəzi seçkidə iştirak edir. Sorğu nəticələrinə görə əsas mübarizə eks-prezident Robert Koçaryan və 2018-ci il “məxməri” inqilabı nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan arasında gedəcək.
Qısa müddətdə keçmiş prezident praktiki olaraq reytinqləri bərabərləşdirə bilib. Bununla yanaşı ötən sosioloji tədqiqatların nəticələrinə görə “inqilabçı” baş nazir bütün digər iştirakçıları böyük fərqlə üstələyirdi.
İndi ekspertlərin fikrincə, ölkədə elə vəziyyət yaranıb ki, Nikol Paşinyan artıq böyük üstünlüyə sahib deyib və bu, iddialı siyasətçi üçün “fəlakət ssenarisidir”.
Seçkiqabağı kampaniyanın elə ilk günü seçki məcəlləsinin tələblərinin ilk pozuntusu da qeydə alınıb. Böyük iş adamı Qaqik Sarukyanın lideri olduğu “Çiçəklənən Ermənistan” partiyası pozuntuya yol verib.
Mərkəzi Seçki Komissiyası seçkiqabağı marafonun bütün iştirakçılarına və seçicilərə qanunun tələblərinə əməl etmək çağırışı ilə müraciət edib. Prezident Armen Sarqsyan isə seçkilərdə iştirak edən siyasi qüvvələri ölkədəki siyasi böhhranı dərinləşdirməməyə çağırıb.
Seçkiqabağı kampaniya iyunun 18-ə qədər davam edəcək.
- Seçimsiz seçki: Ermənistan niyə artıq keçilmiş yolu təkrarlayır?
- Seçki ərəfəsində bəyanat: Ermənistanın eks-prezidenti Robert Koçaryan “Hayastan” blokuna rəhbərlik edəcək
Seçki iştirakçıları və qüvvələr nisbəti haqda
Bu seçkilərdə müstəqil Ermənistanın bütün rəhbərləri iştirak edəcək:
- birinci prezident Levon Ter-Petrosyan Ermənistan Milli Konqresi Partiyasının siyahısına öncüllük edir,
- ikinci prezident Robert Koçaryan “Hayastan” (Ermənistan) blokunun siyahısında birincidir,
- üçüncü prezident Serj Sarqsyanın adı partiya siyahısında qeyd olunmayıb, amma onun liderlik etdiyi Ermənistan Respublika Partiyası seçkilərə “Şərəfim var” blokunda qatılıb, Sarqsyanın özü isə təbliğat kampaniyasında fəal iştirak edir,
- baş nazir əvəzi Nikol Paşinyan ənənəvi olaraq rəhbərlik etdiyi Vətəndaş Sazişi Partiyasının baş nazirliyə namizədidir.
Ermənistanda parlament xüsusi rol oynayır, çünki 2017-ci ildə ölkə yarı-prezident idarə üsulundan parlament idarəçiliyinə keçib. Seçkilərdə səs çoxluğu qazanan siyasi qüvvə hökuməti də formalaşdıra biləcək. Buna görə də bütün siyasi qüvvələrin siyahılarında birinci baş-nazir vəzifəsinə namizədin adı qeyd olunur.
Seçkiqabağı proznozlar
İyunun 5-də Gallup International təşkilatının tərəfdaşı Marketing Professional Group şirkətinin ən son sosioloji sorğusunun nəticələri dərc olunub.
Onun nəticələrinə görə, ötən istirahət günlərində seçki keçirilsəydi,
- respondentlərin 22,4%-i Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasına,
- 20,6%-i Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” blokuna,
- 4,2%-i oliqarx Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyasına,
- 3,9%-i arxasında Serj Sarqsyanın dayandığı və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın öncüllük etdiyi “Şərəfim var” blokuna,
- 2,9%-i hazırda parlamentdə təmsil olunan müxalif qüvvələrdən biri, Edmon Marukyanın rəhbərlik etdiyi Maarişlənmiş Ermənistan Partiyasına səs verərdi.
Sorğu nəticələrinə əsasən, son bir həftə ərzində Robert Koçaryanın bloku səs sayını 3 faiz artırıb, Paşinyanın partiyası isə 0,5 faiz itirib.
Fevralla müqayisədə Vətəndaş Sazişinin reytinqi təxminən 11 faiz düşüb, “Hayastan” blokunun reytinqi isə təxminən 13 faiz artıb.
Üstəlik Paşinyanın partiyası ölkə regionlarında, “Hayastan” bloku isə Yerevanda daha çox səs toplayır.
Sorğuda iştirak edənlərin 55,3%-i seçkidə birmənalı şəkildə iştirak edəcəyini, 20,7%-i isə iştirak etməyəcəyini bildirib.
İlk pozuntu
Seçkiqabağı kampaniyanın elə ilk günü Seçkiyə Nəzarət Komitəsi Çiçəklənən Ermənistan Partiyası tərəfindən pozuntu qeydə alıb.
Komitənin məlumatında deyilir ki, Ararat vilayətinin müxtəlif ictimai yerlərində seçicilər belə bir hala rast gəliblər:
“Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyanın təlimatı ilə bu il iyunun 6-dan Masis konyak-şərab zavodunun nümayəndələri Artaşat rayonunun bütün kəndlərində olacaq və üzüm alışı üçün yerindəcə müqavilə imzalayacaqlar. Xahiş edirik, müqavilə imzalamaq üçün zəhmət çəkib müəssisəyə gəlməyəsiz. ÇEP ofisi”.
Bu pozuntudur, çünki Ermənistanın Seçki Məcəlləsinə əsasən, seçkilərdə iştirak edən siyasi qüvvələrə təbliğat zamanı “seçicilərə şəxsən, onların adından və ya digər istənilən şərtlər altında pul, ərzaq, qiymətli kağız, mal vermək (vəd etmək) və ya xidmət göstərmək (vəd etmək)” qadağandır.
Prezident böhranı dərinləşdirməməyə çağırıb
Armen Sarqsyanın bəyanatında deyilir ki, növbədənkənar parlament seçkiləri Ermənistan üçün ağır şərtlər altında keçirilir:
“Bütün siyasi qüvvələri öz sözləri və davranışları ilə böhranı dərinləşdirməməyə, əxlaq çərçivəsini aşmamağa, nadürüst təbliğat texnologiyalarını tətbiq etməməyə, milli dəyərlərə sadiq qalmağa çağırıram”.
Prezident həmçinin seçiciləri ölkənin gələcəyini seçdikləri üçün səsvermədə fəal iştirak etməyə çağırıb.
Şərh
Politoloq Hrant Mikaelyan hesab edir ki, “məxməri” inqilabdan sonra ilk dəfə Nikol Paşinyanın seçkilərdə məğlub ola biləcəyi vəziyyət yaranıb:
“Paşinyanın üstünlüyü minimuma enib və tendensiya davam edərsə, ən qısa zamanda seçki subyektləri bərabərləşəcək, seçkilərdə isə Koçaryan qalib ola bilər və bunun mümkünlüyü artıq kifayət qədər yüksəkdir”.
Ekspert Kooçaryanın dəstəyinin artmasının, Paşinyanın dəstəyinin isə azalmasının davam edəcəyini gözləyir:
“Etiraf etməliyəm ki, Koçaryanın və onunla assosiasiya olunan qüvvənin reytinqinin bu qədər sürətli [yüksəlişini] gözləmirdim. Komanda işi göz qabağındadır […]. Amma mövcud trendlərin ekstra-qütbləşməsi Koçaryanın qələbəsi ehtimalının yüksək olduğunu göstərir, çox güman ki, o, Paşinyanı təxminən 5-9% səslə üstələyəcək. Nəzərə almaq lazımdır ki, bu tendensiyanın davam etməsinin qətiyyən zəmanəti yoxdur […] və kampaniya zamanı dəyişikliklər də baş verə bilər”.