Diri-diri yananlar haqda kim xatırladacaq?
“Ömürlük cəzamın 6 ayı keçdi… Bu 6 ay içində dünyada o qədər hadisə baş verdi ki, sanki Allah hər kəsə artıq daha tez-tez ‘oyanın, mən hər şeyi görürəm’ deyir. Amma insanların çoxu hələ də yatır. Bu olanlar barədə fikirlərimi indiyədək paylaşmadım, amma Rusiyada, Fransada baş verən hadisələrə sevinən həmvətənlərimə görə sadəcə utandım. Bir şeyi bilin ki, sizin başınıza nə vaxtsa övlad itkisi gəlsə, siz o aeroportun pəncərəsindən baxan uşaq üçün erməni olsa da belə ağlayardınız. İnsanlığın milliyyəti olmaz.
Bu 6 ay içində ölkəmiz də yaxşıca sirkələndi. Hər şey gec-tez üzə çıxır. Ayxanımın ölümündə günahlandırılanlar, yanğının baş vermə səbəbləri və səbəbkarları, cinayət işinin nə yerdə olduğu barədə hələ də məlumatsız olsaq belə, inanıram ki Allahın cəzası onları tapacaq. Onlar mənim çəkdiklərimi həddsiz dərəcədə artıqlamasıyla çəkəcəklər. O günləri mən mütləq görəcəyəm. Ayxanımın hiss etdiyi o qorxu və çarəsizliyin hər saniyəsinə görə onlar cavab verəcəklər.
19 may 2015-ci ildə Bakıda Azadlıq prospektində yerləşən 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğın zamanı 15 nəfər həlak olmuş, 63 nəfər xəsarət almışdı. Yanğının səbəbi binaya üzlük olaraq vurulan poliuretan plitə olub. Binanı bir neçə saniyə ərzində alov bürümüşdü. FHN-nin əməkdaşları alovun öhdəsindən ancaq 4 saatdan sonra gələ bildi.
Zərərçəkmişlərə yardım
Sosial şəbəkə istifadəçiləri dərhal zərərçəkmişlər üçün paltar və qida toplamağa başladi. Qırmızı Xaç bu təşəbbüsü qida məhsullarını və paltar paylanmasını nəzarət altına alaraq davam etdirdi.
Sonra, elan olunduğu kimi, dövlət tərəfindən yanğın qurbanları mənzillə təmin edilmiş, onlara ödənişsiz tibbi yardım göstərilmiş, dəymiş maddi zərər kompensasiya edimişdi. Hal-hazırda zərərçəkmişlərin bir çoxu artıq mənzillərinə qayıdıblar.
Nəticələr
Paytaxt sakinləri yekdilli olaraq həlak olanları ağlayıb, günahkarların cəzalandırılmağını tələb edirdi. İnsanlar yanğın qurbanlarının xatirəsini anmaq üçün yanmış binanın qarşısına çiçəklərlə gəlirdi.
Eyni zamanda, şəhərdə eyni təhlükəli poliuretanla üzlənmiş daha 800 bina qalmaqda idi. Yanğından sonra həmin binaların sakinləri hökümətin təşəbbüsünü gözləmədən özləri plitələri binalardan sökməyə başladı. Sonradan paytaxt rəhbərliyi də eyni qərara gəldi, poliuretan plitələr bütün şəhərdə təcili şəkildə demontaj olunmağa başladı. Demontajın hələ başladılmadığı binaların qarşısında yanğınsöndürmə maşınları növbə çəkirdi.
İstintaq
Dövlət orqanları Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işi açdı. Prezident istintaqı öz nəzarəti altına aldı. Binaların üzlənməsində məsuliyyət daşıyan məmurlar həbs olundu. Bundan sonra istintaqın gedişatı və ya nəticələri barədə heç bir rəsmi açıqlama verilməyib.
Bugün
19 Noyabrda 15 nəfərin ölümüylə nəticələnmiş yanğından düz yarım il ötdü. Mətbuat orqanları susdu. Bəzi sosial şəbəkə üzvləri bu tarixi matəm şəkilləri və statusları ilə yad etdilər:
“Bu gün may ayında Bakıda baş vermiş yanğının yarım ili tamam olur. Bu yanğında həmvətəndaşlarımızın dəyərli həyatları ilə yanaşı, hakimiyyətin xalqa qarşı heç olmasa azacıq ədalətli rəftar edəcəyi ümidimiz də yandı. Mən abırsızlıq, daş qəlblilik, acgözlükdən daha çox qorxubilməməzliyə məhəttəl qalmışam. Mən anlayıram ki, onlar bizdən – ürkək, cəsarətsiz, lax şəbəkələrdə arabir boş-boş danışanlardan – çəkinmir. Bir ana naləsindən və qarğışından qorxmamaq artıq ya qorxubilməməzliyin, ya da axmaqlığın zirvəsidir