Gürcüstanda tibb bacısı AstraZeneca peyvəndindən sonra komaya düşüb
Axaltsixidə (Samtsxe-Cavaxetiya regionu) 27 yaşlı tibb bacısı martın 18-də “İmedi” klinikasında koronavirusa qarşı AstraZeneca şirkətinin vaksini vurulandan cəmi bir neçə dəqiqə sonra komaya düşüb.
İlkin məlumata əsasən, qadında böyük ehtimalla allergik reaksiya fonunda anafilaktik şok yaranıb. Bildirildiyinə görə, onun başqa xəstəlikləri olmayıb.
Qadının vəziyyəti ağır kimi dəyərləndirilir, o, süni nəfəs aparatına qoşulub. Fəlakət şəraitində işləyən tibb briqadası onu Tbilisi xəstəxanalarının birinə gətirməlidir.
Vaksinasiyadan əvvəl qadın yerli mediaya müsahibə verib və hər kəsi vaksinasiyadan keçməyə səsləyib.
Hadisədən sonra onun doğmaları və yaxınları xəstəxanaya gəliblər, pəncərələri sındırmağa başlayıblar və baş verənlərdə klinikanı günahlandırıblar. Klinikanın həyətində mühafizə ilə onların arasında qarşıdurma yaşanıb. Hadisə yerinə polis gəlib.
Qohumları danışırlar ki, onlar üç saat baş verənlərlə bağlı məlumat almağa çalışıblar, həkimlər isə onlara heç nə deməyiblər.
İlk şərhi Xəstəliklərə Nəzarət və İcsimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze verib. Onun sözlərinə görə, bu, martın 15-də ölkədə vaksinasiya prosesi başlayandan ilk ciddi əks təsirdir.
“Vaksin istənilən başqa dərmanlar kimi əks təsirdən sığortalanmayıb. Adətən bunlar yüngül olur, amma ciddi də ola bilir. Vaksin və ya dərman yeridiləndən sonra sürətlə inkişaf edən ən ciddi fəsad anafilaktik şokdur. Bu, iynə vurulandan 15, 20 və ya 30 dəqiqə sonra baş verə bilər, hərçənd daha gec reaksiya da mümkündür”, Qamkrelidze deyib.
Səhiyyə Nazirliyinin Nizamlama Agentliyi hadisə ilə bağlı araşdırmaya başlayıb.
- Anafilaksiya orqanizmin kəskin allergik reaksiyasıdır. Anafilaktik şok adətən çox sürətlə, allergen orqanizmə daxil olandan bir neçə dəqiqə içində inkişaf edə bilər, hərçənd bəzi hallarda bir neçə saat ərzində də inkişaf etməsi mümkündür. Onun inkişafı allergenin dozasından asılı deyil. Hətta cüzi miqdarda allergen də anafilaktik şok doğura bilər. Bu, dərman, o cümlədən də antibiotik və ya qida qəbulu fonunda da baş verə bilər.
- Gürcüstanda vaksinasiya prosesi martın 15-dən başlayıb. İlk olaraq tibb personalı vaksinasiyadan keçirilir. Gürcüstan AstraZeneca Britaniya-İsveç farmakoloji şirkətinin peyvəndindən istifadə edir.