ABŞ səfiri Azərbaycanda feministləri dəstəklədi
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer ölkədəki feminist hərəkatının liderlərindən olan Nərmin Şahmarzadəni qəbul edib. Amerikalı diplomat Azərbaycanda azad toplaşmaq hüququnun təmin edilməsinin zəruriliyini bildirib. Sosial şəbəkələrdə səfirliyin bu addımı birmənalı qarşılanmayıb.
- Ermənistanda həyat bahalaşır: statistika komitəsinin hesablamaları
- Gürcüstanda seks ticarəti? Qazaxıstanlı qadın hansı şəraitdə ölüb?
- Azərbaycanda ailənin xərclərinin yarısı qidalanmaya sərf olunur: bu yaxşıdır, ya pis?
Nə baş verib?
ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi “Twitter” səhifəsində səfir Li Litzenberqerlə feminist Nərmin Şahmarzadənin birgə fotoşəkli yerləışdirilib və yazılıb:
“Dünən mən məişət zorakılığına qarşı etirazların qurbanı olmuş Nərmin Şahmarzadə ilə görüşdüm. Gender diskriminasiyasından danışan bütün vətəndaşlar, o cümlədən qadınlar özlərinin əsas azadlıqlarından, o cümlədən təqib edilmədən azad toplaşmaq hüququndan istifadə etmək hüququna malik olmalıdırlar”.
Nərmin Şahmarzadə özü sosial şəbəkələrdə görüşlə bağlı heç bir qeyd etməyib.
Neqativ şərhlər
“Twitter”də bu görüş haqqında paylaşıma istifadəçilər tərəfindən xeyli şərh yazılıb və bu şərhlərdə azərbaycanlı istifadəçilərin bəziləri səfirliyi N.Şahmarzadə ilə görüşə görə qınayıblar.
Həmin şərhlərdən bəzilərini təqdim edirik:
“Bu “qadın” məni təmsil etmir. O, özünün alçaq mənəvi və etik dəyərləri ilə Azərbaycan qadınını təmsil edə bilməz”.
“Amerikaya hörmətim var idi. İyrəncsən, Amerika. Gör kimlə görüşürsən”.
“Əgər ABŞ insan hüquqlarını düşünürsə, minalanmış ərizələrin xəritələrinə və 4000 əsirə görə Ermənistanı cəzalandırsın”.
Müsbət rəylər
Lakin bu görüş barədə müsbət rəy bildirənlər də az deyil.
“Nərmin Şahmarzadə bu ölkənin gəlmiş-keçmiş ən cəsarətli, azad, azadlığının sərhədsizliyinə rəğmən, bunu başqalarını əzməyə istifadə etməyən fərdidir. Dəyərinin kütlə tərəfindən bilinməməsi üzücüdür, amma bəlkə bir gün onlar da anlayar əslində necə möhtəşəm biri olduğunu”.
“Önəmli şəxsiyyətlər kütlə tərəfindən tarix boyu qəbul görməyib”.
“Nərmin sadəcə möhtəşəmdir!”
Nərmin Şahmarzadə kimdir?
2018-ci ilin dekabrında Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinin tələbəsi Nərmin Şahmarzadənin “Facebook” səhifəsində yazdığı qeyd uzun müddət Azərbaycan cəmiyyətində mübahisə mövzusu olub.
O, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətini şübhə altına qoyduğu qeydinə görə 400 saat islah işlərinə məhkum edilib.
Hazırda Nərmin Şahmarzadə ölkənin feminist hərəkatının liderlərindən biri hesab olunur.
Bu yaxınlarda o, növbəti etiraz aksiyası zamanı saxlanıldıqdan sonra kiberhücuma məruz qalmışdı.