Motorola və yeni müharibə
Ukrayna və Rusiya mediası fəal olaraq Ukraynadakı qondarma Donetsk xalq respublikasında tanınmış sahə komandirinin ölümü haqqında yazır. Qanunsuz “Sparta silahlı bölməsinin başçısı, daha çox Motorola ləqəbi ilə tanınan Arseni Pavlov özünün Donetskdəki evinin liftində qətlə yetirilib.
Son bir həftə ərzində Donetsk istiqamətində ümumilikdə gərginlik müşahidə olunur. Təkcə son bir neçə sutka ərzində Popasnaya kəndinin xəstəxanası atəşə tutulub, atışma nəticəsində Maryinka qəsəbəsində 8 evə zərər yetirilib. Yerli ekspertlərin dediyinə görə, bu kontekstdə Motorolanın qətli hərbi əməliyyatların yenidən başlanmasına səbəb ola bilər.
Hromadske TV Motorolanın kim olması və onun haqqında niyə bu qədər çox yazıldığı və danışıldığı barədə məlumat verir.
Motorola kimdir?
Əslində onun adı Arseni Pavlovdur. Müharibəyə qədər o adi maşın yuyan olub.
Ondan qəhrəman düzəldən Rusiyanın “Россия-1 və “Рен-ТВ telekanalının jurnalistləri oldu. Onlar Motorola haqqında hazırladıqları süjetdə onun yarıçılpaq vəziyyətdə pulemyotdan atəş açaraq, təkbaşına Ukrayna ordusunun hücumunu dəf etməsini göstərdilər. Hromadske TV-nin yazdığına görə, bir neçə belə süjet pavilyonda çəkilib.
Arseni Pavlov 2014-cü ilə qədər Rusiyanın Rostov-na-Donu şəhərində işləyir, avtomobil yuyur və sərxoş vəziyyətdə maşını idarə etdiyi üçün həbs olunmuşdu.
Maydan başlayanda Pavlov Ukraynanın şərqində yerləşən şəhərlərə “Kiyevin siyasətindən narazı ukraynalı kimi gəlir.
Hromadske TV yazır ki, daimi işi olmayan və mənzillə bağlı problemləri olan gələcəyin Motorolası Slavyanskda hərbi əməliyyatlar başlayan kimi, Ukraynaya yenidən gəlir və ayrıca “batalyonun komandiri olur.
İyunun 3-də o ukraynalı hərbiçilərlə 7 saatlıq döyüşdə iştirak edib.
Rusiyada onu xanımı, övladı, bundan başqa da avtomobil oğurluğuna görə növbəti cəza gözləyir.
Cəbhə yoldaşı
2014-cü ilin iyul ayında birinci xanımı ilə rəsmi şəkildə boşanmayan “Motorola ikinci dəfə evlənir. “Donetsk xalq respublikasının tərəfdarı, Slavyanskdan olan Yelena Kolenkina onun nişanlısı olur, onlar Krımda evlənirlər.
İşgəncə və qətllər
Hromadske TV-nin yazdığına görə, Arseni Pavlov ukraynalı hərbiçilərin qətlində iştirak edib, həm də əsirlərə işgəncə verib. Belə ki, 6 aprel 2015-ci ildə “Motorola “Kyiv Postun müxbirinin xahişiylə Donetsk hava limanında əsir götürülən İqor Branovitskinin qətli ilə bağlı ittihamları şərh etdi. Pavlov şəxsən 15 əsirin qətlini törətdiyini etiraf etdi.
Hromadske TV-nin bildirdiyinə görə, Pavlov könüllü batalyonlar və “Sağ sektor hərəkatından olan əsirlərlə xüsusiylə qəddar davranıb.
Xidmətlər və mükafatlar
Pavlov qondarma DXR-nın başçısı Aleksandr Zaxarçenko ilə çox yaxın münasibətlərdə olub. O cümlədən 6 may 2016-cı ildə Zaxarçenko Donetskin mərkəzində öz silahdaşlarına 30 mənzil bağışlayıb. Donetskdə ev alanlardan biri də Arseni Pavlov oldu.
Onun silahdaşı müharibəyə qədər supermarketdə mühafizəçi işləyən İlovaysk şəhərinin sakini, Qivi ləqəbli Mixail Tolstıx oldu.
Donetskdə 9 may 2016-cı ildə keçirilən paradda Pavlov əsas simalardan biri oldu: o, Zaxarçenko, Qivi və başqa komandirlərlə birlikdə şəhər sakinlərinə tribunadan əl yelləyirdi.
Motorolanın “forması və mükafatları Rusiya imperiyası, SSRİ və Rusiya ordularının fərqlənmə nişanlarından ibarət idi.
Yeni müharibə
Motorolanı Donetskdə 16 oktyabr 2016-cı ildə öldürdülər. Onun ölüm faktını qondarma DXR-da təsdiq etdilər. Orada qətldə “ukraynalı təxribatçıları şübhəli bilirlər.
Uzaq məsafədən işə salınan bombanın gücü trotil ekvivalentində 1,5 kilo təşkil edib. Qondarma DXR nümayəndəsi Denis Puşilinin sözlərinə görə, partlayış zamanı daha bir neçə nəfər zərər çəkib.
Aleksandr Zaxarçenko artıq bildirib ki, Ukrayna tərəfi “sükut rejimini pozub və deyib ki, silahlının ölümünü Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən müharibənin başlanması elanı kimi qəbul edir.
“Belə başa düşürəm ki, Pyotr Poroşenko bizə müharibə elan edib. Gözləyin, – deyə o bildirib.
Özünün bəyanatında Zaxarçenko Ukrayna güc qurumlarının əməkdaşlarına təhdidlə müraciət edib. “… İndi gedin və qorxun… Burada olan bütün casuslarınız qanundan kənardır. Tək burada yox, həm də Jitomirdə, Xarkovda, Kiyevdə, Dnepropetrovskda. Heç kimə rəhm etməyəcəyik, – o bildirib.
Dərc olunub: 18.10.2016