Rus effekti
Türkiyənin hələ bir il əvvəl bütün dünyada ən populyar və çiçəklənən turizm yerlərindən biri olan Antaliya şəhəri qorxu ilə yeni mövsümə hazırlaşır. Yerli Ticarət və Kommersiya Palatası bir müddət əvvəl “Rusiya sanksiyalarının Antaliya iqtisadiyyatına təsirinin effekti və təklif olunan tədbirlər adlı hesabatında faciəli rəqəmlər dərc edib.
Bu sənədə əsasən, Antaliyanın bütün gəlirlərinin 1/3 hissəsi bu və ya digər mənada Rusiya ilə bağlı idi, bu regiondan kənd təsərrüfatı məhsullarının 2/3 hissəsi də məhz Rusiyaya ixrac olunurdu.
Ötən ilin noyabr ayında Türkiyənin hava sərhədini pozan və Türkiyə tərəfindən vurulan Rusiya təyyarəsi ilə bağlı insident və bundan sonra tətbiq olunan Rusiya sanksiyaları bu günə qədər rus turistlərinin Antaliyada sayını 18 faiz azaltdı. Gəlirlərin birbaşa azalmasından başqa, regionun iqtisadiyyatına həm də turist kompleksləri sahiblərinin turistləri cəlb etmək məqsədilə qiymətləri kütləvi şəkildə azaltması da güclü zərbə endirdi.
Antaliya Ticarət və Kommersiya Palatası hadisələrin sonrakı gedişatının dörd ssenarisini işləyib hazırlayıb. Onların üçünə əsasən, Antaliya büdcəsi bu il bir milyarddan dörd milyarda qədər ziyanla üzləşə bilər.
Birinci ən pis ssenari
Antaliya Rusiya bazarını – təxminən 3,5 milyon turisti tamamilə itirəcək. Rəqəmlə büdcəyə dəyən ziyan təxminən beş milyard dollar, ölkənin iqtisadiyyatına ümumi ziyan isə 8-9 milyard dollar təşkil edəcək.
İkinci orta zərərli ssenari
Antaliya Rusiya bazarının 90 faizini itirəcək. Regionun aldığı zərər 3 milyard dollar təşkil edəcək.
Üçüncü nikbin ssenari
Antaliya Rusiya bazarının yalnız yarısını və təxminən bir milyard dollar itirəcək.
Dördüncü ağlabatmayan ssenari
Rusiya sanksiyaları götürəcək, bu da regionda böhranın qarşısını alacaq. Suriyada vətəndaş müharibəsinə son qoyulacaq. Avropa bazarları bərpa olunacaq.
Fəaliyyət planı
Son ssenari türk hakimiyyətində daha az nəzərdən keçirilir, buna görə də bütün işlənib hazırlanan planlar Rusiya tərəfindən tətbiq olunan sanksiyalardan gələn zərəri azaltmaq cəhdlərinə əsaslanır.
Türk mediasının yazdığı ideyalardan biri “Ekspo-2016 turizm sərgisinin keçirilməsi ilə bağıdır ki, bu da Rusiya bazarının hüdudları kənarında kurortu reklam etmək üçün yaxşı imkan yaradacaq. Xüsusi vurğu Çin və Hindistan bazarlarına edilir.
Başqa bir ideya – Antaliyada ulduzların konsertlərini keçirmək, Madonna, Cennifer Lopes və Castin Biberi dəvət etmək.
Antalyanın ‘köhnə şəhərində’ turistlər
“JAMnewsun dosyesi
Türk hökumətindəki mənbələrdən gələn məlumata görə, Türkiyə iqtisadiyyatı aşağıdakı sahələrdə Rusiya ilə bağlıdır:
İdxal
Rusiya Türkiyənin əsas enerji təchizatçılarından biridir. Türkiyənin istifadə etdiyi təbii qazın 56 faizi Rusiyadan təchiz olunur. Bundan əlavə, Rusiyadan Türkiyəyə ölkədə istifadə olunan neftin bir hissəsi (elə yeri gəlmişkən, metal və dənli bitkilər də) gətirilir. 2014-cü ildən Rusiyadan idxal olunan təbii qaz və neftin qiyməti Türkiyənin ümumdaxili məhsulunun 2,1 faizini təşkil edib.
İxrac
Rusiya Türkiyədən ixrac malı alan ölkələr siyahısında yeddinci yerdədir, ora qida məhsulları, parçalar, nəqliyyat və texnika nəql edilir. 2014-cü ildə Rusiyaya ixrac olunan türk malı Türkiyənin bütün ixracının 3,8 faizini təşkil edib və bu da Türkiyənin ümumi daxili məhsulunun 0,7 faizinə bərabərdir.
Turizm
Türkiyəyə gələn 37 milyon turistin 12,2 faizi Rusiya vətəndaşlarıdır. Onların ölkənin gəlirində payı təxminən 3 milyard dollara bərabərdir ki, bu da ümumi daxili məhsulun 0.3-0.4 faizini təşkil edir.
Rusiyada türk biznesi
Türk şirkətləri Rusiyada kifayət qədər iri layihələr həyata keçirir, xüsusən də tikinti biznesində. Bütün bu layihələrin ümumi həcmi son 3 il ərzində 12 milyard dollar təşkil edib. Bundan əlavə, Rusiyada 87 min türk vətəndaşı işlə təmin olunub, onlardan 55 mini tikinti biznesindədir.
Türkiyədə Rusiya sərmayələri
Rusiya türk iqtisadiyyatına 2014-cü ildə dördüncü ən iri bilavasitə sərmayədardır. Türkiyəyə Rusiya sərmayələri həmin dövrdə təxminən 730 milyon dollar təşkil edib ki, bu da Türkiyənin ümumi daxili məhsulunun təxminən 0,1 faizinə bərabərdir.
Banklar
Türkiyə ilə Rusiyanın bank sektorundakı əlaqələri o qədər də əhəmiyyətli deyil. “Сбербанк России Türkiyənin səkkizinci ən böyük bankı olan “Dənizbanka sahibdir. Beş türk bankının Rusiyada törəmə bankları var, amma onların Rusiya bazarında aktivləri o qədər də böyük deyil.
Rusiyanın Türkiyə üzrə sanksiyalarının siyahısı (2015-ci ilin noyabr ayından etibarən).
• Türkiyədən qida məhsullarının gətirilməsi qadağandır.
• Rusiyada türk şirkətlərinin fəaliyyəti məhdudlaşdırılıb (düzdür, bu məhdudiyyət artıq həyata keçirilən tikinti işlərinə şamil edilmir).
• Türkiyə vətəndaşlarının Rusiya ərazisində işlə təmin edilməsi qadağandır (amma bu qadağa Rusiyada artıq işlə təmin olunan Türkiyə vətəndaşlarına şamil edilmir).
• Rusiya ilə Türkiyə arasında çarter uçuşları bağlanıb.
• Rusiya hökuməti öz ölkəsinin turist şirkətlərinə Türkiyədə istirahət turlarını Rusiya vətəndaşlarına satmamağı məsləhət görüb.
• Beynəlxalq nəqliyyat şirkətlərinə türk şirkətləri tərəfindən göstərilən xidmətdən istifadə etmək qadağası qoyulub.
• İki ölkə arasında iqtsadi əməkdaşlıq üzrə proqramlar və hər iki ölkədə iclasların keçirilməsi dayandırılıb.
• Türkiyə vətəndaşları üçün Rusiyaya vizasız giriş ləğv olunub.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) təxmin etdiyi kimi, iki ölkə arasında münaqişə həll olunmasa və Türkiyə öz iqtisadiyyatında Rusiyadan asılı olan sahələrin sayını azaltmasa Türkiyədə ümumi daxili məhsul 2016-cı il üçün 0,3 faizdən 0,7 faizə qədər azala bilər.
Türk mediası, o cümlədən “Hurriyet Daily qəzeti və hökumət mənbələrindən alınan materiallar əsasında.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Manşetdəki foto Antalya Ticarət və Kommersiya Palatasının rəsmi saytındandır: Antalya, Konyaltı rayonu
Dərc edilib: 19.04.2016