Traktor və uğur
Kodua ailəsinin fermer təsərrüfatı 80-ci illərdə yaradılıb, 90-cı illərin ortalarında onu biznes kimi qeydiyyatdan keçirdilər, 2000-ci illərin əvvəllərində isə ailə fındığın təmizlənməsi üzrə ilk zavod tikdi və bu gün bu zavod gündəlik 10 ton hazır məhsul istehsal edərək, onu müvəffəqiyyətlə Avropaya ixrac edir. Müəssisə əsasən 23 yaşlı Marika Konduanın sayəsində uğur qazanıb, Marika bu ailə biznesinin bütün işlərini idarə edir. Fındıq yeganə məhsul deyil, LTD “Keskia həm də bal, silos və digər məhsullar da istehsal edir.
“İldə bir ton yarım, iki ton bal alınır və Gürcüstanda satılır, amma mən artıq onu xarici bazarlara satışa çıxarmaq istəyirəm, – Marika danışır. O, öz planları haqqında böyük həvəs və əminliklə danışır, dərhal başa düşürsən ki, qarşındakı xəyalpərəst qız deyil, peşəkardır: Marika hər şeyi hesablayır və planlaşdırır. O dəqiq bilir ki, ona atılmış nohuru mənfəət gətirən balıq təsərrüfatına çevirmək üçün nə qədər vaxt, pul və başqa resurslar lazım olacaq. Marikaya qulaq asdıqca anlayırsan ki, həqiqətən də hələ mövcud olmayan balıqçılıq təsərrüfatı mütləq uğur qazanacaq.
“Nəticədə mən bizim sadəcə uğurlu təsərrüfatımız deyil, bütün Avropa və beynəlxalq standart və normalara cavab verən təsərrüfatımızın olmasını istəyirəm. Qoy o məşhur olsun, qoy ən azı bizim rayonun vizit kartı olsun.
Qadın ola-ola Gürcüstanda biznesi idarə etmək o qədər də asan deyil, – Marika danışır. Bu, kənd təsərrüfatında işləyən və əyalətdə öz işini qaldırmaq istəyən qadın üçün xüsusiylə çətindir.
“Bu da sizə ən adi misal. Mən biznesi inkişaf etdirmək üçün növbəti kredit almaq istəyəndə banka tək, kişisiz gələ bilmirəm. İşim əla gedir, mən bank qarşısındakı öhdəliklərimi həmişə vaxtında yerinə yetirirəm və mənim əla kredit tarixçəm var. Amma mən banka tək gəlsəm, mənə çox güman ki, rədd cavabı verəcəklər, çünki işi təkbaşına idarə edən qadın mütləq zəif sayılacaq və bank dərhal onu risk qrupuna daxil edəcək.
Ümumilikdə Marikanın gündəlik həyatı heç də cəmiyyətin görmək istədiyi kimi deyil. Məsələn, traktor sürmək məgər qadın işidir?
Yeri gəlmişkən, Gürcüstanın ucqar kəndlərində traktor sürmək emansipasiyanın az qala ən parlaq nümunəsidir. Hər halda Marika bildirir ki, o SSRİ vaxtından traktoru idarə etmək üçün lazım olan C kateqoriyalı sürücülük vəsiqəsi alan ilk gürcü qadınıdır.
29 fevral, 2016-cı ildə dərc edilib