Gürcüstanda tibb bacısı AstraZeneca peyvəndindən sonra ölüb. Vaksinasiya qismən dayandırılıb
Gürcüstanda Axalsix klinikalarının birində 27 yaşlı tibb bacısı vaksinasiyadan sonra ölüb. Meqi Bekradzeyə martın 18-də koronavirusa qarşı AstraZeneca peyvəndi vurulub. Yarım saat sonra onda anafilaktik şok yaranıb və o, komaya düşüb. Onu Tbilisiyə xəstəxanaya köçürüblər, amma tibb bacısını xilas etmək mümkün olmayıb.
Meqi Bakradzenin qohumları bildirirlər ki, onun başqa xəstəliyi olmayıb.
Hadisə yüksək dağlıq Acara regionunda vaksinasiyanın qismən dayandırılmasına səbəb olub. Ölkə ərazisinin qalanında proses planlaşdırıldığı kimi davam edir.
“Meqi Bakradzenin ölümü böyük ehtimalla vaksinə ağır alergik reaksiya nəticəsində baş verib, amma bu, çox nadir əks effektdir”, – Tbilisi Birinci Universitet Klinikasının direktoru Levan Ratiani deyib. Ölüm səbəbi ilə bağlı yekun rəy araşdırmadan sonra bəlli olacaq.
Gürcüstanda vaksinasiya martın 15-də, COVAX beynəlxalq platformasından 43 200 dozadan ibarət ilk partiya AstraZeneca gələndən sonra başlayıb. Vaksinin istehsalçısı Cənubi Koreyanın AstraZeneca-SKBio şirkətidir.
Meqi Bakradzenin ölümü ölkə sakinlərini dəhşətə gətirib. Buna qədər də cəmiyyətdə peyvənd olunub-olunmamaqla bağlı tərəddüd var idi. İndi vaksinə etibar etmədiyini deyən insanlar daha da çoxdur.
Müxtəlif sorğulara əsasən, təxminən respondentlərin 41 faizi bildirib ki, peyvənd olunmayacaqlar.
Səhiyyə Nazirliyində aparıcı immunoloq-ekspertlərlə görüş keçirilib və AstraZeneca preparatı ilə vaksinasiyanın davam etdirilməsinin məqsədəuyğun olub-olmadığı müzakirə edilib. Prosesi davam etdirmək qərara alınıb, amma indi əlavə təhlükəsizlik tədbirləri görüləcək: vaksinasiya ancaq reanimasiya şöbələri olan tibb müəssisələrində həyata keçiriləcək.
Gürcüstan cəmiyyətində Britaniya-İsveç farmakoloji şirkətinin istehsalı olan AstraZeneca peyvəndinin həqiqətən nə dərəcədə təhlükəsiz olduğu fəal şəkildə müzakirə olunur. Vaksinasiya əleyhdarlarının arqumentlərindən biri Avropa ölkələrinin çoxunun bu preparatın istifadəsini dayandırmaq haqda qərarıdır.
Avropada vaksinasiyanın dayandırılmasının səbəbi bəzi pasiyentlərdə anafilaktik çok yox, trombozun yaranması olub. Martın 19-dan əksər Avropa ölkələrində vaksinasiya prosesi bərpa edilib – dünyanın ən nüfuzlu təşkilatlarından biri Avropa Dərman Vasitələri Agentliyi peyvəndlə tromboemboliya arasında əlaqə aşkarlaya bilməyib.
Əgər vaksin təhlükəsizdirsə, niyə anafilaktik şok yaranıb?
Hələlik Meqi Bakradzenin ölüm səbəbinin anafilaktik şok olduğu rəsmi təsdiqlənməyib. Hərçənd bir neçə bu cür qeyri-adi faciəvi hal dünyanın müxtəlif ölkələrində baş verib, amma bu hallar heç yanda vaksinasiya prosesinin dayandırılmasına səbəb olmayıb.
Anafilaksiya – orqanizmin kəskin allergik reaksiyasıdır və allergenin dozasında asılı deyil. Anafilaktik şok dərman, o cümlədən də antibiotik və ya qida qəbulu fonunda, yaxud arı sancması zamanı baş verə bilər.
Həkimlər bildirirlər ki, bu orqanizmin nadir reaksiyasıdır və onu öncədən bilmək praktiki olaraq mümkün deyil.
Azadlıq Radiosu vaksinasiya nəticəsi kimi meydana gələn anafilaktik şokla bağlı indiyə qədər məlum olan halları toplayıb:
- Böyük Britaniyada AstraZeneca peyvəndi vurulan 5 milyon nəfərdən 41 nəfərində anafilaktik şok müşahidə olunub. Yəni 122 min nəfərə bir hal.
- Aımaniyada Pfizer-Biontec peyvəndi vurulan beş milyon 387 min nəfər arasında 63 belə hal qeydə alınıb.
Gürcüstanda istintaqın cavab verməli olduğu əsas suallardan biri Axaltsixdəki klinikanın belə reaksiyaya hazır olub-olmadığı və Meqi Bakradzeyə zamanında tibbi yardım göstərilibmi?
Meqi Baradze martın 18-də təxminən saat 12:15-də peyvənd vurdurub. Bir neçə dəqiqədən sonra o, yerli mediaya müsahibə verib (müsahibəyə aşağıdakı videoda baxmaq olar). “Vaksinasiya lazımdır”, – o deyib. – “Biz virusa qarşı gücsüzük və buna görə də peyvənd vurdurmalıyıq ki, xəstəlikdən qoruna bilək və xəstəliyi ağır formada keçirməyək. İnsanlar qorxmuş olsalar da, peyvənddə təhlükəli heç nə yoxdur. Hamını vaksinasiyaya çağırıram”.