Asan, ucuz, qanunsuz
Binaların davamlılığı təhlükə altındadır
Günün günorta çağında şəhərsalma müfəttişliyi və meriyanın gözü qarşısında Armavir şəhərində müvafiq sənəd və icazə olmadan həyasıczasına binaların davamlılığına və şəhər sakinlərinin həyat və sağlamlığına təhlükə yaradan qeyri-leqal tikinti həyata keçirilir.
Qanuni əsaslarla tikmək üçün böyük məbləğdə pul və xeyli vaxt sərf etmək lazımdır. Eyni zamanda vətəndaş tikinti ilə məşğul olmaq istəyirsə, əvvəlcə meriyada tikintiyə icazə ilə birlikdə torpaq sahəsi almalıdır, icazə auksionda verilir. Sonra o, layihə-hesab sənədlərini sifariş etməli, bundan sonra da müxtəlif müfəttişliklərdən şəhadətnamə almalıdır ki, tikilən binanın layihəsi bütün qüvvədə olan normalara cavab verir. Ancaq təsdiq olunmuş layihə-hesab sənədlərinin olduğu halda lisenziyası olan inşaatçı ilə müqavilə bağlamaq olar. Eyni zamanda tikintinin gedişatına nəzarəti həyata keçirən təşkilatla da əlavə müqavilə bağlanmalıdır.
Bütün bunlara, misal üçün 100 kvadrat-metrlik sahəyə 1-1,5 milyon dram (təxminən 2000-3000 dollar) lazım olacaq. Amma qanuni ödənişlərdən başqa, qeyri-leqal xərclər də qaçılmazdır. Misal üçün, yanğına nəzarət müfəttişliyi layihə ilə lazımi qaydada tanış olmadan hansısa anlaşılmaz normanı bəhanə gətirərək, sənədi imzalamaqdan imtina edir. Və ancaq əlavə “qonorar layihənin yanğına nəzarət normalarına uyğun olduğunu göstərə bilər. Elektrik təchizatı, su təchizatı və kanalizasiya, qazlaşdırma müfəttişlikləri də eyni qayda üzrə işləyir.
Ən qısa və qənaətli yol
Vaxta, böyük həcmdə pula qənaət etməyə və artıq baş ağrısından qaçmağa imkan verən ən qısa yol qeyri-qanuni tikintinin həyata keçirilməsidir, aşkar edildiyi zaman isə şəhərsalma müfəttişliyi maksimum 400 min dram (təxminən 840 dollar), meriya isə 200 min dram (420 dollar) həcmində cərimə təyin edir.
Ev tikən adam da məmnuniyyətlə bu pulu ödəyir, kiçik qonorar sayəsində bir müddətlik şəhərsalma müfəttişliyi və meriyanın gözlərini bağlayır və bu zaman ərzində də tikintini bitirə bilir. Bir neçə il sonra da yerli hakimiyyət müvafiq sənədləri təqdim edir və tikinti qanuni sayılır. Sonunda da bina sahibi mülkiyyət şəhadətnaməsi alır.
Məhz buna görə də Armavir şəhəri artıq öz memarlıq simasını çoxdan itirib və itirməkdə davam edir. İş o yerə çatıb ki, hündür mərtəbəli binanın üçüncü mərtəbəsində yaşayan istənilən sakin istədiyi vaxt ikiotaqlı mənzilini beşotaqlıya çevirə bilər. Heç bir problem də olmayacaq. Sadəcə şəhərsalma müfəttişliyinin və meriyanın məsləhəti ilə tikintiyə istirahət günləri axşam başlamaq lazımdır.
Qanunsuz tikintinin fəsadları
Qanunsuz tikinti təbii ki, şəhərin memarlıq planı və görünüşünə təsir edir. Amma daha real təhlükələr də var.
İlk növbədə, şəhər əhalisi əziyyət çəkir, çünki böyük avtomobillərin, misal üçün, yanğınsöndürən maşınların bina həyətinə girişi ya çətinləşir, ya da ümumiyyətlə bağlanır.
İkincisi, binanın davamlılığı pozulur ki, bu da dəfələrlə qeydə alınıb və sübuta yetirilib. Misal üçün, Anrapetutyan küçəsində yerləşən 1 saylı binanın birinci və axırıncı blokları əlavə tikililər səbəbindən qəzalı vəziyyətə düşüb. Onları icma büdcəsinin hesabına bərpa etməli olublar.
Maraqlıdır ki, Armavir meriyası qanunsuz tikinti haqqında onlarla protokol hazırlasa da, bir dəfə də olsun məhkəməyə qanunsuz tikilini sökmək və ərazini əvvəlki vəziyyətinə qaytarmaq tələbi ilə müraciət etməyib.