Təqaüdçülər uğrunda mübarizə
Bibilina Xundadzenin bu il 80 yaşı tamam olub. O, Quriyada, Kvemoheti kəndində yaşayır.
Yaxşı yaddaşı ilə qürurlanır – Stalinin vəfatı ilə bağlı ümummilli matəmi, “yenidənqurmanı, təhlükəli 90-ları, Saakaşvili hakimiyyətini yaxşı xatırlayır, elə İvanişvilinin hakimiyyətə gəlişinin detalları barədə bütün dəqiqliyə ilə danışa bilər. Siyasətçilərin seçkidən seçkiyə əsirgəmədikləri vədləri də yaxşı xatırlayır.
İndiki seçki kampaniyasını da Babilina Xundadze maraqla izləyir. Hər axşam, ev işlərini bitirəndən sonra qonşusu, həm də yeri gəlmişkən yaşıdı olan Tinanın evinə gedir. Onlar televizoru qurur, xəbərlərə baxır və siyasəti müzakirə edirlər.
“Deyəsən, Tina, bu il bəxtimiz gətirib, – Babilina deyir. – Görmürsən, pensiyamızı daha çox artırmaq uğrunda necə mübarizə aparırlar bir-biriylə.
“Yəqin fikirləşirlər ki, yaşlı təqaüdçüyük, sabah hər şey yadımızdan çıxacaq, – Tina cavab verir və rəfiqələr qəhqəhə çəkir.
Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək. Partiyalar artıq televiziya efirində öz seçkiqabağı vədləri ilə təşviqat kliplərini yerləşdiriblər.
“Pensiya və “təqaüdçülər sözləri bütün reklam çarxlarında var. Bütün siyasi qüvvələrin ən birinci vədləri pensiyaların artırılması ilə bağlıdır.
Bu gün Gürcüstanda pensiya 180 lari (76 dollar) təşkil edir. Son bir il ərzində Gürcüstanda təqaüdçülərin pensiyaları 20 lari artıb, amma ərzaq və dərman preparatlarının bahalaşmasını nəzərə alsaq, təqaüdçülərin rifahının heç də yaxşılaşmadığı məlum olacaq.
180 larini təqvim günlərinə bölsək belə çıxır ki, təqaüdçünün gündəlik xərcləri 6 laridən çox olmamalıdır. Bu məbləğdən orta hesabla 70-80 lari təşkil edən kommunal ödənişləri və dərman preparatlarının da qiymətini çıxaq.
Ən yüksək pensiya vədini keçmiş müdafiə naziri İrakli Alasaniyanın siyasi komandası verir. “Azad demokratlar qələbə qazandıqları halda pensiyaları 300 lariyə qədər artırmağı planlaşdırırlar. Alasaniya bildirir ki, hakimiyyətə gəldiyi təqdirdə növbəti dörd il ərzində iqtisadiyyat 7-8% artacaq ki, bu da büdcənin 4 milyard lari artması deməkdir, bu məbləğdən 1,5 milyard lari məhz pensiyaların, yaşayış minimumu və minimal maaşların artırılmasına yönəldiləcək.
Gürcü leyboristləri də ənənəvi bol vədlərlə fərqlənir, onların liderləri olan Şalva Natelaşvili seçkilərdə qalib gəldiyi halda qadınlar üçün pensiya yaşını 55, kişilər üçün isə 60 yaşa qədər endirməyə, əmək stajının nəzərə alınması ilə fərqləndirilmə metodunu tətbiq etməyə, on üçüncü pensiyanın verilməsini həyata keçirməyə, yaşı 80-dən yuxarı olan təqaüdçülərin pensiyasını isə hər il 100 lari artırmağa hazırdır.
Özünə partiya yaradan və parlamentə keçməyə ümid edən opera müğənnisi Paata Burçuladze də böyük vədlər verir. Burçuladze bürokratik aparatın təminatına xərclənən pulların azaldılması hesabına pensiyaları 250 lariyə qədər artırmağı planlaşdırır.
İndiki seçki mübarizəsinin əsas subyektləri olan – ən reytinqli müxalif “Vahid milli hərəkat və hakim “Gürcü arzusu partiyaları vədlərində bu qədər uzağa getmirlər.
“Vahid milli hərəkat artıq 2016-ci ildə pensiyaları 50 lari artırmağı vəd edir, buna da bürokratik aparatın təminatına xərclənən pulların 1 milyard lari həcmində azaldılması hesabına nail olmaq istəyir. Bununla yanaşı partiya bildirir ki, hakimiyyətə qayıtdıqları halda, 2017-ci ildən başlayaraq, pensiyaların artımı permanent xarakter daşıyacaq və bilavasitə iqtisadiyyatın inkişafı ilə bağlı olacaq. Dörd il əvvəl “Milli hərəkatın hakimiyyəti dövründə pensiya 125 lari idi.
İndiki hakim partiya özünün seçkiqabağı proqramında pensiyaları konkret olaraq nə qədər artıracağını bildirmir. Hakim partiya seçicilərə 2017-ci ildən fərdi pensiya toplama sistemini təklif edir. Söhbət bütün işə götürənlər və işləyənlərin iştirak etməli olduğu və hər ay Pensiya Fonduna müəyyən məbləğ köçürməli olduğu pensiya toplamaq modelindən gedir. Dünyada bir neçə belə pensiya sistemi mövcuddur, inkişaf etmiş ölkələrdə “Təmin olunmuş qocalığı məhz bu sistemlə bağlayırlar. Düzdür, Gürcüstan 2017-ci ildən həqiqətən də bu modelə keçə bilsə, Babilina və Tina ondan istifadə edə bilməyəcəklər. Çünki bu modeldən ancaq hazırda işlə təmin olunan və 10-15 ildən sonra pensiyaya çıxacaq adamlar faydalana bilər.
“Gürcü arzusunun baş katibi İraklı Koxreidze bildirir ki, partiya “real vədlərdən kənara çıxmayacaq.
Ölkədə dörd illik hakimiyyət təcrübəsi olan “Gürcü arzusu bu ilki seçkilərdə 2012-ci illə müqayisədə xeyli daha ehtiyatlı hərəkət edir.
O zamanlar bu siyasi qüvvənin liderləri əhaliyə kommunal xərcləri iki dəfə azaltmağa, 220 lari həcmində pensiya, faizsiz kreditlər vəd edirdilər. “Gürcü arzusu nümayəndələrinin 2012-ci ildə populist real olmayan vədlər verdiyini əks etdirən video kliplər hələ indi də sosial şəbəkələrdə çox populyardır:
Diqqətin təqaüdçülərə cəmlənməsi kifayət qədər uduşlu seçkiqabağı fənddir. 2014-cü ildə əhalinin siyahıya alınmasının məlumatlarına görə, Gürcüstanda 531073 təqaüdçü var ki, bu da əhalinin 14,3 faizini təşkil edir. Əlbəttə ki, onların hər birinin səsvermə hüququ var.
Bundan əlavə, məhz təqaüdçülər ən az müdafiə olunan, ehtiyacı olan təbəqədir, siyasətçilər də hər seçkidə bundan məharətlə istifadə edir.
Siyasətçilərin seçkiqabağı vədləri nə dərəcədə realdır? Onlar real hesablamalara söykənir, yoxsa bu, seçkiqabağı populizmdən başqa bir şey deyil?
İqtisadçı Zviad Xorquaşvili hesab edir ki, seçicilərə 50 laridən daha artıq pensiya artımını vəd edənlərin bu vəsaiti haradan götürəcəkləri barədə təsəvvürləri belə yoxdur.
“Pensiyaların artırılmasını nə iləsə balanslaşdırmaq lazımdır – hökumət ya büdcə xərclərini azaltmalı, ya da borca girməlidir. Pensiyaların 50 lari artırılması üçün əlavə 450 milyon lari lazımdır, bu məbləği də misal üçün, bürokratik aparatın xərclərini azaltmaq hesabına almaq mümkündür. Bunun üçün büdcədə resurs var. Pensiyaların daha böyük həcmdə artırılması isə nağıldır.
İqtisadçı Akaki Tsomayanın fikrincə, pensiyaların artırılması mümkündür, əsası bunun nəyin hesabına baş tutmasıdır. O, başlıca problemi mövcud pensiya sistemində görür.
“Fikrimcə, hakimiyyət insanların pensiya ilə təminatı öhdəliyindən imtina etməlidir. Pensiya və sosial yardım vəsaitini bir-birindən ayırmaq lazımdır. Bu gün siyasətçilərin artırmağa söz verdikləri əslində pensiya deyil, sosial yardımdır.
“Ölkə mümkün qədər tez yığma pensiya sisteminə keçməlidir. Əks halda uzunmüddətli perspektivdə dövlətə cəmiyyəti normal pensiyalarla təmin etmək çətin olacaq. Hökumətin təklif etdiyi pensiya sistemindəki islahat daha çox kosmetikdir, nəinki əsaslı. O, ödəniş yükünü bir az da artırır. Əslində isə əksinə olmalıdır – vergi ödəmələri azaldılmalı və insanlar özləri qərar verməlidir ki, harada, nə vaxt və nə qədər pul saxlayacaqlar, – Akaki Tsomaya deyir.
Böyük vədlərə baxmayaraq, söhbət etdiyimiz təqaüdçülər qarşıdan gələn seçkilərə o qədər də ümid bəsləmirlər.
“Heç kimin nə vəd etməsindən xəbərim də yoxdur. Ancaq özümə güvənirəm, buna görə də burada durmuşam, – son illər küçədə meyvə-tərəvəz satan və ailəsini bununla dolandıran tbilisili təqaüdçü Qrişa Maisuradze deyir.
“Səhər saat 9-dan malımı piştaxtaya düzüb, hər gün axşam saat 10-a qədər satıram. Budu qocalıq? Növbəti dörd il ərzində də belə olacaq, elə ondan sonra da, təbii ki, ölməyib sağ qalsam, belə olacaq.
13.09.2016