Flaqman qayıdır
“Ayna qəzeti qayıdır! İstanbuldakı faciə onu ikinci plana keçirənə qədər bu xəbər gündəmin əsas mövzusu idi.
“Ayna-Zerkalo qəzeti [“Ayna Azərbaycan, “Zerkalo rus dilində] düz 1990-cı ildən bizimlə olub, o bağlananda isə bakılılar acı hisslər keçirdilər: sanki onların adi həyat tərzində nəsə qırıldı. “Ayna-Zerkalonun əbədi qalacağını düşünürdülər.
Qəzet gündəlik olaraq, “qısaldılmış variantda – cari xəbərlər, şənbə günləri isə bütöv – analitik məqalələr, ulduz falı, axırdan əvvəlki səhifədə hekayə və krossvordla çıxırdı. Günorta artıq qəzeti tapmaq mümkün deyildi – bütün tiraj bir neçə saata satılırdı. 90-cı illərin ortalarında müəyyən bir dövrdə qəzet yüz min tirajla çıxırdı.
“Ayna – Zerkalo qəzeti 2014-cü ildə maliyyə səbəblərindən bağlananda, başqa nəşrlər və mediaların jurnalistləri bunu axırıncı müstəqil qəzetin sonu kimi qəbul etdilər. Bundan bir qədər əvvəl “Zerkalonun jurnalistlərindən biri Rauf Mirqədirov həbs edildi, sonradan o dövlətə xəyanət ittihamı ilə altı il müddətinə azadlıqdan məhrumetmə cəzası aldı.
“Ayna – Zerkalo 24 il ərzində bütöv bir jurnalist nəslini yetişdirərək, özünəməxsus məktəbə çevrildi. Ehtiyatla yuxarıda duranların arasında manevr edən qəzet sonuna qədər özünün heç kim tərəfindən sırınmayan və Azərbaycan mətbuatının ümumi fonunda çox azad redaksiya siyasətini apardı.
“Ayna-Zerkalo qəzetinin keçmiş və indiki baş redaktoru Elçin Şıxlının dediyinə görə, qəzet hələlik faktiki olaraq, ayna.az saytında bloq şəklində çıxacaq və onun üçün ancaq köşə yazarları yazacaq.
“Dünən xəbər yayıldıqdan sonra camaatın reaksiyasını nəzərə alsaq, demək olar ki, müəyyən bir kəsim üçün maraqlı olacaq. Bizim üçün yazacaq müəlliflər mənim dostlarımdır. Biz eyni fikrin adamlarıyıq, çalar fərqliliyi olsa da biz məsələləri müzakirə edib, ortaq məxrəcə gələ bilirik.
Elçin Şıxlı hesab edir ki, oxucuları samballı peşəkar jurnalistlərin bir resursda toplanan yazıları maraqlandıracaq. “Bu o demək deyil ki, digər şəxslər bizə yazı verə bilməzlər. Baxacağıq, dairə genişlənsə, yazmaq istəyən olsa, əlbəttə qəbul edəcəyik. Bununla belə, “Ayna üçün yazmaq istəyənlər qonorar ala bilməyəcək. Bağlanan vaxt qəzetin pulu olmadığı kimi, indi də yoxdur, amma insanlar pulsuz işləməyə hazırdır.
Qulu Məhərrəmli, media mütəxəssisi:
“O yerdə ki, media resursların xəbərləri cəmiyyəti qane etmir, qərəzlilik var, balans qorunmur, cəmiyyətə normal məlumat verilmir, auditoriya diqqəti yönəldir ayrı-ayrı şəxslərin yazılarına. Avropada, Rusiyada belə təcrübələr var.
“Burda yazanların hamısı mətbuatda müəyyən yol keçmiş insanlardır və elitar auditoriyanın inandığı, güvəndiyi yazarlardır. Həm də ki, layihənin başında dayanan adam cəmiyyətdə ictimai mövqeyi olan, milli düşüncəyə söykənən adamdır. Onun çevrəsindəki müəlliflər də eynən o cür qavranırlar. Mənim bildiyimə görə bunun bir TV layihəsi də olacaq.
Nicat Məlikov, “Zerkalo qəzetinin siyasət şöbəsinin keçmiş müdiri:
“Ayna qazetinin hələ ki ancaq müəllif yazıları ilə elektron variantda “nəşri” baş redaktor və “Зеркало – Ayna qazetlərinin təsisçisi Elçın Şıxlının qərarıdır. Hər halda şef nəinki Azərbaycanda, hətta bütün postsovet məkanında ən istedadlı və təcrübəli jurnalist – qəzetçilərdən biridir və burada məqsəd və məram, eyni zamanda düzgün addımın atılması şəxsən məndə heç bir şübhə doğurmur.
Dərc edilib 30.06.2016