Trampa qarşı “qadın marşı”
Yanvarın 21-də Vaşinqtonda yüz minlərlə insan “Qadın marşı”na – ABŞ prezidenti Donald Trampa qarşı aksiyaya çıxıb. Vaşinqtondan başqa aksiyalar dünyanın 600-dən çox şəhərində baş tutub.
Aksiyanın əsas mövzusu ABŞ prezidentinin davranışı və onun qadınların ünvanına səsləndirdiyi təhqiramiz ifadələrdir. Plakatların çoxu Trampın Xillari Klintona ünvanladığı “Murdar qadın” (nasty woman) ifadəsinə və digər bu kimi bəyanlarına həsr olunub. Baxmayaraq ki, aksiyada kişilər də iştiraq ediblər.
Yarım milyona yaxın insanın toplaşdığı Vaşinqtonda baş tutan əsas aksiyada etirazçılara Madonna, Şer, Alişa Kiz, Keti Perri, aktyorlar Culiya Roberts, Eşli Cadd, Skartell Yoxanson, Emma Uotson, Emi Şumer, Ceyk Cillenxoll və rejissor Maykl Mur da qatılıblar.
Çıxış edən məşhurlar ABŞ-ın yeni seçilmiş prezidentinin bəyanlarına öz etirazlarını bildiriblər.
“Eşq inqilabına, üsyanına xoş gəlmisiz. Bu, qadınların yeni istibdadı qəbul etməkdən imtinasıdır. Yalnız qadınlar deyil, cəmiyyətin unutduğu bütün insanlar təhlükə altındadır. O insanlar ki, başqalarından seçilirlər və bu, onların cinayəti sayıla bilər. Oyanmaq üçün bu zülmətə baş vurmaq lazım idi”, – müğənni Madonna öz çıxışında bildirib.
İnsan haqları uğrunda mübariz Anjela Devisin sözlərinə görə, “Tramp idarəçiliyilə keçəcək növbəti
1459 gün 1459 mübarizə günü olacaq. Yerlərdə mübarizə, məktəblərdə, iş yerlərində mübarizə, mədəniyyətimizdə və musiqimizdə mübarizə. Bu, hələ başlanğıcdır”.
“Prezident Tramp, mən sizə səs verməmişəm. Mən sizin seçilmənizə hörmətlə yanaşıram və sizi dəstəkləmək imkanımın olmasını istəyirəm, amma öncə xahiş edirəm ki, siz məni dəstəkləyəsiz. Mənim bacımı. Mənim anamı. Ən yaxın rəfiqəmi və bütün dostlarımı”, – aktrisa Skarlett Yoxanson bəyan edib.
Nyu-York, Los-Anceles, və ABŞ-ın başqa şəhərlərində keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib. On minlərlə insan London küçələrinə çıxıb, Avropanın bir çox iri şəhərlərində aksiyalar keçirilib.
Bu çərçivədə aksiya Gürcüstan paytaxtında da qeydə alınıb, on minlərlə insan əllərində transparantlarla paytaxtın mərkəzi prospektindən parlament binasına qədər yürüş edib.
Vaşinqtonda baş tutan marş Havay sakini Tereza Şukun 2016-cı ilin dekabrında Facebook-da yaratdığı “event”dən başlayıb. Event tezliklə populyarlaşıb (eyni zamanda Klinton tərəfdarlarının sosial şəbəkələrdəki qruplarının sayəsində), qadın haqları təşkilatlarının liderləri təşəbbüsə qoşulub və nəticədə event inauqurasiya sonrası əsas etiraz aksiyasına çevrilib.
Çəhrayı toxunma papaq – pussy-hat qadın marşının rəmzi seçilib.
Donald Tramp kütləvi etiraz aksiyasına reaksiyasını Twitter səhifəsində bildirib. “Dünənki etirazları izləyirdim və mütəmadi olaraq düşünürdüm ki, bizdə təzəcə seçkilər olub! Bu insanlar niyə səs verməyiblər? Məşhurlar vəziyyəti bir az da pisləşdirir”, – ABŞ prezidenti yazıb.