Lapşinin işi: nə, necə və niyə?
Müşahidələrimə görə, səyyah bloqer Aleksandr Lapşinin Minskdən Bakıya ekstradisiya olunması Azərbaycan (və bəlkə də Ermənistan) mətbuatında ən çox müzakirə olunan mövzu oldu. Bu xəbər, deyəsən, Yeni il ərəfəsində baş verən döyüş zamanı həlak olan Azərbaycan ordusunun əsgəri Çingiz Qurbanovun cəsədinin çoxdan gözlənilən qaytarılması xəbərini belə kölgədə qoydu.
Nə baş verdi ?
Belə bir bloqer var – Aleksandr Lapşin, Rusiya, İsrail və Ukrayna vətəndaşıdır, “livejournal”da səyahətlər haqqında bloq aparır. Düzünü deyim ki, 2016-cı ilin dekabr ayına qədər onun adını belə eşitməmişdim, halbuki özümün də bu jurnalda 10 ildən çoxdur ki, bloqum var.
2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Lapşin Dağlıq Qarabağa gedib, özü də bunu nəinki Azərbaycan hakimiyyətinin icazəsi olmadan edib, heç bu haqda məlumat da verməyib. Azərbaycanla arasında Dağlıq Qarabağın kimə məxsus olması ilə bağlı həll olunmamış münaqişəsi olan Ermənistan ərazisindən gedib. Bununla da Azərbaycanın dövlət sərhədi haqqında qanununu pozub.
Qarabağdan qayıdandan sonra isə Azərbaycan tərəfinin versiyasına görə, Lapşin Dağlıq Qarabağ Respublikasının müstəqilliyini dəstəkləyən bəyanatlar verib. Bütün bunlara görə də Aleksandr Lapşin Azərbaycanın Xarici İşlər Nazirliyinin saytında arzuolunmaz şəxslərin “qara siyahısı”na daxil edilib.
[toggle title=”Bu “qara siyahı” haqda bir az daha ətraflı.”]
2013-cü ilin avqust ayında Azərbaycan XİN 330 nəfərdən ibarət persona non grata siyahısını açıqlayıb, bu siyahıda parlament deputatları, siyasətçilər, jurnalistlər, tələbələr, rəssamlar, artistlər və müxtəlif ölkə və beynəlxalq təşkilatlardan olan şəxslər var.
Bu siyahıya nə daxil edilmənin, nə də ondan çıxarılmanın dəqiq təsdiq edilmiş meyarları indiyə qədər də məlum deyil. Qonşu Gürcüstandan fərqli olaraq (bu ölkədə “işğal olunmuş ərazilər haqqında qanun” 2009-cu ildən qüvvədədir) Azərbaycanda nəinki qanun, heç Dağlıq Qarabağa səfər etmək istəyən vətəndaşın nə etməli olduğunu izah edən təlimat belə yoxdur. Hər şey fərdi qaydada məmurlar səviyyəsində həll olunur.[/toggle]
Bir çoxları bu gün Lapşinlə bağlı baş verən hadisəni gürcü əsilli rusiyalı müğənni Soso Pavliaşvili ilə müqayisə edir, o nəinki qeyri-qanuni şəkildə Dağlıq Qarabağa səfər edib, hətta “Müstəqil Artsaxın 20 illiyi” münasibəti ilə keçirilən konsertdə çıxış da edib. Bundan sonra Sosonu XİN-nin “qara siyahı”sına daxil ediblər.
Amma ötən ilin noyabr ayında Azərbaycan əsilli məşhur rusiyalı biznesmen Emin Ağalarov (prezident İlham Əliyevin keçmiş kürəkəni) Sosonu Bakıya xeyriyyə konsertində çıxış etmək üçün dəvət edib. Sosial şəbəkə istifadəçilərinin kəskin etirazlarına baxmayaraq, XİN Pavliaşvilini “qara siyahı”dan çıxardı, halbuki o heç üzrxahlıq belə etməmişdi.
Siyahıda olan bəzi insanlar üzr və peşmançılıq dolu məktublar yazaraq xəbərsiz olduqlarını, aldadıldıqlarını bildiriblər, onları da sonradan “qara siyahı”dan çıxarıblar. Misal üçün, İtaliyanın məşhur estrada müğənnisi Al Bano və ya başqa rusiyalı səyahətçi-bloqer Artemi Lebedev.
Əcnəbi vətəndaşların Dağlıq Qarabağa qanuni yolla səfər etməsi ilə bağlı dəqiq bir prosedur olmadığına görə Azərbaycan Xarici İşlər Nazirliyinin (və Allah eləməmiş güc strukturlarının gözündən düşməmək üçün) sadəcə mümkün qədər ehtiyatı davranmaq lazımdır.
Böyük təcrübəsi olan sülhməramlı, Azərbaycan Humanitar Araşdırmalar Cəmiyyətinin direktoru Əvəz Həsənov aşağıdakı proseduru təklif edir. Fərdi şəxs, jurnalist və ya layihə iştirakçısı olan xarici vətəndaş Qarabağa Yerevan vasitəsi ilə getməkdən əvvəl (çünki başqa yolu yoxdur, İnquri çayının üzərindəki körpüdə yerləşən Gürcüstan-Abxaziya inzibati sərhədindənn fərqli olaraq, Azərbaycanın Ağdam rayonunda nəzarət buraxılış məntəqəsi yoxdur) öz ölkəsində Azərbaycan vizası almalıdır.
Sonra o, Azərbaycan XİN-nə faks və ya elektron məktub göndərib, burada səfərin məqsədi, müddəti və s. barədə məlumat verə və surətini Azərbaycan vizasına əlavə edə bilər. Adətən, bu kifayət edir. Amma XİN-nin sualları yaranarsa, Azərbaycan tərəfindən sanksiyaların tətbiq olunmasının qarşısını almaq üçün bu suallara cavab vermək məsləhətdir.
Lapşinə gəlincə isə o nəinki Azərbaycan XİN-ni məlumatlandırmayıb (Rusiya vətəndaşı olduğuna görə ona viza lazım deyildi), həm də Azərbaycan hakimiyyətinin fikrincə özünü çox həyasızca aparıb: “qara siyahı”da ola-ola təkrar Azərbaycan sərhədini özü də qəsdən Ukrayna pasportu ilə keçib. “Qara siyahı”da o “Aleksandr” kimi qeydə alınıb Ukrayna pasportunda adı “Oleksandr” kimi yazılıb, ona görə də sistem onu tanımayıb. Daha sonra öz bloqunda lovğa-lovğa Azərbaycanlı sərhədçiləri necə barmağına doladığını da yazıb.
Bu niyə baş verdi?
Lapşinə qədər çox sayda əcnəbi Dağlıq Qarabağa səfər edib. Bu gün Azərbaycan XİN-nin “qara siyahı”sında 335 ad var, iki il əvvəl isə 400-dən çox olub. Bəs onda niyə məhz Lapşin axtarışa verilib, Minskdə tutulub və Bakıya ekstradisiya olunub? Bu sualın bir neçə cavab versiyası var.
Birincisi, Lapçin özünü həddən artıq ötkəm aparıb. “Qara siyahı”ya daxil ediləndən sonra o, bir daha da Azərbaycan sərhədini keçib və açıq şəkildə öz “igidliyi” ilə lovğalanıb. Amma bu da hamısı deyil: Özünün Gürcüstan-Azərbaycan sərhədini keçməsi ilə bağlı statusunda Lapşin Azərbaycanda ümummilli lider hesab olunan Heydər Əliyevin ünvanına senzuradan kənar ifadələr işlədib.
Yəni ola bilsin ki, burada həm də təhqirlə bağlı şəxsi inciklik də rol oynayıb, həmin status artıq Lapşinin “livejournal”dakı bloqundan silib, amma internetdə kifayət qədər repost var: “Çempionlar liqasında oyun: Azərbaycan Respublikası Saşa Lapşinə qarşı, hesab 1:0 bloqerin xeyrinə!”
Qanunun işləmədiyi dövlətdə (mənsə Azərbaycanı məhz belə dövlət hesab edirəm) söhbət çox vaxt “oğru qaydaları” ilə tənzimlənir. Lapşin bu qaydaları pozdu. Nəticədə də payını aldı.
İkinci izah Rusiya Belarus münasibətlərində gərginliklə bağlıdır. Lapşinin Minskdə həbsi Rusiya Belarus münasibətlərində növbəti soyuqlaşma ilə üst-üstə düşdü.
Belarus Putinin KTMT, AİB, Gömrük İttifaqı Birliyi kimi layihələrinə daxil olsa da həmişə nisbətən müstəqil siyasəti ilə fərqlənib. Rusiya Belarus münasibətlərində gərginlik Belarus tərəfinin Rusiyadan verilən qazın qiymətinin yenidən nəzərdən keçirilməsi və 1000 kub metrə görə 132 dollar əvəzinə 73 dollar ödəmək cəhdindən başlayıb. Dekabrın 30-da Minsk birtərəfli qaydada Rusiya neftinin tranzitinə qiymətləri 7,7% qaldırdı. Belarus prezidenti bildirdi ki, alternativ təchizatçılarla neftin təchizi barədə razılığa gəlib, bunların arasında İran və Qazaxıstanla birlikdə Azərbaycanın da adı çəkilirdi. Moskva ilə Minsk arasında münasibətlərin pozulmasında daha bir səbəb Rusiyaya Belarusdan gətirilən kənd təsərrüfatı məhsulları məsələsi oldu.
Artan gərginliyin digər bir simptomu da o oldu ki, Belarus tərəfi 26 dekabr 2016-cı ildə Sankt-Peterburqda baş verən KTMT və Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etməmək qərarını verdi, nəticədə də Minsk AİB-in gömrük məcəlləsini imzalamadı, bunsuz isə sənəd qüvvəyə minə bilməz.
Bloqer Aleksandr Lapşin Minsklə Moskva arasında konfrontasiyanın qurbanına çevrilən birinci media işçisi deyil. 2016-cı ilin axırlarında Belarusda “Reqnum”, “lenta.ru”, və “Eurasia Daily” resurslarındakı məqalələrdə “millətlərarası ədavətin qızışdırılması”na görə 3 rusiyalı internet mediası müəllifi tutulub, – “Kavkazskiy Uzel” xəbər verir.
Nə baş verə bilər?
Lapşin Azərbaycan Cinayət Məcəlləsinin iki maddəsi ilə saxlanılıb:
[yes_list]
- 318.2 (“Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən keçmə”);
- 281.2 (“Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə”).
Cinayət Məcəlləsinə görə Azərbaycanda Lapşini maksimum 8 il həbs cəzası gözləyir.
[/yes_list]
Bir çox şərhçilər hesab edir ki, şou xarakteri daşıyan məhkəmədən sonra Lapşin vətəndaşı olduğu Rusiyaya və ya İsrailə təhvil verəcək, düzdür rəsmi Bakı bundan müəyyən mənada istifadə edə də bilər.
Misal üçün bir Rusiya vətəndaşı olan Aleksandr Lapşinin hazırda Dağlıq Qarabağda həbsdə olan başqa Rusiya vətəndaşı Dilqəm Əsgərova dəyişdirilməsinə nail ola bilər.
[toggle title=”Kəlbəcərli məhbusların işi ilə bağlı daha ətraflı “]Əsgərov öz həmyerlisi Şahbaz Quliyevlə birlikdə 2015-ci ildə Ermənistan tərəfinin nəzarətində olan Kəlbəcər rayonunda həbs olunaraq, azadlıqdan məhrum etmə cəzası aldılar, Azərbaycan tərəfinin versiyasına görə, Əsgərov və Quliyev heç bir qanunu pozmayıblar. Çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi daxilində hərəkət ediblər (özlərinin dediyinə görə babalarının qəbrini ziyarət etmək istəyiblər). Ermənistanın versiyasına görə, onlar təxribatçıdır[/toggle]
Hərbi ekspert, “Ehtiyatda olan zabitlər” QHT-nin sədri, polkovnik-leytenant Üzeyir Cəfərovun sözlərinə görə, Rusiya XİN-i bu zaman ikili standartlara yol verir, çünki bir vətəndaşın (Lapşinin) hüquqlarını müdafiə edir, özünün digər vətəndaşının (Əsgərovun) hüquqlarına isə məhəl qoymur, belə olan halda da Azərbaycan tərəfinin kəlbəcərli məhbusların azad edilməsi üçün əlinə bir imkan düşüb.
Lapşinin Minskdən Bakıya ekstradisiyası metoduna ayrıca diqqət yetirməyə dəyər. Hava limanında onu komuflyajlı maskalı və avtomatlı dörd zabit qarşılayırdı, sanki terror təşkilatının başçısı idi. Əli qandallı idi. Bir çox sosial şəbəkə istifadəçisi görülən tədbirlərin yersiz olmasına diqqət yetirdi, o cümlədən Facebook istifadəçisi, kinoşünas Ülvi Mehdi Azərbaycanının güc qurumlarının hərəkətlərini “sərçənin topdan artilleriya atəşinə tutulması ilə” müqayisə etdi.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Rusiya və İsrail səfirlikləri Azərbaycan XİN-ə etiraz notaları göndəriblər. “Bu gün-sabah RF konsulu Vyana konvensiyasına uyğun olaraq Lapşinlə görüşəcək. Səfirliyin onunla əlaqə saxlamaq imkanları olacaq. Bu gün sırf texniki məsələləri həll edəcəyik. Artıq Rusiya səfiri ilə görüşmüşəm, həmin məsələ müzakirə olunub”, – Məmmədyarov RİA-Novosti-yə müsahibəsində deyib.
İsrail də bloqerin işini özünün diqqət mərkəzində saxlayır. Knesset (İsrail parlamenti) deputatı Kseniya Svetlova hesab edir ki, yaranmış vəziyyət ən yuxarı səviyyədə müdaxiləni tələb edir, lap elə İsrailin baş naziri Binyamin Netanyahu səviyyəsində.
“Nəzərə alsaq ki, söhbət orduda, hərbi hissələrdə xidmət etmiş İsrail vətəndaşından gedir, hesab edirəm ki, İsrail onun həyatı və rifahına görə məsuliyyət daşımalıdır”, – Svetlova “Eurasia daily” agentliyinə müsahibəsində deyib.
Ermənistan Respublikasının birinci ombudsmeni, “Hüquqda özbaşınalığa qarşı” İctimai təşkilatının sədri Larisa Alaverdyan da Lapşinin müdafiəsinə qalxdı.
Onun fikrincə, Rusiya və İsrailin Lapşinin ekstradisiyası ilə bağlı bəyanatları kifayət qədər kəskin deyildi ki, bu da hər iki ölkənin Azərbaycana silah satması ilə izah edilir. “Lapşin məsələsində biz insan haqları və vətəndaşın maraqlarına etinasızlıqla üzləşirik, Rusiya və İsrail silahın satışından alınan xeyri bunlardan daha üstün tutdu”, – hüquq müdafiəçisi əminliklə deyir.
Maraqlıdır ki, “Oleksandr” Lapşinin vətəndaşı olduğu Ukrayna XİN-i onun müdafiəsi ilə bağlı heç bir bəyanatla çıxış etməyib.