Ermənistan və Azərbaycan liderləri Qarabağ müharibəsinin ara nəticələri haqda
Sentyabrın 27-dən Dağlıq Qarabağ ətrafında genişmiqyaslı hərbi münaqişəyə cəlb olunmuş Ermənistan və Azərbaycanın liderləri Rusiyanın dövlət informasiya agentliyi “RİA-Novosti”nin altı sualına cavab veriblər.
Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlarla bağlı bütün tərəflərdən xəbərlər və reportajlar. 19-cu gün
Əsas tezislər:
Sual: Sentyabrın 27-dən başlayan hərbi əməliyyatların nəticələrini necə dəyərləndirirsiz, tərəflərin itkiləri nə qədərdir və əsirlərin sayı çoxdurmu?
Ermənistanın baş naziri Nikol Paşinyan:
Bir çox ekspertlər deyirlər ki, bu, miqyasına görə XXI əsrin misilsiz müharibəsidir.
Bütün növ silahlardan istifadə olunur: tanklar, dronlar, təyyarələr və vertolyotlar, zirehli texnika, artilleriya, raket artilleriyası. Bu hərbi əməliyyatlara çox sayda əsgər və qoşun da cəlb olunub.
Çox genişmiqyaslı və gərgin döyüşlər gedir. Biz deyə bilərik ki, Türkiyənin və Azərbaycanın blitzkriqlə Dağlıq Qarabağda nəzarəti ələ keçirmək planı hazırda uğursuzluğa uğrayıb.
Azərbaycan prezidenti İlham Əliyev:
Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb, son üç ay ərzində bu ilk hücum deyildi.
Bu günə qədər dinc əhalimiz arasında 43 nəfər həlak olub və 200 nəfərdən çox yaralanıb, iki minə yaxın ev ya tam dağıdılıb, ya da zədələnib.
Hərbçilər arasında itkilər haqda biz münaqişənin qaynar fazası bitəndən sonra məlumat verəcəyik.
Bugünə qədər onlarla yaşayış məntəqəsi işğaldan azad edilib.
Sual: Azərbaycan ordusunun tərəfində Suriya və ya Liviyadan olan muzdluların iştirakına inanmaq olarmı? Ermənistan tərəfdə əcnəbilər döyüşürmü?
Nikol Paşinyan:
Qarabağa qarşı döyüşlərdə suriyalı muzdlu terrorçuların iştirak etdiyinə dair sübutlar var. Onlar sosial şəbəkələrdə və KİV-də dərc olunub. Bu haqda artıq bütün dünya danışır.
Türkiyənin bu müharibənin əsas sponsoru olduğu aydındır. Türkiyə muzdlu terrorçuları tutub və münaqişə zonasına gətirib.
Onlar yalnız hərbi əməliyyatların idarə olunmasına yox, həm də [yerdəki əməliyyatlara] cəlb olunublar.
Bəzi məlumatlara görə, Pakistan ordusunun xüsusi təyinatlı hissələri də cəlb olunub.
Bu, region ölkələrinin maraqlarına toxunan tammiqyaslı regional münaqişədir.
Ermənistan tərəfinə gəlincə, həmvətənlərini dəstəkləmək üçün gələn bəzi diaspora təmsilçisi ermənilər ola bilər. Amma onları muzdlu hesab etmək olmaz.
İlham Əliyev:
Azərbaycanın xarici hərbi iştiraka ehtiyacı yoxdur. Bizim ordumuz yüz mindən çox döyüşçüdən ibarətdir və lazım gəldiyi təqdirdə, səfərbərlik halında bu rəqəm bir neçə dəfə yüksələ bilər.
Azərbaycan həmişə beynəlxalq terrorçuluqla ardıcıl mübarizə aparan ölkə olub, biz heç vaxt imkan vermərik ki, bizim ərazimizdə hansısa terrorçu təşkilatlar yuva qursun.
Azərbaycan ərazisində olan, hazırkı hərbi toqquşmalarda iştirak edən əcnəbi silahlı dəstələrlə bağlı bizə heç kim heç bir sübut təqdim etməyib.
Bizim rəsmi mövqeyimiz ondan ibarətdir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur.
Sual: 10 oktyabr Moskva razılaşmasında [atəşkəs haqda] nizamlamanın baza prinsipləri qeyd olunub. Siz onları necə anlayırsız?
Nikol Paşinyan:
Xalqların öz müqəddaratını müəyyən etmə hüququ, gücdən və ya güc tətbiqi təhdidindən istifadə etməmək, ərazi bütövlüyü.
Amma danışıqlar prosesində məlum oldu ki, müxtəlif tərəflər bu prinsipləri fərqli dəyərləndirir.
Biz indi elə bir vəziyyətdəyik ki, həmin çox mühüm prinsiplərdən biri pozulub – bu, Dağlıq Qarabağ probleminin həlli üçün gücdən və güc tətbiqi təhdidindən istifadə etməmək prinsipidir.
İlham Əliyev:
Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi.
İlk mərhələdə – cənub-şərq hissə, beş rayon.
İkinci mərhələdə – Dağlıq Qarabağ və Ermənistan arasındakı ərazi: Laçın dəhlizi və Kəlbəcər rayonu.
Bütün kommunikasiyaların açılması.
Qaçqın və məcburi köçkünlərin öz əzəli yaşayış yerlərinə qaytarılması, azərbaycanlı köçkünlərin Şuşa və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarına qaytarılması da nəzərdə tutulur.
Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar.
Sual: Siz hansı güzəştlərə hazır idiniz? Və sizin heç bir vəziyyətdə qətiyyən aşmayacağınız hədd varmı?
Nikol Paşinyan:
Ermənistan üçün “qırmızı xətt” Dağlıq Qarabağın öz müqəddaratını müəyyən etmə hüququdur. Ermənistan tərəfi bundan imtina edə bilməz.
Moskva bəyanatında [2020-ci il 10 oktyabrda imzalanan atəşkəs haqda] danışıqlar prosesinin bərpa olunması üçün konkret addımlar danışılmışdı.
Biz Azərbaycanın hazır olduğu güzəştlərə proporsional güzəştlərə hazır idik.
İlham Əliyev:
Heç bir halda Azərbaycanın ərazi bütövlüyü pozula bilməz.
Heç bir halda Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq.
Bizim təklifimiz – gələcəkdə Dağlıq Qarabağ ərazisində erməni və azərbaycanlı icmalarının birgə dinc yaşamasıdır.
Sual: Bu müharibənin amansızlığı artıq tarixə düşüb. Siz tarixdə necə qalmaq istərdiz?
Nikol Paşinyan:
Bu, hansısa şəxsi iddialar məsələsi deyil. Mən istəyərdim ki, Dağlıq Qarabağ münaqişəsinin yekununda münaqişə tam həll edilmiş olsun. Güzəştlər bazasında.
Biz bütün tərəflər – Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün məqbul olan həll yolunu tapa bilək.
Bu da qəti həll olardı.
İlham Əliyev:
İstənilən müharibə amansızlıqdır. Fərq ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadetmə, Ermənistan üçün isə işğalçı müharibədir.
Dağlıq Qarabağın sözdə ordusu mövcud deyil. Bu birləşmədə hərbçilərin 90 faizi Ermənistan vətəndaşlarıdır. Onlar Ermənistanın hərbi komissarlıqları tərəfindən hərbi xidmətə çağırılırlar.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərində bugün Ermənistanın işğalçı qüvvələri mövcuddur. Buna da heç nə ilə haqq qazandırmaq mümkün deyil: nə beynəlxalq hüquq, nə də mənəviyyat baxımından.
Sual: Siz özünüzdən nəsə əlavə etmək istərdinizmi?
Nikol Paşinyan:
Mən əminəm ki, Türkiyə Cənubi Qafqaza qayıtmaq (istəyir) ki, erməni soyqırımı siyasətini davam etdirsin.
Bu, Türkiyənin imperiya siyasətinin ardıdır.
Türkiyə bunu (siyasəti) Aralıq dənizində, Liviyada, Suriyada, İraqda, Yunanıstana, Kiprə münasibətdə davam etdirir.
Türkiyə Cənubi Qafqazda düzəni dəyişmək, buranı nəzarət altına almaq, Şimal, Şərq və Cənub-Şərq istiqamətində yayılması üçün körpüyə çevirmək istəyir.
Mən düşünürəm ki, bu vəziyyət bir çox ölkələrin, o cümlədən də və ilk növbədə Rf-nin milli təhlükəsizlik maraqlarına toxunur.
İlham Əliyev:
SSRİ-nin dağılması Dağlıq Qarabağda separatçılıqdan başladı. Bu, təhrikedici amil oldu. Çoxları bu mitinqləri, onları kimlərin təşkil etdiyini, arxasında kimlərin durduğunu unudur.
Mən tez-tez deyirəm ki, Paşinyan Sorosun məhsuludur. Düşünürəm ki, hamı da mənimlə razılaşar.
Soros artıq sadəcə şəxs də deyil, bu, anlayışdır. Mən qətiyyən istisna etmirəm ki, o zaman da böyük ölkəni dağıtmaq üçün bu cür alətlər işə salınmış ola bilərdi.
Daxildən partlatmaq, nifaq səpmək, xalqları qızışdırmaq və dövləti dağıtmaq. Bu da baş tutdu.