Azərbaycanda hərbi zavodda partlayış
Şirvandakı hərbi zavodda utilizasiya olunmalı hərbi sursatların partlaması nəticəsində iki nəfər həlak olub. Bu hadisənin rəsmi təsdiqi təxminən 7 saat sonra gəldi.
Xronologiya
Saat 16:10-da bir sıra KİV və informasiya agentlikləri (APA, Trend, Turan və s.) DİN, FHN və Baş Prokurorluğun iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz zavodunun utilizasiya sahəsində baş verən partlayış haqqında birgə məlumatını yaydı.
Əvvəlcə Müdafiə Nazirliyi və Səhiyyə Nazirliyi ölənlərin olmadığını və yalnız 6 nəfərin yaralandığını bildirirdilər. Sonra 17:55 radələrində yaralananların sayı 20 nəfərə çatdı, ölənlər haqqında isə məlumat verilmirdi.
Saat 18:26-da APA agentliyi özünün zavod ərazisində olan əməkdaşına istinadən ərazidə ara-sıra partlayış səslərinin eşidildiyi haqda məlumat verdi. “Partlayış baş verən ərazidə tüstülənmə var. Hadisə zamanı partlayan mərmilər yaxınlıqdakı ərazilərə səpələnib. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub və yaralıları müxtəlif xəstəxanalara aparırlar”. Həmin vaxta qədər xəstəxanaya cəmi 20 nəfər çatdırılmışdı.
Müdafiə sənayesi naziri Yavər Camalov, fövqəladə hallar nazirinin müavinləri Faiq Tağızadə, Etibar Mirzəyev, baş prokurorun birinci müavini Rüstəm Usubov hadisə yerində idi.
20:39-da isə 1news agentliyi bildirdi ki, faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi qaldırılıb. İlkin araşdırmalarla müəyyən edilib ki, partlayış zavodun utilizasiya sahəsində vaxtı keçmiş döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində baş verib.
21:40-da Müdafiə Nazirliyi bildirib ki, yaralılar arasında hərbçilər yoxdur.
Ancaq 22:00 radələrində Müdafiə Sənayesi Nazirliyi məlumat verib ki, hadisə nəticəsində iki nəfər – Ağamir Allahyar oğlu Məmmədov və İlhamə Əsgər qızı Nuriyeva dünyasını dəyişib.
Yarı dolu və yarı boş
İqtidaryönlü və müstəqil agentliklər məlumatı müxtəlif cür təqdim edir.
Meydan.tv və xüsusən də Contact.az saytlarının baş səhifəsi əsasən zavoddakı vəziyyətə həsr olunub.
Bu zaman Trend.az, Day.az, 1news.az əsasən pozitiv məlumatlar yayır. Maraqlıdır ki, zavoddakı vəziyyətlə bağlı səhər məlumatını 1news.az aşağıdakı başlıqla verdi: “Müdafiə Sənayesi Nazirliyi zavodunda baş verən partlayış zamanı yaralananlardın dörd nəfər xəstəxanadan çıxıb.
“Turan agentliyi iyulun 27-də səhər aşağıdakı məlumatı verdi: “Partlayışın nəticələrinin aradan qaldırılması ilə bağlı aydın məlumat yoxdur”.
Sosial şəbəkələrdə yayılan məlumata görə, hələlik vəziyyəti tam nəzarətə götürmək mümkün olmayıb və xilasedicilər hərbi sursatların partlama təhlükəsi ilə əlaqədar müəssisə ərazisinə daxil ola bilmirlər. Mənbənin məlumatına görə, müəssisədə hələ də adamlar qalmış ola bilər və onların taleyi məlum deyil.
Ekspert rəyi
İqtisadçı Natiq Cəfərli:
“Azərbaycana müdafiə senayesi lazımdır, amma Müdafiə Sənayesi Nazirliyi lazım deyil, boş, mənasız nazirlik statusunda olan qurumdur, dövlət büdcəsi hesabına şişən ştatları ilə tam yararsız statusdur. Müdafiə sənayesi, məsələn, İqtisadiyyat Nazirliyi tərkibində kiçik bir departament ola bilər.
Şirvandakı zavodda artıq neçənci dəfədir ki, faciə baş verir, deməli, işin təşkili zaydır, məsuliyyət daşıyan isə yoxdur, çünki həlak olanlar qara camaatdır. Allahdan ölənlərə rəhmət, yaralılara acil şəfalar diləyirəm.
Sosial şəbəkələrin reaksiyası
“Facebook olduqca soyuq reaksiya verdi, sanki müzakirə olunmalı heç nə yoxuydu:
“Partlayışla utilizasiya ekoloji cəhətdən təhlükəlidir. Bundan heç kim sığortalanmış deyil.
“Bu işi fəaliyyətdə olan müəssisənin ərazisində, yaşayış zonası yaxınlığında deyil, poliqonlarda görməlidirlər. Yenə başımıza nə corab hörürlər, buna kim inanar ki?
“Nə qədər ki, idarəçilik qurumlarında yüksək vəzifələrdə qeyri-peşəkar yaltaqlar işləyir, bu cür hadisələr daha tez-tez baş verəcək.
“Yenə də səhifəmizdə bayrağın şəklini yerləşdirib, bir az kədərlənib, bir az da narazılıq edəcəyik və artıq bir ay sonra hər şey unudulub gedəcək.
Amma deyəsən, bu dəfə hər şey artıq iki sutka sonra bitdi.
Dərc edilib 27.07.2016