“Ermənistana son şans veririk” – İlham Əliyev
Dağlıq Qarabağda hərbi əməliyyatların başladığı on üçüncü gün Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciətlə çıxış edib.
Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlarla bağlı hər tərəfdən xəbərlər və reportajlar. Döyüşlərin 13-cü günü
Çıxışın tam videosu burada.
JAMnews əsas tezisləri təqdim edir
• Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər.
• Əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda, döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə sahib olubdur.
• Sentyabrın 27-dən bu günə qədər bütövlükdə Ermənistan Ordusuna çox böyük zərbə vuruldu.
• Düşmən öz xalqına nağıllar danışır, yalan danışır. Faktları saxtalaşdırır, öz xalqını aldatmaq istəyir, beynəlxalq aləmi aldatmaq istəyir ki, guya onlar hücuma keçirlər, onlar bizim bəzi mövqelərimizi geri alıblar. Hamısı yalandır.
• Biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil. Onlar mövqeləri qoyub qaçırlar.
• Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkirlər – onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. Qənimət kimi götürülmüş o hərbi texnikadan indi biz istifadə edirik – 18 tank. Onların tankları indi döyüş meydanında onlara qarşı vuruşur.
Əgər hər iki tərəf “müharibənin pis olduğu” ilə razılaşırsa və sözdə Madrid prinsiplərini qəbul etməyə hazırdırsa, niyə sülh sazişini imzalamaq mümkün olmur?
• Düşmən panikadadır, düşmən isterikaya qapılıb. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar. Biz dəfələrlə bunu demişik, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin, yoxsa, peşman olacaqsınız.
• Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq… Biz onları yerinə oturtduq. Biz onlara yerlərini göstərdik. Biz onları elə qovuruq ki, onlar bu sprinti heç vaxt yaddan çıxarmayacaqlar.
• Biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də budur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik… Biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!
• Amma işğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın… İndi görüm necə deyir “Qarabağ Ermənistandır”… Əgər belə bir şey desə, heç bir danışıqlardan söhbət gedə bilməz.
Ermənistanlı politoloq Aleksandr İskəndəryan Qarabağda hərbi qarşıdurma, Rusiyanın mövqeyi və müharibənin mümkün nəticələri haqda
• Deyirdi ki, biz kriminal “Dağlıq Qarabağ respublikası”nın quldur başçısı ilə danışıqlar aparmalıyıq. Biz heç vaxt buna razı ola bilmərik və bu heç vaxt olmayacaq.
• Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o ancaq bizim şərtlərlə oturub duracaq. Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın.
• Onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik… Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın… Gedin öz ölkənizdə yaşayın.
• İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik… Qoymadım… Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verməyəcəyik.
• Azərbaycan xalqı da bunu vasitəçilərdən, bəzi beynəlxalq təşkilatların rəhbərlərindən dəfələrlə eşidib ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən! Otuz ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi?… Yox. Bəs, bu məsələ indi necə həll olunur? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra siyasi.
• Biz təcavüzkara lazımi zərbələr endirməsəydik, onların dərsini verməsəydik, indi o qaçardımı Moskvaya danışıqlar aparmaq üçün?! …Biz məcbur etdik onları. …Hanı sənin “qəhrəmanlığın”?! Deyirdin “Qarabağ Ermənistandır”. Qarabağ Azərbaycandır. Bunu hamı bilməlidir.
• Əgər Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar. Biz torpaqlarımızı geri alacağıq – sülh yolu ilə, ya da ki, müharibə yolu ilə.
• Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! …Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. … İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq. … Tarixi qələbə çalırıq!