Rusiyanın Xarici İşləri naziri Sergey Lavrov mətbuat konfransında jurnalistlərin verdiyi “İşğal olunmuş ərazilərdə əks-terror əməliyyatı və ərazilərin işğalçı qüvvələrdən təmizlənməsi başlanarsa, Moskvanın mövqeyi necə olar, buna göz yumarmı, yoxsa Azərbaycanın daxili işinə qarışar?” sualına belə cavab verib: “Bu, artıq mücərrəd bir şey deyil, Dağlıq Qarabağ münaqişəsi istisnasız olaraq Azərbaycanın daxili işi deyil”.
Daha sonra Lavrov vurğulayıb ki, BMT-nin Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin azad edilməsilə bağlı tələbi öz qüvvəsini saxlayır, “amma heç bir halda güc tətbiq etmədən və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsi halında”.
“Mübahisələrin sülh yolu ilə nizamlanması tam birmənalı olaraq qeydə alınıb. 2016-cı ilin aprelində baş verən qanlı hadisələr dərin narahatlıq doğurur. Həmin məqamda Rusiya qan tökülməsinin qarşısını almaq üçün həlledici rol oynadı”, – Lavrov deyib.
Bu bəyanata cavab olaraq Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib:
“Aprel hadisələri göstərdi ki, Rusiya ATƏT-in Minsk Qrupunun üzvü və qonşu dövlət olaraq münaqişənin tez bir zamanda nizamlanması üçün daha çox səy göstərməlidir. Tam əminəm ki, əgər Rusiya məsələ ilə bütün ciddiətilə məşğul olsa, status-kvo dəyişəcək, regionda stabillik bərqərar olacaq və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin ediləcək”.